Ana səhifə / Aktual / Türkiyədən yazı müsabiqəsinə qoşuldular: “Mifdən gələcəyə: ELÇİBƏY”

Türkiyədən yazı müsabiqəsinə qoşuldular: “Mifdən gələcəyə: ELÇİBƏY”

Beytullah Avcı

Türkoloq, türk xalqları ədəbiyyatı uzmanı, Xəlil Rza Ulutürk irsinin araşdırıcısı və tərcüməçi

Adana/Türkiyə

Həyat, təbiət, düşüncə və varlıq həmişə öz axarında dəyişən, dönüşən və fərqliləşən bir sujetə sahibdir. Bu davam edən prosesin öz içərisində qanunları, anlayışları və bir fəlsəfəsi də mövcuddur. Əslində, varlığın nüvəsi də eləcə bu fəlsəfədi, ona görə ki, qədim yunan fəlsəfəsindən bizə qalan bu böyük miras da sübut edir ki, bugünkü bütöv elmlərin mənbəyində fəlsəfə, ya da fəlsəfi fikir dayanır. Fəlsəfənin özü, əsasında ziddiyyətə və anlaşılmazlığa mübarizələr aparan və bu toqquşmada dəqiq nəticələr tapa bilən bir elmdir. Bu sürüb gedən öz axara sahib bir başqa şey də insan ve insanın özüdür. Öncə doğulur, biraz sonra böyüyür, kamilləşir bədənən və zehin olaraq, sonra da varlıqdan öz adını pozaraq itir insan. İnsanın qəribə bu taleyi də böyük miqyasda xalqlar üçün də keçərlidi. Ona görə ki xalq, millət, ya da toplum da eləcə insanlardan təşəkkül tapdığı üçün insanın həyat axışına diqqət edəndə mənsubu və üzvü olduğu cəmiyyətin qanun, qayda, sosiologiya və psixologiyasını da dərindən başa düşmək mümkündür.

 

Fərdin azadlığı həyati əhəmiyyət kəsb edən bir durumdur. Fərdi hürriyyət və azadlıqla seçilən bir xalqın dünya üzərində söyləyə biləcəyi çox söz vardır və də olmalıdır. Fərd təkcə özüylə qalan, özündən ibarət bir təşəkkül deyildir və ola bilməz də. Fərd elə olmalı ki, həmin toplum da onun izlərini daşıyaraq sabaha qalsın və öz möhrünü vura bilsin. Əslində, müsair dünyanın bu gün ən çətin psixo-sosial problemlərindən biri də “özü kimi” ola bilmək və ya qala bilməkdir. Hamı kimi olan, hamıya oxşayan və hamıda olandan fərqli olmayan hər hansı şey bu gün bütöv insanlığa nə vəd edə bilər. Dünyada mükafat alan kitablara nəzər edəndə görürük ki, onlar işlənilən mövzuya, həyata, ədəbiyyata, sözə və sənətə “öz” kimliyi ilə yanaşan və bu aspekdən nöqtə qoyan əsərlərdir. Fərqli, sezgisi güclü, sözü qüvvətli, mənası və üslubu “öz”ünə məxsus olanlar həm dünəndə, həm bu gündə, həm də sabahın özündə öz yerini həmişə qoruyub saxlayan bir şüura sahib olacaqdır. Böyük təsəvvüf  adamı və filosof  Mövlana deyir ki: Göyün altında, yer üzündə elə olsun ki, işlənməyən bir mövzu olsun, elə bir şey yoxdur, onda bu gün yeni şeylər demək lazımdır.

İnsanın hər gün gördüyü işlər olur, bəzisi bəlli bir vaxtdan sonra marağını itirir və yox olur. Elə işlər də var ki, insan onları davamlı olaraq yerinə yetirsə də ondan bezmir, bezə bilmir. Məsəl üçün su udumlamaq, insanın adi olaraq bəlkə də fərqində belə olmadığı bir ehtiyacdır, amma açıq-aydın görünür ki, susuz da yaşamaq olmur. Yuxarıda dediyim kimi, insanın, ya da fərdin öz simasında həmin üzvü olduğu toplumu da görmək olar, yəni fərddə olanın böyük ölçüdə (miqyasda) xalqda da var olduğunu deyə bilərik. Sualı verməyin vaxtı çatdı artıq. Bəs onda nələrdir xalq üçün əhəmmiyətli olanlar? Xalq üçün yaşam damarı olanlar bunlardır: Azadlıq, demokratiya, tarixi bağlar, sosial gerçəklik, söz gücü, özünə inam, özünə sayğı və onu irəliyə aparacaq lider!

Azərbaycan türklüyünün yetişdirdiyi bir çox lider, ziyalı və filosof vardı. Bunlar içərisində ən son şahid olduğumuz bir dəyər də Əbülfəz Elçibəydi. Azərbaycan Türklərinin yaşam damarlarını gücləndirən, qoruyan və saxlayan Elçibəyin özü də türkün qədim tarixinə, mədəniyyətinə, sosiologiyasına və dərin fəlsəfəsinə söykənmişdir. Elçibəy iki əlindən də istifadə edərək xalqını sabaha aparma mücadələsində dərin izlər qoya bilən bir şəxsiyyətdir. Onun bir əli türkün ata-babası – göy türkdə, digər əli də Azərbaycan türklüyünü müasir dövlətlər arasında sözü keçən bir mövqeyə aparan gələcəkdəydi. O, xalqını yaxşı və möhkəm günlərə apara bilməyin açarının ən öncə öz xalqını tanımaq olduğunu çox gözəl bilirdi. Elçibəyin bir dövlət adamı və filosof kimi gördüyü işlərdən biri, bəlkə ən önəmlisi də odur ki, Azərbaycan xalqına bir “millət” ola bilməyin yolunu təqdim etməsidir: Türk adı. İllərlə kökündən, tarixindən, mədəniyyətindən və psixologiyasından qoparılmaq istənən Azərbaycan, Elçibəylə birlikdə yenidən və təzə bir qanla öz dəyərlərinə yiyə durmuşdur. Ona görə ki, Azərbaycan dövləti təkcə müəyyən bir ərazi üstündə qurulan kiçik bir qurum deyildi, Azərbaycanın dövlətçiliyi Göytürk, Uyğur, Qaraxanlılar, Xarəzm-qıpçaq, Ağqoyunlu, Qaraqoyunlu, Cığatay ve beləliklə davam edən böyük və möhtəşəm türklüyün həm də bir şöbəsiydi. Kökü qədim və qüdrətli olan bir xalqda özünə sayğı və inam çox olar və olmalıdır da. Azərbaycanı, Azərbaycan dövlətini quran, yaşadan və ona sahib çıxan sosiologiya türkdür, ona görə də bu xalq nə üçün “türk” adına yad dursun? Saxta, keçərsiz və tarixdən qopuq bir yanaşma olan “azərbaycanlı” sözünü nədən özünə ad seçsin? Əgər elə olacaqsa, Azərbaycan dövlətini qurum halına gətirən Azərbaycan türklərinin digər etnoslardan daha nə fərqi qaldı? Elçibəy Azərbaycan türkünə bir sosiolog və bir ziyalı kimi öz tarixinə söykənmənin, öz dəyərlərinə sahib çıxmanın, öz dilini qorumanın nə qədər həyati olduğunu deyə bilən bir böyük qüdrətdi. Onun bu saxta adı atıb türk kimliyinə dayaq olması, əlbəttə, türk düşmənlərini ağıllarından etdi. Ona görə ki, etnosları dini və irq cəhətdən bəsləyən, dəstək olan və türkün üzərinə salan yağıların bütöv oyununu Elçibəy pozdu. Elçibəy Məhəmməd Hadi kimi İstanbulu sevən, Məhmət Akif kimi milli dəyərlərə önəm verən, Nazim Hikmət kimi sözünü açıq deyə bilən və Hüseyn Nihal Atsız kimi də ürəyi Kürşadla döyünən bir türk igididir.

Elçibəy, göy türklərlə birgə bir şaman, uyğurlarla birgə bir buddist, qaraxanlılarla birgə bir dərviş, Əhməd Yesevinin öyrənciləriylə birgə gündüz bir döyüşgən bir səngərdə, gecə vaxtı da könlünü Tanrıya aparan bir sufi. Elçibəy, türkün tarix yaddaşından bu günün özünə çata bilən bir ALP-ƏRƏN. Osman Yüksəl Sərdəngeçtinin dediyi kimi, “Tanrı dağı qədər türk, Hira dağı qədər də müsəlmanıq” bizlər – Elçibəyçilər. “Türkün tökülən qanları bihudə gedər mi?” deyən Hadi kimi bizlər də vətən, türklük və torpaq üçün canını verənləri əziz bilirik və onların ruhunun göyün yeddinci mərtəbəsindən bizləri gördüyü inancını daşıyırıq, ona görə ki Elçibəy şəhiddir və şəhidlər ölməz.

“O bir çiçekti hain eller kuruttu

Şehit edip omuzlarda yürüttü”

                                  (Ozan Arif)

Uca Tanrının əliylə, Azərbaycan türklüyünün bütöv türklüyə və insanlığa ərməğan etdiyi Elçibəy həyatı, dəyərləri, duruşu, mövqeyi və mübarizliyi ilə biz türklərin həmişə yad etdiyi və yad etməyə davam edəcəyi bir Kürşad, bir Atilla, bir Rəsulzadə və bir ATATÜRK olaraq ruh dünyamızda yer alacaqdır. Yerin uçmaq olsun Elçibəy; yerin alpların, şamanların, kamların və bilgələrin yeri olsun. Səndən ötəri Tanrıya bir təşəkkür borcumuz var, təşəkkür edirəm, Tanrım, bizlərə bu çox qiymətli sovqatın üçün!

“Bu çirkli yollardan işıq dolu üfüqlərə

Bir igid, başbuğ oldun həmişə bizlərə sən

Acı, qara ağılardan qutlu, ağ toylara

Bir ulaq, külək oldun hər vaxt ürəklərə sən”

(Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …