Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Alyaska ABŞ-a niyə satıldı? – ARAŞDIRMA

Alyaska ABŞ-a niyə satıldı? – ARAŞDIRMA

Sağlam düşüncəyə qarşı müqavimət göstərmək üçün həqiqətən böyük insan olmaq lazımdır.
Fyodor M. Dostoyevski

Alyaskanın satılması 1867-ci ildə Rusiya imperiyası və ABŞ hökumətləri arasında imzalanan unikal bir müqavilədir. Əməliyyatın dəyəri 7.2 milyon dollar təşkil edib, əvəzində isə ABŞ-a 1.5 milyon kvadrat kilometr Rusiya ərazisi verilib. Təəccüblüdür ki, bu günə qədər bu müqavilə ətrafında bir çox əfsanələr və söz-söhbətlər davam edir. Bu gün Alyaskanın satılmasından 151 il keçdiyini nəzərə alaraq müqavilənin şərtlərini, həmin dövrdəki mövcud hərbi siyasi vəziyyəti daha dərindən araşdıraq.

Alyaskanın coğrafiyası

Alyaska Şimali Amerikanın şimal-qərbində yerləşir. Çukotka yarımadasından Berinq boğazı ilə ayrılır, şərqdə isə Kanada ilə həmsərhəddir. Materik və adalar olmaqla iki hissədən ibarətdir. Bura Aleut adaları, Müqəddəs Lavrenti adası, Aleksandr arxipelaqı, Kodiak və Pribolof adaları da daxildir. Şimali Amerikanın ən yüksək zirvəsi olan Mak-Kinli məhz burada yerləşir. Onun ətrafında məşhur Denali milli parkı var. Buradakı mənzərəni çətin ki, hardasa başqa yerdə görə biləsiniz. Bir sıra fəaliyyətdə olan vulkanlar Alyaskada yerləşir. Yalnız Sakit okeanı sahilində iqlim mülayimdir, qalan bütün hissələrdə arktiv və subarktik iqlim hökm sürür.


Alyaskanın kəşfi

Alyaskaya ilk dəfə ayağı dəyən avropalılar 1729-1735-ci illərdə A.F.Şestakov və D.İ.Pavlyutskinin başçılıq etdiyi ekspedisiyanın nümayəndələri olublar. Alyaska rəsmən 1732-ci ildə rus səyyahları Fedorov və Qvozdev tərəfindən aşkar edilib. 1741-ci ildə kapitan A. Çirikov bu ərazinin varlığı barədə faktı rəsmən qeydiyyata aldırıb.

Əvvəlcə bu ərazilər Rusiya imperatorunu heç maraqlandırmırdı. Bu ərazilər yerli aborigenlerlə fəal ticarət edən, onlardan qiymətli xəzləri satın alan tacirlər üçün daha maraqlı idi. Bu səbəbdən Berinq Boğazı sahillərində bir çox kiçik ticarət məntəqələri yaranmağa başladı. Rusiya imperiyası üçün yalnız yüksək gəlir mənbəyi olan ərazilər vacib idi. Alyaska bütün dünyaya qiymətli xəz dəriləri satırdı. Lakin Rusiya tacirlərinin mənfəət üçün manyakcasına acgözlük etməsi bu zəngin regionun bir neçə il ərzində dotasiyaya ehtiyacı olan kasad bir regiona çevirdi.

1772-ci ildə Alyaskaya aid olan Aleut adalarında ilk rus məskənləri salınmağa başladı. 1784-cü ilin avqustun 14-də Q.İ.Şelexovun eskpedisiyası Alyaskada ilk rus qəsəbəsinin-Kadyakın əsası qoydu.

1778-ci ildə Ceyms Kuk, 1779-cu ildə isə Fransisko Morell Alyaskaya ekspedisiya təşkil ediblər.

Alyaska ətrafında siyasi vəziyyət 1799-cu ildə, (avropalıların ekspedisiyasından sonra) bu ərazinin rəsmi olaraq Rusiya imperiyasının tərkib hissəsi elan edildikdən sonra dəyişməyə başladı. Bu qərarı Alyaskanı ilk dəfə aşkar edən rusiyalı dəniz səyyahlarının olması ilə əlaqələndirirdilər.


1799-cu ildən başlayaraq Alyaska Rusiya-ABŞ tərəfindən birgə idarə olunurdu. Buranın ilk qubernatoru A.A.Baranov təyin edilib. Onun idarəetmə dövrü zamanı yeni rus qəsəbələri salındı və rusların burada torpaqları bir qədər də genişləndi.

Alyaskanın satılması və satış təşəbbüskarları

1853-cü ildə Şərqi Sibir əyalətinin qubernatoru Muravyov-Amurski ilk olaraq Alyaskanı dövlət əhəmiyyətinə malik olmayan subsidiyalı bir region kimi satmaq üçün rəsmi bir təklif irəli sürüb. Qubernatorun sözlərinə görə, Alyaskanın satılması Rusiyanın Sakit okean sahilindəki mövqeyini gücləndirməyə kömək edə bilərdi. Bu həm İngiltərə ilə mövcud ziddiyyətlər fonunda, həm də ABŞ ilə münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırması istiqamətində vacib amil hesab edilirdi. Alyaska satışının əsas ciddi təşəbbüskarı isə imperatorun qardaşı knyaz Konstantin Nikolaeviç Romanov idi.

1857-ci ildə bu barədə Xarici İşlər naziri A.M.Qorçakova məktub yazan knyaz Romanovun təklifi nazir tərəfindən də bəyənildi.

Sonradan knyaz Alyaskanı satmaq təklifi ilə çar qardaşına da müraciət edərək, bunun üçün aşağıdakı vacib səbəbləri qeyd etdi:

– Alyaskada qızıl tapılması. Paradoksal olsa da bu müsbət kəşf imperatora, İngiltərə ilə müharibəyə səbəb ola biləcək bir bəhanə kimi təqdim edildi. Konstantin Romanovun sözlərinə görə, qızıl, əlbəttə ki, ingilisləri cəlb edəcək, ona görə ya bu torpaq satılmalıdır, ya da müharibəyə hazırlaşmaq lazımdır. İmperiya müharibəyə hazırlaşacaq maddi imkana malik deyildi.

– Bölgənin zəif inkişafı. Qeyd edildi ki, Alyaska kasad bir bölgədir, oranın inkişafı, imperiyanın imkanları xaricində olan böyük investisiyalar tələb edir.


1866-cı ildə Vaşinqtonda imperator Aleksandr II, knyaz Konstantin, maliyyə nazirləri və baron Eduard Steklın iştirakı ilə müşavirə keçirildi. Bütün iştirakçılar ideyanı dəstəklədilər və hətta ilkin qiymət də təyin edildi: qızılla 5 milyon dollar.

Satışa dair danışıqlar aparmaq baron Eduard Andreeviç Stekla həvalə edildi. O, imperator Aleksaandrdan Alyaskanı 5 milyon dollara satmaq barədə yazılı göstəriş alaraq danışıqlara göndərildi.

Rusiya səfiri başqa bir qərar vermək qərarına gəldi və Alyaska üçün 7.2 milyon dollar təklif etdi. ABŞ prezidenti Endryu Conson, ilk təklifi kritik bir şəkildə qəbul etdi, çünki həmin ərazilər heç bir infrastruktura malik deyildi, lakin qızılı bol idi.

Səfirin rəsmi səlahiyyətləri 1867-ci ilin martın 18-də tanındı və növbəti 12 gün ərzində davam edən danışıqlara başlandı. Müzakirələr mükəmməl məxfilik rejimində keçirildi və bütün digər dünya ölkələri üçün Alyaskanın satılması faktı böyük bir sürpriz oldu.

1867-ci ildə Vaşinqtonda rəsmi müqavilə imzalandı. Müqavilə inglis və fransız dillərində tərtib edildi. Alyaskaya görə ABŞ tərəfindən Rusiyaya qızılla 7.2 milyon dollar (bugünkü kursla təqribən 108 milyon dollara) satıldı. Bu razılaşmanın şərtlərinə əsasən, Rusiya Alyaskanı, eləcə də Aleut adalarını tərəfdaşlarına verməyi vəd edirdi. Müqavilə hər iki ölkənin hökumətləri tərəfindən təsdiq edildi və ərazinin verilməsi üçün hazırlıqlara başlandı.

Müqaviləyə əsasən, ABŞ Alyaskanın bütün ərazilərinə sahib çıxdı. Alyaskanın ərazisinin 1 519 000 kvadrat kilometr olduğunu nəzərə alsaq, ABŞ təqribən hər milyon kvadrat metrə görə Rusiyaya 4 dollar 73 sent ödədi. Alyaskanın ABŞ-a təhvil verilməsindən dərhal sonra Cefferson Devisin başçılığı altında ABŞ hərbi qüvvələri bura daxil olaraq ruslara öz qəsəbələrini tərk etməli olduqlarını bildirdilər. Qeyd edək ki, Alyaska hal-hazırda ərazisinə görə ABŞ-ın ən böyük ştatıdır.

Alyaskanın ABŞ-a verilməsi

Alyaskanın ABŞ-a verilməsi 1867-ci ilin oktyabrın 18-də saat 15: 30-da baş tutdu. Həmin andan etibarən Alyaska rəsmi olaraq ABŞ ərazisinə çevrildi. Rəsmi mərasim, sakit bir tərzdə keçirildi. Əslində mərasim Rusiya bayrağının aşağı endirilməsi və ABŞ bayrağının qaldırılmasından ibarət oldu.


Müasir tarixçilərinin və siyasətçilərinin fikrincə, Rusiya imperiyasının Alyaskanı satması yanlış addım idi. XIX əsrdə vəziyyət təbii ki, fərqli idi. ABŞ öz ərazilərini aktiv şəkildə genişləndirir, qonşu torpaqları öz ərazilərinə əlavə edirdi. Bu fəaliyyətlər 1823-cü ilin dekabrın 2-də ABŞ prezidenti Ceyms Monro tərəfindən Konqresə ünvanlanan “ABŞ xarici siyasətinin prisiplərinin deklarasiyası” (başqa cür onu “Monro Doktrinası” da adlandırırlar) adlı sənədə (Yəni prezidentlər dəyişir, strateji xətlər isə dəyişmir. Bu isə ölkə inkişafının vacib məqamlarının ən əsasıdır) təmamilə uyğun gəlirdi.

İlk belə bir müqavilə Fransa imperatoru Napaleon Bonapart ilə 1803-cü ildə imzalanıb. Şimali Amerikadakı 2100000 kvadrat kilomertlik inkişaf etmiş infrastruktura malik ərazi ABŞ tərəfindən 15 milyon dollara alındı. Bunun nəticəsində ABŞ-ın ərazisi iki dəfə yarım genişləndi. Əslində bu əraziləri Fransa da işğal etmişdi. Buraların əsl sahibləri əsrlər boyu hindular olub. Nə o zaman, nə də indi hinduların bu alqı-satqılara münasibətini soruşan olmayıb.

Hazırda bu ərazilərdə Missuri, Arkanzas, Ayova, Kanzas, Oklahoma, Nebraska ştatları, Minnesota statının cənub, Texas ştatının şimal, Kolorado ştatının şərq, Nyu-Meksika ştatının şimal-şərq, Luiziananın Misisipi sahilləri Şimali Dakotanın və Montananın böyük bir hissəsi və müasir ABŞ-ın bir sıra əhəmiyyətli şəhərləri yerləşir.

Meksikanın keçmiş ərazilərinə gəldikdə isə (Amerika Birləşmiş Ştatlarının bütün cənub əyalətlərinin ərazisi) onlar heç əvəzi ödənilmədən ələ keçirilirdi.

Hazırda hər il 18 oktyabrda “Alyaska Günü” keçirilir, tədbirin əsas fiqurantlarından biri də şahzadə xanımla böyük cibli geyimdə olan rus qubernatorudur. Mənim şəxsi fantaziyama görə, bu epizodla onlar xeyirxah qonşularından “hanı 7.2 milyon dollar” deyə soruşmaq istəyirlər. Nə qədər qəribə olsa da, həmin pulların Rusiyaya yetişmədiyi də faktdır.

Əslində səfir Stekl pulların qəbul edilməsi ilə bağlı çeki imzalayıb, pullardan 21000 dolları özünə saxlayıb, 144000 dolları isə senatorlara səsvermək üçün rüşvət kimi paylayıb (onun həyat yoldaşı ABŞ vətəndaşı idi və onun geniş əlaqələri mövcud idi), qalan hissəsini isə Rusiyanın rəqibi olan Britaniya banklarının birinə köçürmə yolu ilə göndərib. London birjasında bu pullara qızıl külçələr alınıb. Bu alqı-satqı əməliyyatinda isə 1.5 milyon dollar itirilib.


Bir çox tarixçilər isə yerdə qalan bu qızılların da Rusiyanın almadığını, yəni qızılın onu gətirən “Orkney” gəmisi ilə bərabər batdığını iddia edirlər. Gəmini sığortalayan İngiltərə şirkəti isə müflis olduğunu elan edərək dəyən ziyanın əvəzinin ödənilməsindən imtina edib. Sankt- Peterburq sahillərinə yaxın olan gəminin batdığı ərazilərdə qızılların axtarışı isə nəticə vermədi. Deməli qızıllar heç Dumanlı Albiondan gəmiyə belə yüklənməyib. Sonda isə hər zaman ali rəhbərliyə etibar edən sadə rusiyalıların 1.5 milyon kvadrat kilometr ərazisi satıldı, əldə olunan vəsait isə 1-2 nəfər tərəfindən son qəpiyinə qədər talan edildi.

Son bir neçə il ərzində Rusiyada ictimai müzakirələrin mövzusu olan Alyaskanın satılması məsələsinə orjinal bir münasibət bu ilin may aynda Rusiya XİN tarixi- sənəd departamentinin direktor müavini, tarix elmləri doktoru Artyom Rudnitski tərəfindən bildirilib: “Rusiya ilə ABŞ arasındakı razılaşma hər iki tərəf üçün ədalətli, xeyirxah addım idi və zamanın beynəlxalq normalarına uyğun gəlirdi”. Söz tapmaqda çətinlik çəkirsən. Torpağın satılmasını, əldə olunacaq vəsaitin talanmasının Rusiya üçün ədalətli olmasını Rudnitskinin nədə gördüyünü anlamaq mümkün deyil. Bunu heç ABŞ-ın özü də heç vaxt ədalətli və xeyirxah addım adlandırmağa cəhd etməyib. Bəlkə də abır-həya edib, bəlkə də utanıblar, bəlkə də rus xalqının yarasını qanatmaq istəməyiblər. Belə bir vaxtda Rudnitski öz fikir və istəklərini ən pis şəkildə etiraf edir. Əgər belədirsə, cənab Rudnitski, o zaman ABŞ-a yenə Rusiya ərazilərini təklif edin. ABŞ-ın vəsaiti on Alyaskanı almağa yetər. Zatən Rusiyasının bugünkü maliyyə durumu imperator Rusiyasından çox da fərqlənmir. Görən insan vətən torpağının satılmasına haqq qazandıran məmur vicdanı qarşısında heç olmasa üzü-üzünə hesabat verirmi? Ölkənin xarici siyasətində belə məmurların rəhbərlikdə təmsil edilməsi adətən dövlətlərin süqutuna (Qorbaçovu hələ xatırlayırıq) gətirib çıxarıb. ABŞ on illərlə vəsait xərcləməli idi ki, belə bir “istedadlı” məmur yetişdirib o vəzifəyə doğru itələsin. Əslində nə bilmək olar, bəlkə də xərclənib. Yaxın gələcəkdə tarix elmləri doktoru Artyom Rudnitskinin vəzifəsindən azad olunan kimi ABŞ-a miqrasiya etdiyini və lyuks həyat sürdüyünü eşitsəniz, təəccüblənməyin. Vətən torpaqlarının satılmasına, özü də əzəli rəqibə satılmasına haqq qazandıranların eyni rəqib tərəfindən lyuks yaşam tərzinə layiq görülməsi artıq sıradan hadisədir.

Torpağı satmaq olmaz, bu ən azından gələcək nəsillər qarşısında günahdır.

Məqaləni F.M. Dostoyevskinin aforizmi ilə başladım və onunla da bitirmək istəyirəm: “Sağlam düşüncəyə qarşı müqavimət göstərmək üçün həqiqətən çox böyük insan olmaq lazımdır”.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …