Zahid Oruc: “Azərbaycan yerində dayanıb hansısa böyük dövlətləri gözləyəsi deyil”

Prezident İlham Əliyevin Vaşinqtona səfərinin gözlənildiyi haqda son günlər müxtəlif mənbələrdən məlumatlar yayılmaqdadır. Hələlik bu barədə rəsmi açıqlama verilməsə də, qeyri-rəsmi xəbərlərdə belə bir səfərin gerçəkləşəcəyi deyilir. ABŞ prezidenti Donald Trampın son günlər Azərbaycan prezidenti İlham Əliyevə ard-arda üç məktub göndərməsi, Vaşinqtonun Bakı istiqamətində “körpü” tikməsi kimi qiymətləndirilir.
Azərbaycan prezidentinin ABŞ-a səfəri olacağı halda Azərbaycan-ABŞ münasibətlərində hansı mühüm əhəmiyyətli məsələlərin həllini gözləyir?
Deputat Zahid Oruc öncə bildirdi ki, Barak Obamanın prezidentliyindən indiyə qədər ABŞ-ın siyasətində, xüsusilə də Qafqaz ölkələrinə münasibətdə bir qədər geriçəkilmələr açıq-aşkar hiss olunurdu. Konkret olaraq, əlbəttə, Gürcüstanda fəaliyyət normal intensiv bir səviyyədə qalsa da əvvəlki miqyasda Qafqazı əhatə etmək, burada çoxmilyardlı proqramları işlətmək, investisiyaların axını vasitəsilə bölgəni ələ götürmək, həmçinin regionun ümumiyyətlə strategiyasını, arxitekturasını qurmaq səviyyəsində 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindəki dövrdəki qədər fəal işlər özünü göstərmirdi.
Azərbaycan isə maksimum dərəcədə böyük riskləri dəf edərək Klinton və Buş idarəçiliyi zamanında bu regionda Qərbin maraqlarının, konkret desək, ABŞ-ın regionda aktiv iştirakının təminatında rol oynamışdı: “İndiki gerçəklikdə isə yalnız biz Maykl Pompeonun dilindən yalnız Gürcüstanın NATO-nun qarşıdakı iyul sammitində üzvlüyü ilə bağlı məsələyə baxılacağını və beş illik dövr üçün yeni fazaya keçiləcəyi haqqında bəyanatı eşitmişik. Bir də Ermənistandakı məlum aprel çevrilişi və onun nəticəsində inqilabi Paşinyan hökumətinin ABŞ-la münasibətləri yaxşı bir müstəviyə çıxara biləcəyi haqqında bəyanatları görürük. Amma real olaraq son günlər ABŞ-ın mühüm dövlət təmsilçisi Bricet Brinkin həm İrəvana, həm də Bakıya səfəri gerçəkləşib və görüşlərin əsas hissəsi bağlı qapılar arxasında keçirildiyindən bizim üçün təyin eləmək çox çətindir ki, hazırda Amerika hansı prioritetlər üzərində qərarlaşıb və bölgəyə yönəlik əsas siyasi konturları nədən ibarətdir. Doğrudur, kimsə deyə bilər ki, ABŞ-ın idarəetmə sistemi elə qurulub orada prezident ümumi idarəçiliyin formatında cəmi üçdə bir səlahiyyətə malikdir, yerdə qalanlar digər hakimiyyət qollarınındır, ona görə də hətta Trampla yaxşı münasibətlərə malik olmaq avtomatik Konqreslə eyni münasibətləri bölüşmək anlamına gəlmir.
Prezident İlham Əliyevin yeni ABŞ administrasiyası ilə münasibətlərin yaxşı bir səviyyədə quruculuğuna dair fikirlərindən, həmçinin neft-qaz sektorundakı əlaqələrdə Tramp tərəfindən göndərilən təbrik məktublarından görmək mümkündür ki, Azərbaycan burada hər hansı bir maneçiliklər görmür. Hətta bölgədə xüsusilə də Rusiya və İran əleyhinə sanksiyaların sərtləşdiyi bir dönəmdə Azərbaycanın əhəmiyyəti ABŞ üçün ikiqat artmış olur”.
Z.Oruc qeyd etdi ki, bu gün Balkanlardan Fars körfəzinə qədər ərazilərdə yeganə bir xətlə Qafqazı Qərbə birləşdirən məkan Azərbaycandır. Prezident İlham Əliyev bütün riskləri göz önünə alaraq çox sakit bir axarda bu əlaqələri təmin eləməkdədir: “Ona görə də Amerika-Azərbaycan münasibətlərində əhəmiyyətli ola bilən bir çox məsələlər var. Birinci növbədə Avropa Birliyindən bir sıra hallarda Azərbaycan əleyhinə fəaliyyətin dayandırılması üçün Amerikanın yetərincə imkanları var. İkincisi isə iqtisadi məsələləri daha yeni mərhələyə çıxarmağa ehtiyac var. Üçüncü, təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-ın regionda iştirakı yenə də arzuolunandır. Ancaq əgər bunlar baş verməyəcəyi təqdirdə heç kəsin şübhəsi olmasın ki, Azərbaycan, sadəcə, yerində dayanıb hansısa üçüncü, dördüncü böyük dövlətləri gözləyəsi deyil. Bizim 1990-cı illərdəki illüziyalarımız bütövlükdə siyasi məkanda dağılıb və bu çox yaxşı haldır. Ona görə ki, artıq kimsə belə bir əminlikdə deyil ki, Qərb gəlib Azərbaycanın ya torpaq bütünlüyünü təmin edəcək, yaxud da bizi xarici aqressiyalardan qoruyacaq. Amma dediyimiz kimi, dünyada yalnız münasibətlər sistemi vasitəsilə ölkənin maraqlarını qura bilərsən”.
Deputatın sözlərinə görə, Azərbaycan ABŞ-dan istədiklərini almadığı təqdirdə bölgə dövlətləri ilə fəal siyasətini qurmaqda davam edəcək. O cümlədən ikitərəfli əlaqələr sisteminə keçidini artıracaq: “Birləşmiş Ştatlarla ölkəmiz arasında münasibətlərə prezident İlham Əliyevin ehtimal olunan səfəri yalnız müsbət təsir edərdi. Amma bu da bir həqiqətdir ki, İranla Rusiyaya qarşı aparılan savaş öz-özlüyündə bölgədəki gərginliyi artırır. Bu, sanki sıxılmış bir durum yaradır ki, seçim edilməlidir. Və burada da çox çətindir ki, sən gəlib Qərbin tərəfdaşına çevriləsən. Həmin dövlətlər özləri hər hansı bir qarantiyalar vermədiyi, tədbirlər həyata keçirmədiyi təqdirdə bu çox çətindir. Siz özünüz görürsünüz ki, Gürcüstanın NATO ilə bağlı məsələləri həlledici fazaya daxil olduğu ərəfədə küçə və meydanlarda aksiyalar başlanıb və dayanmır. Yəqin ki, nəticələri də olacaq. Belə olan təqdirdə hesab edirəm ki, ABŞ tərəfindən bölgəyə məsul olan şəxslər, səfirlik təmsilçiləri və digərləri ciddi şəkildə bu məsələləri diqqətdə saxlamalıdırlar. Amma gördüyünüz kimi, heç səfir məsələsinin özünün üzərində son qərara gəlinməyib. Bunun özü də bir jest sayıla bilər. Doğrudanmı bu bölgə Amerika üçün tamamilə əhəmiyyətsizdir, onlar regiona qoyduqları bu qədər sərmayələrdən imtina edəcəklər və bölgəni Rusiyaya verib çıxıb gedəcəklər? Bu, ağılasığmazdır. Ona görə də əvvəlki dövrlərdə əldə edilmiş münasibətləri irəliyə aparmaq lazımdır”.(musavat.com)
Zdrave universal kremi zdrave forte