Ana səhifə / Aktual / Xətai rayonunda özbaşınalıq: mülkiyyətçi küçəyə atıldı, evi söküldü

Xətai rayonunda özbaşınalıq: mülkiyyətçi küçəyə atıldı, evi söküldü

Bakı şəhəri Xətai rayonu sakinlərinin redaksiyamza ünvanladığı şikayət məktublarının ardı-arası kəsilmir. Bunların böyük əksəriyyətində bakılılar Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun törətdiyi qanunsuz əməllərdən və özbaşınalıqdan şikayətlənirlər. Bildirilir ki, icra başçısı insanları zorla öz evindən çıxarır və küçəyə atır. Halbuki, dövlət sökülən binalarda yaşayanlara kompensasiya ödənilməsi üçün külli miqdarda vəsait ayırır.

Virtualaz.org-a növbəti belə şikayət Babək prospektindəki evlərdən birində yaşayan Svetlana Əhmədovadan gəlib. Qadının sözlərinə görə, Hərbi Akademiyada riyaziyyat müəlliməsidir. Günlərin birində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri onların yaşadığı evə gələrək, hansısa hökumət layihəsi çərçivəsində evlərinin söküləcəyini bildiriblər. “Kompensasiya kimi mənə 74 min manat təklif olundu, halbuki ev 154 kvadrat metrdir və bizim rayonda bir kvadrat metrin qiyməti 1000 manatdır”, – şikayətçi deyir.

Ötən ilin payızında qadını uşaqları ilə birlikdə küçəyə atıblar. Onun icra başçısı Razim Məmmədovla görüşmək cəhdi baş tutmayıb. Sonradan isə polisdə S.Əhmədovaya xəbərdarlıq olunub ki, İcra Hakimiyyətinin iş rejimini pozarsa, həbs ediləcək.

“İcra hakimiyyəti məhkəmə qərarı olmadan heç bir halda özgə mülkiyyətini əlindən ala, yaxud sökə bilməz. Mülkiyyət yalnız dövlət ehtiyacları üçün və mütləq müvafiq məhkəmə qərarından sonra alına bilər”, – bunu virtualaz.org-a vəkil Fuad Ağayev deyib.

Xətai rayonunun baş memarı Əhməd Məmmədov öz rəhbərliyinin törətdiyi qanunsuzluğu izah etməyə çalışıb: “Bizə sökülməli binaların siyahısı verilib. Biz də mülkiyyətçilərlə müqavilələr bağlamışıq, müvafiq kompensasiyanı ödəmişik və bundan sonra onların evlərini sökmüşük”.

“Bəs əgər mülkiyyətçi ona təklif edilən kompensasiya məbləği ilə razılaşmırsa?” sualına memar belə cavab verib: “Bu sualla icra başçısının müavini Etibar Əhmədova müraciət edin. Həmin məsələlər onun kurasiyasındadır”. Bundan sonra, görünür, xəbərdar olunmuş müavin telefon zənglərinə cavab vermədi.

“Hesab edirəm ki, Svetlana Əhmədovanın evini sökmüş məmurlar məsuliyyətə cəlb olunmalıdır”, – vəziyyəti şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …