Cümə , Yanvar 18 2019
Ana səhifə / Araşdırma / “Azercell” soyğunçuluq edir – Seymur Verdizadə yazır

“Azercell” soyğunçuluq edir – Seymur Verdizadə yazır

Telefon mənimçün qısa ünsiyyət vasitəsidir.

Xaricdə yaşamağın üstünlüyündən danışan həmsöhbətim ölkəmizdə mobil rabitə xərclərinin baha olmasından şikayətlənmişdi: “Bakıya gələndə cibimdəki pulun yarısından çoxu telefon danışıqlarına sərf olunur”.

Jurnalist marağı güc gəldiyi üçün onu bir qədər sorğu-sual etmişdim. Beləliklə, məlum olmuşdu ki, Ukraynada mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz adi krant suyundan da ucuzdur. Soydaşımız həmin vaxt kiçik riyazi hesablama aparandan sonra belə demişdi: “Sizin pulla ayda 6 manat ödəməklə 30 saat şəbəkədaxili, 25 saat isə şəbəkəxarici danışıq limiti əldə edirik”.

Telefon mənimçün qısa ünsiyyət vasitəsidir. Bu qayda həm mobil, həm də ev telefonları üçün keçərlidir. Buna görə də Azərbaycanda mobil rabitə xərclərinin ucuz və ya baha olması məni heç vaxt narahat etməyib. Mən həmişə canlı ünsiyyətə maraq göstərmişəm.

Bir neçə ay əvvəl “Bakcell” nömrəsi almışdım. Əvvəldən “Azercell” abunəçisi olduğum üçün yeni nömrəmi heç kimə vermədim. Həmin nömrənin indi rəfdə hansı kitabın arasında olduğunu heç cür xatırlaya bilmirəm…

İyul ayının 1-də dostlarımdan biri mənə “Nar” nömrəsi hədiyyə etdi. Dərhal da izahat verdi: “Şəbəkədaxili zənglərin dəqiqəsi 1 qəpikdir. Amma şəbəkəxarici zənglərin hər dəqiqəsi üçün 4 qəpik çıxılacaq. Bayramlarda, əlamətdar günlərdə şirkətin hədiyyəsi də olacaq”.

Telefonum 2 nömrə daşımağa qadir olduğu üçün həmin gündən “Azercell”ə yanaşı, həm də “Nar Mobile” abunəçisi oldum. Özümün 5-10 manat irəli düşməyimi qoyaq bir tərəfə, “Nar” abunəçisi olan dostlarımın canı dincəlib. Onlar ehtiyac olanda məni arayıb, ürəkləri istədikləri qədər danışa bilirlər. Bəzən çaşıb, “Azercell” nömrəsi ilə digər mobil operatorların abunəçisi olan dostlarıma zəng vururam. Ağzımı açmağa macal tapmamış balansımdan 14 qəpik silinir. Bunun adı soyğunçuluqdur! Bilirəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şəbəkəxarici zənglərin qiymətini aşağı salmaq üçün dəfələrlə “Azercell”ə müraciət etsə də, bu günə kimi heç bir nəticə əldə olunmayıb.

On beş ildi ki, “Azercell” abunəçisiyəm. Amma son vaxtlar nəinki digər mobil operatorların abunəçilərinə, hətta “Azercell” abunəçilərinə də “Nar” nömrəmdən zəng vururam. Telefonumuzda “Azercell” nömrəsi ola-ola bu şirkətin abunəçilərinə digər mobil operatordan zəng vururuqsa, bunun adı biabırçılıqdır. Özünə hörmət edən heç bir şirkət bu rəzilliyə dözməməlidir.

“Azercell” nömrəmdən vurduğum zənglərin sayını son vaxtlar xeyli azaltmışam. Belə getsə, tezliklə “Azercell” abunəçisi olmaqdan imtina edəcəyəm. Məncə, “Azercell”i qiymətləri aşağı salmağa yalnız bu yolla məcbur edə bilərik…

Seymur Verdizadə

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ – Bu dərman TAPILMIR (FOTO)

Azərbaycanda artıq bir aydır ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin istifadə etdiyi “GLUCOVANCE” dərmanının bir …