Şənbə , Dekabr 15 2018
Ana səhifə / Aktual / Neft üçün son qiymət həddi: NƏ OLACAQ? – ŞƏRH

Neft üçün son qiymət həddi: NƏ OLACAQ? – ŞƏRH

ABŞ prezidenti Donald Tramp neft qiymətlərini aşağı salmaq üçün Səudiyyə Ərəbistanı rəhbərliyilə olan telefon danışıqlarını açıqlayıb.

Tramp qeyd edib ki, neftin qiymətindəki kəskin azalma onun ər-Riyadla sərt telefon danışıqlarının nəticəsidir:

“Zəng edib dedim ki, qiymət 82 dollar çatıb. 100 dollara qədər də yüksəlməli idi. Bu, verginin kütləvi qaldırılmasına bənzəyirdi. Mən bunu istəmirdim”.

Prezident qeyd edib ki, o, sözügedən telefon danışıqları ilə neft hasilatının artırılmasına nail olub və beləliklə də qiymət hətta hər barelə görə 52 dollara qədər düşüb:

“Bizim Səudiyyədə olduqca vacib müttəfiqimiz var. Böyük neft ehtiyatı olan müttəfiqimiz var, açıq desək, qiyməti qaldıra bilərlər, amma mən qiymətləri cilovlamaq istəyirəm”.

Göründüyü kimi Tramp Səudiyyə Ərəbistanına təzyiq göstərərək qiymətləri istədiyi səviyyəyə salır. Maraqlıdır, neftin qiyməti daha nə qədər ucuzlaşa bilər?

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, neftin dünya bazar qiymətləri ilə bağlı nəinki 1 il, hətta 1 ay sonra belə vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil:

 

“Çünki neft bazarında qiymətləri təkcə iqtisadi amillər müəyyən etmir. Misal olaraq qeyd edim ki, hər hansı bir orta səviyyəli neft hasilatçısı olan ölkənin hökumət nümayəndəsi sözügedən mövzuda kiçik bir bəyanat və yaxud açıqlama verərsə, bu, dərhal qiymətlərə təsir göstərir. Buna dair çoxlu sayda faktlar mövcuddur”.

İqtisadçı hazırda bazarda təklifin tələbatdan çox olduğunu da deyib:

“Dəqiq desəm, “Brent” markalı neftin son 2 ayda birdən-birə 30 faiz enməsi, yəni oktyabrın başlanğıcındakı son 4 ildəki maksimum səviyyə sayılan 1 barelə görə 86,74 dollar həddindən 58-59 dollaradək ucuzlaşması faktı məhz, bazarda təklifin artması nəticəsidir. Sual olunur, 2 ay ərzində birdən-birənə nə baş verdi ki, təklif tələbi belə üstələdi. Səudiyyə Ərəbistanı oktyabrda sutkada 10,8-10,9 milyon barel neft hasil etmişdi. Noyabr ərzində isə, hələ tam təsdiqlənməmiş məlumata görə, qeyd olunan rəqəm 11,1-11,3 milyon barelə yüksəlib. Hətta belə məlumatlar da vardır ki, Ər-Riyad daxili və xarici ehtiyatları hesabına bazarlara hasil etdiyindən əlavə olaraq da neft çıxarıb. Halbuki adı çəkilən ölkə ABŞ tərəfindən bir müddət əvvəl açıq tənqid olunurdu ki, hasilatı niyə basqı altında saxlayır. Belə ki, yayda ABŞ prezidenti Donald Tramp bu barədə açıq narazılıq etmişdi və buna görə də OPEC-i günahlandırmışdı. OPEC-də isə əsas söz sahibi Ər-Riyaddır”.

Pərviz Heydərov hesab edir ki, neftin qiymətinin enməsində əsas səbəbkar Səudiyyə Ərəbistanıdır:

“Düzdür, qiymətlərin düşməsində ABŞ-da hasilatın artmasının, İrana sanksiyaların qüvvəyə minməsinin, Çin iqtisadiyyatında növbəti dəfə “axsama” başlanmasının, o cümlədən Almaniyada və Avropa Birliyi ölkələrində iqtisadi artımın zəifləməsinin də rolu vardır. Lakin əsas səbəbkar Səudiyyə Ərəbistanıdır. Təsadüfi deyil ki, Tramp da son qiymət enişinə görə Ər-Riyada təşəkkür edib. Məsələ bundadır ki, oktyabrın əvvəlində Türkiyədə öldürülən jurnalist Qaşıqçı cinayəti Ər-Riyadı yola gətirmək üçün Vaşinqtonun əlində “əla vasitə”yə çevrildi. Başqa sözlə, Şahzadə Məhəmməd bin Salman Əl Səuda “diktə” üçün bundan başqa alternativ yol tapılmadı”.

Analitikin qənaətincə, neft nə qədər ucuzlaşsa da, sırf siyasi səbəbə görə 55 dollardan aşağı düşməyəcək:

“Çünki bu, ən iri neft hasilatçısı olan ölkələr üçün də sərfəli deyil. Ola bilsin ki, müəyyən zaman çərçivəsində bunun şahidi olaq. Amma 2016-cı ilin əvvəlindəki kimi qiymətlərin, hətta 40 dollardan da aşağı düşəcəyi inandırıcı deyil”.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv …