Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Türkiyənin keçmiş baş nazirinin oğlu niyə intihar etdi?- 38 yaşlı iş adamı Yavuz Yılmazın müammalı ölümü…

Türkiyənin keçmiş baş nazirinin oğlu niyə intihar etdi?- 38 yaşlı iş adamı Yavuz Yılmazın müammalı ölümü…

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Mehmet Yavuz Yılmaz bu gün səhər saatlarında İstanbulda yaşadığı evdə ölü tapılıb.

Belə ki, 38 yaşlı Yavuz Yılmaz hadisə zamanı evdə tək olub. Səhər saatlarında mühafizəçilər “Beykoz Villaları” adlanan ərazidə yerləşən evin qapısını döysələr də, açan olmayıb. Yılmazın telefon zənginə də cavab vermədiyini görən mühafizəçilər şübhələniblər və çilingərin köməyi ilə qapını açaraq içəri giriblər.

 

 

Onlar mənzildə dəhşətli mənzərəylə – Mehmet Yavuz Yılmazın qana boyanmış cəsədi ilə qarşılaşıblar və dərhal polisə xəbər veriblər.

İstanbul polisi hadisə yerinə gəlib. İlkin baxış zamanı Yavuz Yılmazın özünə məxsus silahla başına atəş açaraq intihar etdiyi ortaya çıxıb.

Hadisə yerinə İstanbul valisi Vasip Şahin və İstanbulun polis rəisi Mustafa Çalışkan da gəlib. Yılmazın cənazəsi Yenibosnadakı morqa aparılıb.

Məsud Yılmazın acı xəbəri Birləşmiş Ştatlarda aldığı və xanımı ilə birgə ölkəyə qayıtmaq üçün dərhal yola çıxdığı bildirilir. M.Yılmaz axşam saatlarında İstanbulda olacaq.

Qonşuların dediyinə görə, evdən bir atəş səsi gəlib. M.Yılmazın evdə işləyən personala bir gün əvvəl icazə verdiyi və evlərinə göndərdiyi bildirilir.

 

 

Hadisə ilə bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu da açıqlama verib: “Keçmiş baş nazirimiz Məsud Yılmazın və Bərna Yılmaz xanımın oğlanlarının bu səhər saat 9-da vəfat etdiyini öyrəndik. Dərhal vali və polis rəisi ilə təmas qurduq. Cənab Yılmaz hazırda ABŞ-dan qayıdır. Biz əmiləri ilə əlaqə yaratdıq. Allah məkanını cənnət eləsin. Olayla bağlı araşdırma davam edir. Yılmaz ailəsinə və sevənlərinə başsağlığı verirəm. Allah rəhmət eləsin”. 

Ali təhsilini ABŞ-da tamamlayan Yavuz Yılmaz ölkəsinə qayıdandan sonra “Coca-Cola”nın paylaşdırılması ilə məşğul idi. Son olaraq qardaşı Həsən Yılmazla “Nişantaşı”nda Çin restoranı açması ilə gündəmə gəlmişdi. Qardaşı ilə birgə ortaq şirkətləri də vardı. İki qardaş birlikdə İstanbuldakı üçüncü hava limanının inşası işində də yer almışdı.

Acı xəbəri alan xeyli sayda insan Məsud Yılmazın evinə axın edib. Onların arasında keçmiş bələdiyyə sədri Mustafa Sarıgül, iş adamı Əbdürrəhim Albayrak, həmçinin siyasət və sənət dünyasının tanınmış simaları da olub.

 

 

Türkiyə baş naziri Binəli Yıldırım Mehmet Yılmazın oğlunun ölüm xəbərindən dərindən sarsıldığını bildirib: “Yılmaz ailəsinin kədərini bölüşürəm. Mərhum Yavuz Yılmaza Allahdan rəhmət, kədərli ailəsinə və bütün sevənlərinə başsağlığı diləyirəm”. 

Baş nazirin müavini Bəkir Bozdağ da mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

CHP sədri Kamal Kılıçdaroğlu mərhumun qardaşı və əmisinə zəng edərək başsağlığı verib, ailəsinə səbir diləyib. MHP sədri Dövlət Baxçalı da Yavuz Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Strateq.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …