Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ölkənin qərbində vəziyyət son illərdə necə dəyişib…

Ölkənin qərbində vəziyyət son illərdə necə dəyişib…

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı ilə bir qrup jurnalist ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilmiş irimiqyaslı yenidənqurma işlərinin nəticələri ilə tanış olmaq üçün  Mingəçevir, Gəncə, Goranboy, Göygöl və Gədəbəy rayonlarına səfər ediblər.

Səfərdə məqsəd əsasən həmin  rayonlarda son illərdə tikilən, yaxud əsaslı təmir edilən yarımstansiyalarla tanışlıq idi. Hansı ki, bu yarımstansiyaların sayəsində ölkənin qərb bölgəsində abonentlərin elektrik enerjisi ilə təchizatı kökündən dəyişib, ötən illər üçün xarakterik olan fasilələr tam aradan qalxıb.

Jurnalistlər  əvvəlcə Goranboy rayonu ərazisində yerləşən 110/35/10 kilovoltluq “Dəliməmmədli” yarımstansiyasında olublar. Məlumat verilib bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verib. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb.

Daha sonra Gəncədə yerləşən 35/6 kV-luq “Nizami” yarımstansiyasının fəaliyyəti ilə tanışlıq olub. Məlumat verilib ki, ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.

Jurnalistlərin baş çəkdikləri 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının ümumi sahəsi isə 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub.

Göygöl və Gədəbəy rayonlarında da “Azərişıq” ASC-nin elektrik enerjisi şəbəkəsi infrastrukturunu necə yenidən qurduğu barədə jurnalistlər ətraflı məlumatlandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, belə mediaturlar  mütəmadi olaraq davam etdiriləcək. Burada əsas məqsəd ASC-nin regionlarda aparıdığı yenidənqurma ilə tanış olmaqdır.

“Azərişıq” ASC hazırda regionlarda elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir. Bu vaxta qədər ”Azərişıq” ASC regionlarda istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün şəbəkə infrastrukturunun yenidən qurulması, əsaslı və cari təmiri üçün irimiqyaslı işlər həyata keçirib. Nəticədə əhalinin elektrik enerjisi ilə təchzatında ciddi dönüş yaranıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …