Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Araşdırma / 18 il işləyib kasıb ölən nazirlər və 18 günə milyonçu olanlar

18 il işləyib kasıb ölən nazirlər və 18 günə milyonçu olanlar

Son aylarda musavat.com saytında SSRİ dönəminin məşhur ictimai-siyasi xadimlərinin, sənət adamlarının həyatı haqqında ibrətamiz və çoxlarının bilmədiyi detallardan ibarət tarixi oçerklər dərc olunur.

İndiyədək dərc olunan həmin oçerklərdə iki leytmotiv özünü bariz şəkildə göstərir: 1. Sovet liderlərinin bir çoxunun nə qədər qaniçən, tamahkar, mərdimazar, amansız olması; 2. Sovet dövründə, xüsusilə də Stalindən sonrakı dönəmdə yetişən partiya liderlərinin bir çoxunun gözütox, prinsipial, əqidəli olması.

Təsəvvür edin, 18 il Moskva kimi, dünyanın ən böyük 3-4 meqapolisindən biri olan şəhərin rəhbəri vəzifəsində çalışmış adam  – Viktor Qrişin pensiyasının 5-10 rubl artırılmasını təmin etmək üçün sosial təminat şöbəsində növbə gözləyərkən ölüb.

Başqa ölkələrdə və başqa zamanlarda belə bir vəzifəni cəmi 18 gün tutan adam milyonçu olar, bir neçə ildən sonra isə – milyarder.

Yaxud SSRİ-nin baş naziri, parlamentin sədri olmuş adamlar ömürlərinin sonuna qədər üçotaqlı mənzildə yaşayıblar, sadə həyat tərzi keçiriblər. Parlament sədri Podqornının yanında katib vəzifəsini tutan Georqadzenin isə milyonluq sərvəti üzə çıxıb. Sədr kasıb, katib – milyonçu….

Bu, onu göstərir ki, sovet dönəmində yırtıcı liderlərlə yanaşı qanunpərəst, gözütox, aylıq məvacibi ilə dolanan, korrupsiyaya bulaşmayan yüksək mənsəbli kadrlar da olub.

Təəssüf ki, o dönəmdə əlini xalq malına uzatmayan liderlərin siyasi varisləri indi başqa düşüncədədir. İndiki məmurların demək olar ki, hamısı varlıdır və heç biri idealist deyil. Tam əksəriyyətinin biznes şəbəkəsi var.

Həm də bu təkcə SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikanın hamısında belədir. Bəlkə bir qədər Baltikyanı respublikaları bu xüsusda istisna etmək olar. Şərqi Avropanın keçmiş sosialist respublikalarının (Polşa, Çexiya, Macarıstan, Bolqarıstan, Slovakiya, Rumıniya və b.) rəhbər kadrları da bizneslə siyasət sahəsini “uğurla” çulğaşdıraraq böyük varidata sahib olublar.

Yüksək mənsəbli şəxslərin korrupsiyaya nə dərəcədə uğramalarına misal olaraq təkcə son 3 ildə ölkəmizdə keçirilən qalmaqallı məhkəmə proseslərini xatırlatmaq kifayətdir.

Mediada “MTN işi”, “Rabitə işi”, “Beynəlxalq Bank işi” şərti adı altında xəbərləri verilən məhkəmə işlərində yüksək vəzifəli şəxslərin dövlətin (xalqın) milyardlarını necə taladıqları, özlərinə necə dəbdəbəli həyat şəraiti yaratdıqları təfərrüatıyla üzə çıxdı.

Məlum oldu ki, onlar min il gen-bol xərcləsələr də tükənməyəcək miqyasda varidata sahibdirlər. Belələri, əlbəttə ki, Kosıgin, Qrişin və ya Podqornı kimi təqaüd dərdi çəkməyəcəklər.

Ayrı-ayrı nazirlərin, bank rəhbərinin malik olduğu sərvətin miqyası bu gün belə tam şəkildə ortada deyil. Vaxtaşırı yeni-yeni detallar açıqlanır.

Sanki bu ölkə və onun sərvətləri o şəxslərə atalarından miras qalıbmış. Kimin dövlət büdcəsindən qoparmağa, çırpışdırmağa imkanı çatırmışsa, tərəddüd etmirmiş.

Bu, hələ hədlərini aşanlar, buna görə də ifşa olunanlardır. Papaq altda nə qədər korrupsioner var… Onların bir çoxu işlərini ehtiyatlı tutduqlarından, necə deyərlər, “gözütox korrupsioner” olduqlarından ifşa olunmayacaqlar. Bəlkə də təqaüdə çıxandan sonra el-aləmə “necə təmiz işlədiklərini” göstərmək üçün gedib bankomatdan kartla pensiya çəkəcəklər.

Azərbaycan gerçəkdən də zəngin, sərvətləri bol ölkədir ki, bu qədər talançılığın, vur-həşirlə aparılan yağmalamanın qabağında dözüb-dayana bilir. Bir az kasıb ölkə olsa və bu qədər şiddətli talamaya məruz qalsa, çökərdi.

Hazırda durum budur: biz ifşa olunmuş oliqarx-məmurların, mafioz nazirlərin dünyanın dörd bir yanında xərclədikləri pul-paraya dair yazıları, rəsmi ittihamnamə və ifadələri oxuyuruq və mat qalırıq.

Bu məlumatların fonunda, əlbəttə ki, sovet dövrünün təmiz liderlərinin, eləcə də o dönəmdəki nisbi dürüstlüyün xiffəti çəkiləcək.

Sovet dövləti nə qədər amansız, qəddar, antibəşəri bir rejimə malik olsa da, xalqın var-dövlətini talayanları, xalqı dövlətdən narazı salan korrupsionerləri “ağırlaşdırıcı halda” sözü keçən maddələrlə mühakimə edir və ağır cəza kəsirdi.

VIPedu.BIZ

Həmçinin oxuyun

Arvadını 5-ci mərtəbədən atan yüksək vəzifəli şəxs bu məşhurun qohumudur – FOTO

Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR …