Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Bəyəm burada muzey var?…”

“Bəyəm burada muzey var?…”

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi uçub-dağılmaq üzrədir. Virtualaz.org muzeyin hazırki vəziyyəti ilə maraqlanıb, bəlli olub ki, bina qəzalı vəziyyətə düşdüyündən çoxdandır ziyarətçilərin qəbulu da dayandırılıb.

Mənzərə doğrudan da acınacaqlıdır, binanın taxtadan olan giriş qapısı çürüyüb, pəncərələrin şüşəsi qırılıb, bir neçə yerdən dərin çatlar yaranıb. Yarıuçuq daxmanı xatırladan binanın üzərindən Cəfər Cabbarlının xatirə lövhəsi də götürülüb.

Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, artıq 2 ilə yaxındır muzeyin qapısı bağlıdır, arabir məktəblilər yazıçının ev muzeyinə baş çəkmək üçün  gəlsələr də, geri qayıdırlar.

“Muzeyin ikinci mərtəbəsində Cəfər Cabbarlının qohumları yaşayır. Təxminən 2-3 il əvvəl muzey işçisindən eşitdim ki, binanın tavanı çökmək üzrədir, nəmişlikdən divarlar qaralıb. Deyirdilər təmir olunacaq”, -sakinlərdən biri deyir. Üstəlik etiraf edir ki, yaxınlıqda yaşasa da indiyədək bir dəfə də olsa muzeydə olmayıb.  

Muzeyin digər giriş qapısına yaxınlaşırıq, bir neçə yerdən iri deşiklər açılmış taxta qapı bağlıdır. Həyətdə iki qadın görünür, qapının səsini eşidən kimi içəri girirlər. Muzeyin hasarı ilə üzbəüz parkda dayanan, təxminən 12-13 yaşlı  uşaqlarla söhbətləşirik. Bəlli olur ki, məktəblilər nəinki muzey, heç Cabbarlının yaradıcılığı haqda məlumatlı deyillər: “Bəyəm orada muzey var?”, -oğlanlardan biri sualımıza təəcüblə cavab verir. Digəri isə deyir ki, ədəbiyyat kitabında Cabbarlı barədə nəisə oxuyub, amma indi dəqiq xatırlamır.  Və onun kim olduğunu, nə işlə məşğul olduğunu da bilmir.

Sakinlərdən Fazil Qədirov isə deyir ki, Cabbarlı kimi şəxsiyyətin muzeyinin bu cür vəziyyətdə olması utancvericidir.  “Cəfər Cabbarlının xatirə lövhəsini də açıb götürüblər. Mədəniyyət Nazirliyinin görkəmli şəxsiyyətlərə münasibəti başadüşülən deyil, adam xəcalət çəkir”, -Qədirov qəzəblə danışır.

Yazıçının yaşayıb-yaratdığı muzey 1982-ci il martın 22-də istifadəyə verilib və  Mədəniyyət Nazirliyinin balansındadır. Muzeydə Cabbarlının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmaları, sağlığında özünün və ailə üzvlərinin istifadə etdiyi şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, dramaturqa bağışlanan hədiyyələr, Cabbarlı ədəbi irsini tədqiq edən elmi əsərlər olmaqla 8000-dən çox eksponat saxlanılır.

Muzeyin direktoru Qəmər Bağırova isə virtualaz.org-a bildirib ki, muzey təmir üçün bağlanılıb. Baxmayaraq ki, hələ təmirin nə vaxt olacağı bəlli deyil. “Yəqin ki, yaxın vaxtlarda təmirə başlanılacaq. Muzey əvvəllər də bir neçə dəfə təmir olunub. Amma evin tikintisi zamanı istifadə edilən tikinti materialları görünür keyfiyyətli olmayıb, təmirdən bir müddət sonra yenidən eyni vəziyyət yaranır. Bu dəfə əsaslı yenidənqurma işlərinin aparılması nəzərdə tutulub”, -Bağırova deyib.

Onun sözlərinə görə, muzeydəki eksponatlar yığışdırılıb ki, qorunsun. Xatirə lövhəsini də təmirə görə götürüblər, təmirdən sonra yerinə vurulacaq:“Muzeyin üst qatı şəxsi mülkdür, muzeydə yaşayış yoxdur. İndiyədək fəaliyyətimizi mətbuat işıqlandırıb, təmirdən sonra da tədbirlərimiz olacaq”.  

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova bildirib ki, muzeyin vəziyyətindən xəbərdardılar, nazirlikdə təmir işləri ilə bağlı məsələyə baxılır.

Bu il Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunacaq. Şöbə müdiri əmin edib ki, yazıçının yubileyinə kimi təmir aparılacaq. Yubileyə isə 2 aydan da az vaxt qalıb, gözləyək…

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …