Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / “Respublikanski”da analoqsuz VİP xidmət? – “Qarnına baxan kimdi, pulunu ver, keç…”

“Respublikanski”da analoqsuz VİP xidmət? – “Qarnına baxan kimdi, pulunu ver, keç…”

El arasında “Respublikanski” kimi tanınan “M.Mirqasımov Adına Respublika Klinik Xəstəxanası”ında xəstələrə qarşı həkimlər tərəfindən kobud rəftar olunmasıyla bağlı dəfələrlə şikayətlər eşitmişidik. Bu dəfə belə bir hadisəni araşdırmaq fürsətim oldu. İyunun 26-da Silahlı Qüvvələrimizin 100 illiyi günündə yaxın həkimimin məsləhəti ilə həyat yoldaşımı bu xəstəxanaya gətirdik.

Həyat yoldaşım əməliyyat edildi və silahlı qüvvələr günündə oğul atası oldum. Əməliyyat uğurlu keçsə də, problem bundan sonra başladı. Xanımım reanimasiya şöbəsinə yerləşdirildikdən sonra buradakı baxımsızlıqdan şikayətləndi. Həmin gecə ağcaqanadlar xəstələrə necə divan tutmuşdusa, səhər tezdən dərhal həyat yoldaşıma dərman apardım. Adətən xəstə əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilir və bir gün sonra palataya keçirilir.

İki gün keçsə də xanımım palataya keçirilmədi. Məsələylə bağlı şöbə müdiri olan Zara xanıma müraciət etdim. Zara xanım telefonda elə öz həkimləri kimi mənə də kobud cavab verməkdən çəkinmədi:

“O, işlərə mən baxmıram, imkan ver, deyərəm köçürərlər. Xəstəmiz çoxdur”. Xatırladım ki, həm həkimlərin, həm də xəstələrin verdiyi məlumata görə xəstəxanada günü 50 manata lüks palatalar var. Bu da imkanı olanlara təklif olunur.

Həyat yoldaşım deyir ki, xəstəxanada xidmət sıfır səviyyəsindədir. Səhər tezdən xəstələrə vedrədə kaşa paylayırlar və onu da yemək olmur. Palatada yatan xəstələr isə mətbəxə gedib yemək götürməlidir, ora da vaxtında çata bilsələr. Ona görə də bütün xəstələrə yaxınları tərəfindən evdən yemək gətirilir. Yeməklərin xəstəyə çatdırılmasına görə də rüşvət tələb olunur. Hər çantaya görə 1 manat ödəməlisən. Bunun şəxsən özüm şahidi olmuşam. Palatalarda olan tibb bacıları xəstələrlə kobud davranır, hər addımında pul istəyirlər. Həyat yoldaşım deyir ki, yerindən qalxa bilməyən xəstə əlini uzadıb tibb bacısından ayağa qalxmaq üçün əlini uzadır. Tibb bacısı isə cavabında: “Səni qucağımda gəzdirməliyəm? Qalx, özün gəz də” – deyərək üz çevirib gedir. Bir sözlə, xəstəxanada sarğı dəyişməyə görə, uşağa baxmağa görə, xəstə yanına buraxılmağa görə rüşvət tələb olunur.

Həyat yoldaşım iyunun 30-na kimi xəstəxanada qaldı və hər gün də israr etdi ki, məni burdan çıxar, yoxsa sonra sağ çıxmayacam. İyunun 30-da saat 13:00 tarixində həyat yoldaşımı xəstəxanadan çıxardım. Maraqlı məqamlardan biri də xəstələrdən sonuncu gün sənəd pulu adı altında 10 AZN rüşvət yığılmasıdır.

Çox təəssüf edirəm ki, həkimlər burda kimliyindən asılı olmayaraq hamıya qarşı eyni münasibəti bəsləyirlər. Yalnız pulu olanlara qarşı ayrıca VİP xidmət var.

Xəstəxanadan ayrılarkən qapıçı qadınla vətəndaşın dialoqu diqqətimi çəkir:
-Xanım, mən xəstə yanına gəlmişəm.
-Görüş vaxtı deyil, buraxa bilmərəm.
-Bəs mən nə edim?
-Əlin cibində olsun, iki manat ver yazım ki, hamiləsən, yoxlanışa gəlmisən, keçirim içəri.
-Mənim qarnım yoxdu axı.
-Qarnına baxan kimdi, pulunu ver, keç.

Vasif Əlihüseyn \\moderator.az\\

VIPedu.BIZ

Həmçinin oxuyun

“SƏRXOŞ VƏZİYYƏTDƏ ŞEYXİ DOLAMAQ ƏXLAQSIZLIQDIR!” – “Axı sən kimsən ki?…”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel …