Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Novruzv Məmmədovun “Cır meyvə” qərarı niyə ləğv edildi?

Novruzv Məmmədovun “Cır meyvə” qərarı niyə ləğv edildi?

Azərbaycanda qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşib. Ödənişlər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Qərarında dəyişiklik sənədində əksini tapıb.

Belə ki, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun hər kiloqramına görə 1.5 manat, palıdın hər kiloqramına görə 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulur.

Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş olmalıdır.

Sosial şəbəkələrdə gedən müzakirələrdən aydın olur ki, bu qərar sadə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Təbii ki, burada dövləti də başa düşmək olar. Çünki son illər ərzində biz meşələrdən necə qazanc məqsədi üçün istifadə edildiyinin şahidi olmuşuq. Məsələn, meşənin  böyük bir zolağını hasara alıb özünə istirahət mərkəzi və restoran açanlar da az deyil. Dəfələrlə mediada nadir ağac növlərinin kəsilib baha qiymətə satılması ilə bağlı məlumatlara rast gəlmişik.  Bütün bu halların qarşısı ciddi şəkildə alınmalıdır. Ancaq gəlin etiraf edək ki, Nazirlər Kabinetinin son qərarında konkret olaraq yabanı və cır meyvələrin yığılmasına cərimələrdən söhbət gedir və bundan da əziyyət çəkən hansısa işbazlar deyil, kasıb kəndlilər ola bilər.

Hesab edirik ki, beş-üç nəfərin meşədən meyvə dərməsi, onu satıb, özünə qazanc əldə etməsi, məhsul kimi istifadə etməsi problem deyil və olmamalıdır. Əksinə, kasıb, imkansız insanlar meşədən bir neçə kilo meyvə yığıb ailəsini, övladını sevindirirsə və yaxud onu satıb maddi qazanc əldə edirsə, bu, elə dövlətin yükünün azaldılması deməkdir. Burada dəhşətli heç nə yoxdur. Biz şahidi olmuşuq ki, həmin cır və yabanı meyvələri heç dövlət qurumları da yığıb istifadə etmirlər. Onda qəribə bir paradoks yaranmış olur. Dövlət qurumları həmin meyvələri yığmırlar və əvəzində yığmaq istəyən əhaliyə isə qadağa tətbiq olunur. Onda biz hansı nəticəni əldə edəcəyik? Həmin meyvələr meşədə qalıb öz-özünə məhv olacaq. Bundan bizim dövlət olaraq heç bir qazancımız olmayacaqsa, niyə əhalinin ondan yararlanan aztəminatlı təbəqəsinin narazılığına yol açmalıyıq? Amma həmin meyvələrin yığılmasını elə stimullaşdırmaq olar ki, bundan həm dövlət qazanar, həm də sadə əhali. Məsələn, xüsusi tədarük yerlərini açıb, həmin meyvələrin əhalidən pul müqabilində qəbul olunması kimi ideyanın reallaşması bu problemi kökündən həll etmiş olar. Bu məsələyə mahiyyəti üzrə düz yanaşmaq lazımdır və bu da ondan ibarətdir ki, meyvələrin deyil, meşələrin məhv edilməsinin qarşısı alınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövzunun aktuallığını nəzərə alıb, məsələyə münasibət bildirib. Qeyd edilir ki, meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasından dəyən ziyana görə cərimə tətbiqi əvvəllər də mövcud idi. Cərimələr Nazirlər Kabinetinin 2004-cü il tarixli, 145 nömrəli Qərarı əsasında müəyyən edilmişdi. Hazırda həmin qərara dəyişiklik edilib və cərimələrin məbləği artırılıb.

Onu da qeyd edək ki, cərimələrin məbləğinin artırılması bəzən problemi kökündən həll etmir. Bəzən görürsən ki, bu, işbazlar üçün münbit şərait yaratmış olur. Rəsmi dövlət qurumu deyir ki, belə cərimələr əvvəl də olub. İndi onun məbləğinin artırılması həm də səlahiyyətli qurumlara “pulunu ver, gözümü yumum, get meşədən cır armud yığ” kimi şanslar da açmış olacaq. Hər halda, bizim üçün qəbul edilən qərarlarda vətəndaşların məmnunluğu hər məsələdən ümdə olmalıdır.

İnsanların narahtlığı və birmənalı olmayan müzakirə uzun sürmədi. Xalqın haqq səsi öz yerini tutdu.

Bütün bunları nəzərə alaraq dünən Azərbaycan Prezidenti mühüm qərar verdi. Prezident İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli, 636 nömrəli Qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …