Ana səhifə / Araşdırma / 26 illik həsrətin sonu – Günnüt

26 illik həsrətin sonu – Günnüt

Vətən – anadan olduğumuz, əcdadlarımızın, dədə-babalarımızın uyuduğu, doğmalarımızın yaşadığı, soykökümüz, keçmişimiz ilə bağlı olduğumuz məkandır. Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi-dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Vətənə bağlı olmaq – onu sevmək, göz bəbəyi kimi qorumaq və lazım gəldiyi an onun azadlığı uğrunda canından keçmək hər bir vətəndaşın borcudur. Nə Vətənsiz millət, nə də millətsiz Vətən olmaz. Vətən itirilərsə, həmin millətin bütün milli-mənəvi dəyərləri də onunla birlikdə məhv olar. “Gözsüz yaşamaq olar, Vətənsiz yox”, “Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənə gəldim, imana gəldim”, “Vətən elin evi, dayağıdır”, “Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir”, “Vətən viranə də olsa, cənnətdir” – demişdir atalarımız. Vətən ata-babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuş və bizə əmanət qoyub getmişlər.
Hələ lap qədim dövrlərdən yağı düşmənin gözü bizim Vətənimizdə olmuşdur. Doğma Vətənimizin yerləşdiyi ərazi, münbit torpaqları, faydalı qazıntıları, mineral bulaqları düşmənin diqqətini cəlb etmişdir. Zaman-zaman Vətənimizə düşmən hücumları olmuş, torpaqlarımızın bir hissəsi işğal olunmuşdur. Həmin işğal edilən ərazilərdən biri də Naxçıvan MR Şərur rayonunda yerləşən Günnüt kəndi idi. Günnüt kəndinin tarixi adı Günnüt Cəfərli olmuşdur. Tarixi mənbələrə görə, yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü “çəmən, düzən”, günnük sözünün təhrif forması kimi “gün vuran yer”, “güzdək, son bahar yaşıllığı, payız otlağı” mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Günnüt kəndi Naxçıvan-Sədərək magistral yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən iyimi iki kilometr uzaqlıqda, Şərur düzənliyində yerləşir. Günnüt kəndinin ərazisi on bir min hektardan artıq torpaq sahəsindən ibarətdir. Kəndin torpağı əkin üçün, xüsusilə də dəmyə əkini üçün əvəzedilməzdir, ərazi yabanı bitki və heyvanat aləmi ilə də zəngindir. Dağlarında musson, bəbir, dağkeçisi, bir neçə növ kəklik və digər bir çox növdə qiymətli heyvanlar yaşayır.
90-cı illərdə Sədərək və Şərur rayonunun Günnüt, Havuş, Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Günnüt kəndi 1992-ci ildə qızğın döyüşlər gedən zaman Ermənistan silahlı qüvvələri tərəfindən güclü atəşə məruz qalaraq kənddəki yaşayış binaları, məktəb, kitabxana, tibb məntəqəsi, o cümlədən bir çox sosial obyektlər və qəbiristanlıq dağıdıldı. Buna görə də kənd əhalisi Şərur rayonunun digər kəndlərində və xüsusilə də Mahmudkənd kəndində məskunlaşmağa məcbur oldu.
2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində Günnüt kəndinin ətrafındakı erməni mövqelərinin məhv edildiyi və kəndə nəzarətin tam olaraq Azərbaycan Ordusunun əlinə keçməsi xəbərləri yayıldı. Az sonra rəsmi açıqlama ilə bu xəbər öz təsdiqini tapdı. Məlum oldu ki, Günnüt əməliyyatı may ayının 20-dən 27-sinə kimi keçirilmişdir və döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasındakı işğal altında olan bəzi əraziləri işğaldan azad etmişdir. Azərbaycan xalqı bu xəbəri böyük sevinc hissilə qarşıladı, hər kəs ordumuzun bu qələbəsindən qürurlandı.
Günnüt döyüşləri özünün həcminə görə 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Azərbaycan tərəfindən Naxçıvan Muxtar Respublikasının işğalına qarşı hücum planın qarşısının alınması məqsədilə Şərur rayonu istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və ermənilərə çirkin niyyətlərini həyata keçirməyə imkan verilməmişdi. “Günnüt əməliyyatı” zamanı Şərur rayonunun Günnüt kəndi, ətrafındakı yüksəkliklər, ardınca da Xunut dağı və Ağbulaq yüksəkliyi, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verən Qızılqaya dağı və Mehridağ azad edildi, Azərbaycan Silahlı Qüvvələri mövqelərinin xeyli irəli çəkərək Dərələyəz mahalının Arpa kəndini tam nəzarət altına keçirdi. Şanlı ordumuzun Naxçıvanda düşmən işğalından azad etdiyi ərazi çox böyük əhəmiyyətə malikdir. Bu ərazilər bir zamanlar həm kənd təsərrüfatının, həm əkinçiliyin, həm də turizm sahəsinin inkişaf etdiyi yerlər olmuşdur. Ordumuzun Günnüt əməliyyatının önəmi haqda qısaca bir açıqlama:
 1. Şərur, Sədərək rayonlarını və Kəngərli rayonunun bir hissəsini su ilə təmin edən Arpaçay Su Dəryaçasına artıq tam olaraq ordumuz nəzarət edir. Həmin dəryaça ermənilər üçün həmişə maraqlı olmuş və dəfələrlə həmin dəryaçanı partlatmaq istəmişlər. Dəryaça şirin su ehtiyatına malikdir və Şərur, Sədərək və Babək rayonunun bir hissəsi həmin dəryaçadan əkin suvarmaq üçün istifadə edir. Dəryaçanın partladılması Şərur və Sədərək rayonlarının suyun altında qalması demək idi.
2. Naxçıvanı 14 % elektrik enerjisi ilə təmin edən Arpaçay Su Elektrik stansiyası artıq təhlükədə deyil, həmin elektrik stansiyasına edilən hər hansı hücum Naxçıvanın böyük bir hissəsini işıqsız qoya bilərdi.
3. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) tam olaraq ordumuzun nəzarətindədir və ermənilər bundan təşviş keçirdirlər.
4. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir və gələcəkdə bu yolla ərazilərimizə müdaxilə etmək istəyən hər hansı texnikanın qarşısı alınacaq.
5. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.
6. 26 ildir ki, işğalda olan Günnüt kəndi işğaldan azad edilmiş və kənd sakinləri 26 ildən sonra doğmalarının, əcdadlarının məzarlarını, həm də yurd yerlərini ziyarət etmişlər. Günnütlülər üçün yaxınlarının, doğmalarının məzarını ziyarət edə bilməmək və doğma yurdlarına həsrət qalmaq çox ağır idi. Ordumuzun gücü sayəsində bir kəndin, bir elin, bir obanın, bir yurdun sakinləri 26 il həsrət qaldığı dədə-baba ocağına qovuşdu. Doğma yurdun torpağının bir qarışı belə dəyərlidir, uğrunda ölməyə dəyər.
7. Azərbaycan Ordusunun həm 2016-cı il apreldəki uğurlu əməliyyatı, həm də 2018-ci il may ayında Günnüt əməliyyatı ermənilərdə ruh düşkünlüyü yaratmış və onlar Ermənistan hakimiyyətini bacarıqsızlıqda ittiham etməyə başlamışlar. Ermənilər gec-tez işğal etdikləri ərazilərdən qovulacaqlarını artıq başa düşürlər.
Hazırda Günnüt kəndinin sakinləri sevinc içindədir. Onlar kəndə köçəcəyi günü səbirsizliklə gözləyirlər. Azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra kənd bərpa olunacaq və 26 illik həsrət sona çatacaq. Günnütlülər bundan sonra öz doğma yurdlarında ocaqlarını yandıracaq. İnanırıq ki, tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək və ölkəmizin ərazi bütövlüyü təmin olunacaqdır.
Yaşasın Azərbaycan Ordusu!
Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!
AMEA Folklor İnstitutu
“Folklor və yazılı ədəbiyyat”
şöbəsinin aparıcı elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru
Əpoş Vəliyev

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …