Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Masallının məşhur milyonçuları – Onları siz də tanıyın!

Masallının məşhur milyonçuları – Onları siz də tanıyın!

Hər həftənin çərşənbə günü oxucuların görüşünə gələcək rubrikada hər dəfə bir rayon olmaqla əyalətlərimizdən çıxan milyonçulardan və onların keçdiyi həyat yolundan bəhs olunacaq.
Haqqında bəhs edəcəyimiz ilk rayon Masallı olacaq. Oxucular bu rayonda yetişən, boya-başa çatan milyonçuların keçdiyi həyat yolundan xəbər tutacaqlar.
Qısaca olaraq deyək ki, Masallı rayonu ölkəmizin cənubunda yerləşir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 721 kv.km, əhalisi 220 minə yaxındır. Rayonun 108 yaşayış məntəqəsi var.
“Palmali” Şirkətlər Qrupunun prezidenti, adı “Forbes”in milyarderlər siyahısında keçən Mübariz Mənsimov Masallı rayonunun Miyankü kəndindəndir.

50 yaşlı biznesmen atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olur. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1 il 6 ay sonra gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
“Gülağa Qəmbərov Fondu”nun prezidenti Gülağa Qəmbərov Masallı rayonunun Ərkivan kəndindəndir.

Əmək fəaliyyətinə Moskvanın tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Öz adına fond yaradan sahibkar çoxsaylı xeyriyyə aksiyalarına sponsorluq edib.
Hazırda Avropada sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenin tikinti şirkəti, qızıl mədənləri var. Dünyanın ilk üçlüyündə olan azərbaycanlı şahmatçı – Şəhriyar Məmmədyarovu “0-dan” maliyyələşdirib. Eyni zamanda Zeynəb və Türkan Məmmədyarova bacılarına sponsorluq edən G.Qəmbərov həm də şairdir və ədəbiyyatda “Təhna” imzası ilə məşhurdur.
“Viləş” Şirkətlər Qrupunun prezidenti Məşkur Qasımov da Masallı rayonunun Ərkivan kəndindəndir.

Sankt-Peterburq şəhərinin nüfuzlu simalarından biri Məşkur Qasımov eyni zamanda bu böyük şəhərdə fəal diaspor nümayəndələrindəndir. Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini olan M.Qasımov həm də idmançı, SSRİ idman ustasıdır. Yunan-roma güləşi üzrə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə yığma komandanın prezidentdir.
Rəhbəri olduğu şirkət əsasən şərab məhsullarının istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi məhsullar nəinki Rusiya və postsovet məkanında, Avropada belə satışa çıxarılır. Məhsullar arasında Azərbaycan brendini daşıyan şərablar da mövcuddur. Eyni zamanda şirkət ağac emalı və digər sahələrdə fəaliyyət göstərir.
“Embawood” şirkətinin prezidenti Məşhur Məmmədov Masallı rayonunun Yeddioymaq kəndindəndir.

Uzun müddətdir fəaliyyət göstərən, nəinki Azərbaycanda, MDB ölkələrində də yaxşı satış göstəricilərinə malik “Embawood” şirkəti Azərbaycanda mebelə olan tələbatın yarıdan çoxunu ödəyir. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir.
Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda şirkətə Məşhur Məmmədov rəhbərlik edir. “Embawood”un minlərlə işçisi var. Təkcə ölkəmizdə yüzlərlə işçi bu şirkətdə çalışır. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var.
“Performans Center” şirkətinin prezidenti Qalib Məmmədov Masallı rayonunun Ərkivan kəndindəndir.

Şirkət Azərbaycanda “General Motors” avtomobillərinin satışını həyata keçirir. Son dövrlər ölkəmizdə sürətlə populyarlaşan “Chevrolet” avtomobilləri münasib qiyməti ilə alıcılar üçün əlçatanadır. Yüzlərlə işçinin çalışdığı şirkətin regionlarda da nümayəndəlikləri fəaliyyət göstərir.
Paytaxtda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkəti də Qalib Məmmədova məxsusdur.
“Vefa İlaç” və “Pasha-k” şirkətlərinin prezidenti Xaləddin Quliyev Masallı rayonunun Gəyəçöl kəndindəndir.

“Vefa İlaç” şirkəti Türkiyənin İstanbul şəhərində yerləşir. 2012-ci ildə əsası qoyulan şirkət əczaçılıq məhsullarının istehsalı ilə məşğuldur. Dünyanın onlarla məşhur markaları ilə əməkdaşlıq edən şirkət onlarla adda dərman istehsal edir.
“Pasha-k” şirkəti isə Azərbaycanda fəaliyyət göstərir. Şirkətin tərkibinə ölkəyə idxal olunan əczaçılıq və kosmetik məhsulların satışı, apteklər şəbəkəsi və digər qurumlar daxildir. Azərbaycanın aparıcı əczaçılıq şirkətlərindən olan “Pasha-k” tərkibində “Europharm” şirkəti də daxildir.
 
Azər Niftiyev, AZXEBER.COM

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …