Bazar , Sentyabr 23 2018
Ana səhifə / Araşdırma / “Akademiklər hələ də “eşşək” sözündə neçə “ş” olduğunu axtarırlar” – Təhsildəki boşluqlar

“Akademiklər hələ də “eşşək” sözündə neçə “ş” olduğunu axtarırlar” – Təhsildəki boşluqlar

Hər bir ölkənin təhsil sistemi ona tabe olan  təlim-tərbiyə müəssisələri, elmi-texniki tərəqqi və sosial tələbatdan asılı olaraq dəyişir. Bura məktəbəqədər müəssisələrindən başlayaraq, təhsil akademiyalarına qədər müxtəlif təhsil ocaqları daxildir.

Bəs, Azərbaycan təhsil sistemindəki əsas boşluqlar bu müəssisələrdən hansılarda daha çox müşahidə edilir?

Moderator.az xəbər verir ki, ekspertlər AzEDU.az-a açıqlamalarında təhsildəki əsas boşluqlardan danışıblar:

Fuad Hacıyev: “Bizdə təhsil təməldən çökdürülür deyə, təhsil səviyyəsindən nəsə demək bir az ayıb olur. Sadə bir nüansı diqqətinizə çatdırım: Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tələbələri imtahandan keçirib, orta məktəbdən məzun edir. Ardınca bir daha imtahan təşkil edib universitetə qəbul edir. Halbuki, bunu sistemli şəkildə etmək olar. Xarici Dillər Universiteti öz məzunları olan ingilis dili müəllimlərini işə götürmək üçün yenidən dil sertifikatı tələb edir. Finlandiyanın orta təhsil və ondan sonrakı təhsili üzrə ən uğurlu ölkə olmasına baxmayaraq, bizim nazirlik onlarla təcrübə mübadiləsi aparmır. Bunun üçün isə tək lazım olan istəkdir.

30124488_2052879051654725_1479915158900834304_n.jpg

Ən böyük boşluqlar, zənnimcə, ixtisas fənləri ilə bağlıdı. Məsələn, alternativ enerji barədə hər hansı bir mütəxəssis  yetişdirə bilmirik. Xaricdə təhsillə bunu az – çox edə bilirdik, lakin xaricdə təhsil dövlət proqramını dondurduq. Milli Elmlər Akademiyası hələ də klaviaturada “ə” hərfi kəşf edir və bunu sevinərək paylaşır. Eşşək sözündə neçə “ş” olduğunu müzakirə edirlər. Problemin həlli üçün yalnız və yalnız  yenilikçi insanları prosesə cəlb etmək lazımdır. Xaricdəki təhsil nazirliklərinə, təhsil qurumlarına təcrübə keçmək  üçün çoxlu mütəxəssis göndərmək lazımdır”.

Kamran Əsədov: “Təhsil pillələri arasında sistemsizlik var, biri digərini tamamlamır. Bağçaların tədris proqramı yoxdur və ibtidai siniflə əlaqəli deyil. Təhsil verənlərin bilik və bacarıqları aşağı səviyyədədir. Sonrakı mərhələdə orta məktəblər gəlir. Orta məktəb dərslikləri şagirdlərin şəxsiyyət kimi formalaşmasında heç bir rola malik deyil. Dərslik məsələsi ciddi problem olaraq qalır və orta məktəbi idarə edənlərdə ciddi problemlər görülməkdədir.

kamran1.jpg

Ümumiyyətlə, təhsilə nəzarət çox aşağı səviyyədədir. Müəllimlərin əməkhaqqısı azdır və bu, onları qane etmir. Qiymətləndirilmə sistemi düzgün tətbiq edilmir. Şagirdin ancaq biliyi qiymətləndirilir, bacarıqlarının qiymətləndirilməsi isə aparılmır.

Ali məktəblər əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı həyata keçirmir. Onların təlim və tədris resursları dünya və dövrün tələblərinə uyğun deyil. AMEA isə, ümumiyyətlə, elmə xidmət etmir. Gənclərin elmə gəlməsinə ciddi şəkildə problemlər yaradılır”.

Nadir İsrafilov: “Təhsilimizin mövcud durumu, başqa sözlə desək, təhsil sahəsindəki boşluqlar Ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kifayət qədər konkret və anlaşıqlı şəkildə şərh olunub: “Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir”.

412144535.jpg

Yəni, “Dövlət Strategiyası”na əsasən, mövcud vəziyyətin təhlili göstərib ki, peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Təhsildə yaranan bu və sadalamadığımız bir çox digər boşluqların yaranma səbəbi hər şeydən əvvəl odur ki, təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil, hələ 1999-cu ildə qəbul edilən “Təhsil sahəsində İslahat Proqramı”nda təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsində uzun illərdən bəri toplanan potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın. Toplanan potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə “Proqram”dan müəyyən kənar çıxmalara yol verdik, beynəlxalq təhsil sisteminə inteqrasiyada ifrat tələskənliyə yol verərək, əgər belə demək mümkündürsə mövcud potensialımızı bir növ deqradasiyaya uğratdıq. Nə sovet təhsil “şinelindən” tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş bu məkana inteqrasiya etdik.

Yəni, təhsilimiz, əgər belə demək olarsa, bir növ Şərqlə Qərb arasında qaldı. Bütün bunlar təhsilin dinamik və harmonik inkişafına təsirsiz ötüşmədi. Hazırda vəziyyəti optimallaşdırmaq, rasional axarına salmaq üçün çıxış yolunu qaydaları və mövcud təlimatları dəyişdirməkdə görürük. Halbuki, qaydaların tez-tez dəyişdirilməsi, təhsilin bir sistem kimi oturuşmasında ciddi və qaçılmaz maneəyə çevrilməklə yanaşı, daha bir çox digər yeni boşluqların yaranmasını labüd edir. Hesab edirəm ki, hər hansı bir dəyişiklik və ya yenilik edəndə belə, adəti üzrə olduğu kimi formaya yox, məzmuna xüsusi diqqət yetiriməlidir…”

Həmçinin oxuyun

CAHANGİR ƏSGƏROV AİLƏ HOLDİNQİNİN RƏHBƏRİNİ DƏYİŞDİ – AZAL prezidentindən 400 milyon tələb olunur

  “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda “AzPolitika.info”ya özəl …