Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qarabağ tənzimlənməsini istəməyən ABŞ erməni diasporunun da əsl sifəti ifşa olundu

Qarabağ tənzimlənməsini istəməyən ABŞ erməni diasporunun da əsl sifəti ifşa olundu

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir. M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı deyil: “Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq”.

Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.

Metyu Brayza sıradan biri deyil. Onun regiona və Dağlıq Qarabağ münaqişəsinə yaxşı bələdçiliyi var və hər halda, dəqiq olmayan fikirləri işlətməz. Onun bəyanatından belə çıxır ki, dünyadakı erməni diasporu Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən yaxşı pul qazanır. Erməni diasporunun Qarabağ məsələsində göstərdiyi pozucu fəaliyyətin qarşısını necə almaq olar?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, Brayzanın dedikləri bizə çoxdan məlumdur: “Amma yenə də təşəkkür edirəm ki, bu ranqda olan adam nə varsa, çəkinmədən öz adı ilə çağırıb. Ermənistan dövləti sanki virtual olaraq mövcuddur. Onun əsas dayaqları dünyadakı erməni diasporudur. Biz bunu bilirik və uzun illərdir belə zərərli faktorla bütün dünya boyu mübarizə aparırıq. Ermənistan bir dövlət kimi dilənçi vəziyyətindədir. Bilirsiniz ki, onların həyata keçirdikləri işğal nəticəsində bütün regional layihələrdən kənarda qalıblar. Bu səbəbdən də dövlət olaraq gözlərini dikiblər xarici ianəyə. Mən deyərdim ki, dünyadakı erməni lobbisinin ən güclü yuvası Amerika Erməniləri Milli Komitəsidir. Bütün koordinasiya oradan edilir. Təbii ki, onların başlıca məqsədi hansısa adla pul toplamaqdır. Dağlıq Qarabağ məsələsi sanki onların əlində dilənmək üçün üzə tutacaq bir vasitəyə çevrilib. Bu konfliktin həlli onlara sərf etmir. Çünki istədikləri kimi pul yığa bilməyəcəklər. Bilirsiniz ki, erməni diaspor təşkilatlarının fəaliyyəti yalnız Ermənistana yardım etməklə yekunlaşmır. Onlar, eyni zamanda, dünyaya ən güclü terror təşkilatlarını “bəxş” etmiş millətdir. Təbii ki, toplanan ianələrin böyük bir hissəsi bu sayaq qanunsuz fəaliyyətlərin maliyyələşməsinə yönəlir. Bunun qarşısını almaq üçün biz illərdir əlimizdən gələni edirik. Əminəm ki, bu yöndə dövlət qurumları və hətta türk diasporu da gücü çatan nə varsa edir. Təbliğatı gücləndirməliyik. Xaricdə səmərəli tədbirlərin sayını artırmalıyıq. Xüsusilə də ABŞ və Fransada, yəni onların dayaqlarının güclü olduğu yerlərdə bu işlər daha keyfiyyətli və ardıcıl görülməlidir. Brayzanın qeyd etdiyi ABŞ-dakı erməni yuvası Trampın gəlişindən sonra fəaliyyətini xeyili zəiflədib. Çünki onlar bütün varlığı ilə Trampın prezident olmamasına çalışırdılar. Bunu ona görə qeyd edirəm ki, hazırda onlara ABŞ-da əsaslı zərbə vurmaq üçün yaxşı məqamdır. Mən diaspor fəaliyyəti sahəsində ölkəmizin istər dövlət xətti ilə, istərsə də qeyri-hökumət təşkilatları profililə apardığı təbliğatdan, gördüyü işlərdən razıyam. Amma bu o demək deyil ki, tam arxayın olmalıyıq. Xüsusilə də Diasporla İş üzrə Dövlət Komitəsində aparılan dəyişikliklərdən sonra bu sahədə canlanma hiss edilir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …