Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Araşdırma / 10 ayda Bakıda əhalinin sayı 11 min nəfər artıb: hamı niyə paytaxta sığınır?

10 ayda Bakıda əhalinin sayı 11 min nəfər artıb: hamı niyə paytaxta sığınır?

Ekspert: “Bakıda işsizlik ciddi problemdir”

Bakıda yaşayan əhalinin sayında artım müşahidə olunub. Belə ki, rəsmi rəqəmlərə görə, bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq, 2 milyon 273,9 min nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22 494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 13,3 təşkil edib. 1 kv. km-də əhalinin sıxlığı 1062 nəfər təşkil edir.

Bu,  rəsmi rəqəmlərdir və daha çox, Bakıda qeydiyyatda olanların sayını əhatə edir. Ekspertlər bildirirlər ki, paytaxt ərazisində qeyd ediləndən ən azı iki dəfə çox əhali məskunlaşıb. Bu əhalinin bir qismi kirayə mənzillərdə yaşayır və Bakıda tam məskunlaşmış sayılmırlar. Ekspertlərə görə, rəsmi statistika hazırlanan zaman bu kateqoriyaya aid olan əhali siyahıya salınmır və statistikaya təsir etmir.

Azərbaycanda 2015-ci devalvasiyalarından sonra Bakıda xüsusilə də tikinti sektorunda işlər dayanmışdı. Eləcə də bir sıra dövlət və özəl müəssisələrdə ixtisarlar olduğu Bakıda əhalinin bir qisminin geriyə – kəndə dönəcəkləri proqnozlaşdırılırdı. İqtisadçılar bildirirdilər ki, mövcud proses kəndə qayıdışa səbəb olacaq və nəticədə yerlərdə kənd təsərrüfatı sahələri inkişaf edəcək, boş qalmış əkin yerləri əkiləcək. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin və dövlətin müvafiq qurumlarının səyi nəticəsində qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin inkişafında müəyyən addımlar atılıb. Lakin statistika deməyə əsas verir ki, heç də kəndə qayıdış məsələsi reallaşmayıb. Kəndlərdə əkin sahələrini əkənlər, elə 3 il öncə də Bakıya gəlməyib, kənddə yaşamağı üstün tutanlardır.

Ä°lgili resim

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirib ki, hazırda dünya əhalisinin 45 faizi şəhərlərdə məskunlaşıb, Bakıda isə vəziyyət fərqlidir: “Dünyada urbanizasiya prosesi gedir və əhali kəndlərdən meqapolislərə yollanırlar. Bu tendensiya bizdə də var. Lakin bizdə proses bir qədər əziyyətlidir. Çünki Bakıda o qədər də böyük sənaye potensialı yoxdur. Köhnə zavodların hamısı bağlanıb, söküldü. Əhalini cəlb etmək üçün yeni iş yerləri təmin edən çoxminlik müəssisələr yaradılmadı. Bakıda tekstil, maşınqayırma sahələri fəaliyyət göstərirdi. Orada xeyli insan çalışırdı. Lakin hazırda demək olar ki, Bakıda ağır sənaye qalmayıb. Paytaxt əhalisi daha çox hazırda ticarətlə məşğul olur. Bu gün kəndlərimizdə də vəziyyət qənaətbəxş deyil. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin də çoxu bağlanıldı. İndi yavaş-yavaş kənd təsərrüfatının özündə müəyyən dirçəlişlər var. Lakin məhsulları istehsal edən müəssisələr çox azdır. Vaxtilə hər rayonda böyük konserv zavodları fəaliyyət göstərirdi. Bu zavodlarda xeyli insan çalışırdı. İndi həmin zavodlar da məhv olub. Yalnız Xaçmazda belə bir zavod fəaliyyətdədir ki, orada işləyənlər əvvəlki kimi çox deyil. Vaxtilə Xaçmazda, Qubada, Qusarda, Xudatda böyük zavodlar vardı. Hazırda əhali kənddə də işsizdir, Bakıda da… Ona görə də gərgin vəziyyət yaranıb və nəzarətsizlik müşahidə edilir. Bununla bağlı təcili tədbirlər görülməli, proqramlar hazırlanmalıdır”.

Ekspert bildirib ki, əhalinin işlə təminatı məsələsi ön plana çəkilməlidir: “Problem Bakıda müzakirə edilməlidir. Dövlət proqramı qəbul olunmalıdır ki, əhali işlə təmin edilsin. Tutalım ki, Qarabağ azad edildi. Bu torpaqlarımızın sakinlərinin də 50-60 faizi öz ata-baba yurdlarına qayıdacaqlar, yerdə qalanları isə Bakıda qalacaq. Yəni iş problemi Bakı üçün çox aktualdır və bu məsələ öz həllini tapmalıdır. Məcburi köçkünlər əslində məsələnin çox xırda bir hissəsidir. Doğrudur, məcburi köçkünlərimizin olması ölkə üçün böyük əhəmiyyət kəsb edir. İqtisadiyyat və digər sahələrimizdə itirilmiş torpaqlarımızın fəsadlarını görməkdəyik. Lakin Bakıya əhalinin axın etməsinin əsas səbəbi məcburi köçkünlərlə bağlı deyil. Burada fəaliyyət göstərən sənaye dağılıb, zavodlar bağlanıb. Əsas problem də budur. Bəzi zavodların bağlanılması şəhərin yenidən qurulması ilə əlaqədardır. Lakin nəzərə almaq lazımdır ki, şəhəri də yenidən quran zaman əhalinin iş yerləri haqqında düşünmək lazımdır. Zavodlarda işləyənlər əsasən yaşlı nəslin nümayəndələri idi. İndi isə yeni nəslin nümayəndələri gəlirlər. Birdən-birə böyük bir nəsil işsiz qalır. Həmin insanlar nə etməlidirlər? Ona görə də problem çox vacib və əhəmiyyətlidir. Bunun üçün dövlət proqram hazırlayır, yoxsa yox, bunu da bilmirik. Əhalinin Bakıda işlə təmini problemi bu gün qalmaqda davam edir. Eyni zamanda bilinmir ki, sabah hansı işlər görüləcək. Bu, təkcə klassik urbanizasiyadan asılı deyil. Bizdəki vəziyyət digər ölkələrdən fərqlidir. Olanlar sökülüb, yenisi isə tikilmədiyi üçün insanlar işsiz qalıb. Bunun da üstündən torpaqlarımız işğal olub, məcburi köçkün problemimiz var və əlavə də kənd təsərrüfatı sahəsində tənəzzülə yol verilib. Nəticədə respublika əhalisinin yarısı Bakı və Sumqayıta cəmlənib”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Arvadını 5-ci mərtəbədən atan yüksək vəzifəli şəxs bu məşhurun qohumudur – FOTO

Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR …