Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Şagirddən pul yığan müəllimləri hansı cəza gözləyə bilər? – “Əgər bu olsa, 99 faiz ehtimalla cəzalanacaqlar”

Şagirddən pul yığan müəllimləri hansı cəza gözləyə bilər? – “Əgər bu olsa, 99 faiz ehtimalla cəzalanacaqlar”

“Müəllim iş yerində inzibati xəta  sayılan  hala yol verdikdə cinayət işi açılıb protokol tərtib olunur. Kiçik şikayətlə bağlı isə müəllimi işdən kənarlaşdırmaq olmaz. Bu, qanunda nəzərdə tutulmayıb”.
Azinforum.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında hüququşünas Anar Ramazanov məktəblərdə pul yığılması faktı haqda danışarkən deyib. O, Müəllimlər gününün yaxınlaşmasını nəzərə alaraq bildirib ki, əlamətdar günlər münasibətilə pul yığılması qanundan kənardır. Bu məsələ uzaqbaşı korrupsiya  haqqında qanunla tənzimlənə bilər:
“Bu qanun isə  2005-ci ildə qəbul olunmasına baxmayaraq,  indiyədək xeyli mexanizmləri təsdiq olunmayıb. Burada şərti maliyyə vahidi qəbul olunub. Yəni, vəzifəli şəxsə 55 manat civarında  hədiyyə verilsə, götürə bilər. Amma bu məbləğdən baha hədiyyə qəbul edə bilməz”.
“Bəs övladının oxuduğu sinifdə bu kimi neqativ  halla qarşılaşan valideyn hansı hüquqi addımı atmalıdır?”
Hüquqşünas cavab olaraq qeyd edib ki, sinifdə pul yığılmasından narazı valideyn ilk növbədə məktəbin direktoruna müraciət etməlidir:
“O, operativ müdaxilə etmək səlahiyyətinə malikdir. Məsələni yerindəcə araşdırıb neqativ halı aradan qaldıra bilər. Direktora müraciət edib nəticə almadıqda isə, Qanunların İcrasına Nəzarət üzrə Prokurorluğa müraciət etməlidir.
Bu, müəllimin nə tələb etməsindən də asılıdır. O, valideynə pul gətirməsi üçün hədə-qorxu gəlirsə, hansısa cinayətkarlıq xarakterli əməldən şikayət edilə  bilər. Amma müəllim neqativ hallara yol verməyib dolayısı ilə söz çatdırarsa, direktor və təhsil şöbəsinə müraciət etmək daha məqsədəuyğundur. Direktor problemi aradan qaldıracaq.
Müəllim bunu direktorun tələb etdiyini desə, rayon prokurorluğuna müraciət etmək ən doğru seçim olardı. Prokurorluğun səlahiyyəti yalnız  cinayət işi başlatmaqdan ibarət deyil. O, xəbərdarlıq edə, məsələni araşdıra, icrası məcburi olan göstəriş verə və ya məsələni daha yuxarı aidiyyatı orqanlara göndərə bilər. Neqativ hal barədə Təhsil Nazirliyinə də məlumat verilə bilər”.
Müəllimin işdən kənarlaşdırılması məsələsinə gəlincə isə hüquqşünas bildirib ki, bu, Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. Amma işdən çıxarmaq anlamına gəlmir. Bu zaman həmin şəxs işdən müvəqqəti uzaqlaşdırılır, sonradan isə işinə baxılır. Bundan sonra isə o, ya işdən uzaqlaşdırılır, ya da bərpa olunur:
“Müəllim iş yerində inzibati xəta sayılan hala yol verdikdə cinayət işi açılıb, protokol tərtib olunur. Kiçik şikayətlə bağlı isə müəllimi işdən kənarlaşdırmaq olmaz. Bu, qanunda nəzərdə tutulmayıb. Belə bir əsas da yoxdur. Belə hal olsa  məktəbdə bir dənə də müəllim qalmaz”.
Anar Ramazanov qeyd edib ki, bütün bunlar yalnız fakt təsdiqini tapdığı halda  mümkündür:
“Yuxarı instansiyaya müraciət etdikdə məsələ araşdırılır. Ola bilər ki, valideyn müəllimlə olan telefon yazışmasını əsas gətirsin. Müəllimin “Whatsap” vasitəsilə yolladığı səs bunun üçün əsas ola bilər. Bu gün valideyn komitələri əsasən “whatsapp” qruplarında fəaliyyət göstərirlər.
Konkret belə fakt varsa, tədbir görülür. Bəzən müəllimin  istəyi, tamahı olsa da, heç bir cinayət və ya rüşvət faktı, inzibati xəta olmur. Bu halda müəllimə intizam tənbeh verilə bilər. Bu, töhmət, şiddətli töhmət, əməkhaqqından tutulma və s.-dən ibarət ola bilər”.
Bu halda müəllimi 99% ehtimalla cəzalandırırlar…
“Mənim təcrübəmdə də müəllimdən şikayət olub. Xüsusilə də prokurorluğa şikayət gedəndə müəllimi 99% ehtimalla cəzalandıracaqlar. Onun bu işdə təqsiri olmaya bilər, amma mütləq nəyəsə aidiyyəti olur. Müəllim boşluq edir ki, belə söz-söhbət yaranır. Bu, müəllimin reputasiyasına da təsir edir. Gələcəkdə  mükafatlandırılanda, başqa məktəbə təyin ediləndə də bunlar nəzərə alınır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …