Ana səhifə / “O sevgi etirafına görə peşmanam, hər şey bərbad oldu” – Nisə Qasımova

“O sevgi etirafına görə peşmanam, hər şey bərbad oldu” – Nisə Qasımova

ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan xalq artisti Nisə Qasımova maraqlı açıqlamalar verib.
Sevilən ifaçı illər əvvəl etdiyi sevgi etirafına görə hələ də peşman olduğunu bildirib:
“Bəzi şeyləri deməsək yaxşıdır. Mən, bir dəfə, etiraf olunmayacaq bir şeyi etiraf etmişəm, hələ də onun əzabını çəkirəm. Etiraf gəlib boğaza dirənsə də, onu açıqlamamağı məsləhət görürəm. Birinə dəyərindən artıq qiymət verəndə, o, çaşır, qudurur. Tutaq ki, içinizdə platonik sevgi var, qoy elə o, platonik də qalsın. İndi deyəcəklər ki, özü ailə qurmayıb, bizə də məsləhət görür ki, ailə qurmayın. Elə deyil. Mən özüm belə qalmağı seçdim. Gənc yaşlarımda sevdiyim bir şəxsi içimdə gəzdirsəydim, bunu heç kəs bilməsəydi, daha rahat olardım, daha yaxşı mahnılar oxuyardım. Həmin adam zamanında bunu bildi və hər şey bərbad oldu. 20 il bundan əvvəl mən fikirləşirdim ki, nə olar, kişi də, qadın da sevdiyini etiraf edə bilər. Amma mən indi düşünürəm ki, sevgi sirrə bənzəyən bir şeydir. O sirri ürəyində saxla, basdır getsin”.
Tanınmış müğənni bu sənəti seçməsində atasının ona dəstək olduğunu açıqlayıb:
“Bu sənətə gəlməyimdə ən çox atam dəstək oldu mənə. 5 övladdan yalnız mənim müğənni-xanəndə olmağımı istədi. Müğənni kimi alındı, amma xanəndə kimi yox. Bir çox müəllimlərin mənə təsiri oldu”.
Xalq artisti sənətə gəldiyi ilk illəri belə xatırlayıb:
“O vaxtın sevilib-seçilən müğənilərindən idim. Bunu utanmadan, fəxrlə deyirəm. Çox gənc idim, arıq idim, saçlarım da buruq-buruq. Saçlarımın sarı, gözlərimin xamelyon olmasına görə də seçildim, fərqləndim. Amma kaş ki, mən qarayanız olardım və dünyaşöhrətli… Burada stop! Saçlarımı göy, narıncı və qəhvə rənginə boyadım. Ailəm və dostlarım məni qınadılar. Onların xatrinə saçlarımı əvvəlki vəziyyətinə qaytardım. Xalqa, millətə görə belə saxlayıram saçımı. Mən də az aşın duzu deyiləm ha, yıxıram xalqın, millətin boynuna, amma həqiqətən də bu sarışınlıq mənə yaraşır”.
Nisə xanım digər ulduzlara bənzədilməsini normal qarşıladığını söyləyib:
“Dünyanın məşhur ulduzları bir-birilərinə oxşayırlar. Mən də o dünya ulduzlarından biri kimi öz ölkəmdə tanınmış birisiyəm. Məni kiməsə oxşada bilərlər, acığıma gəlmir. Məni Alla Puqaçovaya da, Emel Sayına da oxşadırlar. Bəziləri dünyaya ulduz olaraq gəlirlər. Bəziləri də sonradan sənətə gəlirlər. Boşanıb sənətə gəlirlər, ya da başqa bir yolla”.
Sənətçi müğənniliyi seçdiyinə görə peşman olduğunu dilə gətirib:
“Daha gənc yaşlarımda düşünürdüm ki, nə yaxşı müğənni olmuşam. Amma indi deyirəm ki, kaş, müğənni olmazdım. Mənə çox böyük acılar, dərdlər  verdi. Efirdə görünmək üçün, bayram konsertinə çıxmaq üçün gənc bir qızın mücadiləsi çox çətindir. Taqsırın olmaya-olmaya, əl-qolunu qırırlar, ayağının altına daş qoyurlar. Kaş ki, mən müğənni olmazdım, ana olardım. İndi də anayam, amma yenə də kaş ki… Mən yaxşı həkim, yaxud psixoloq ola bilərdim”.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın