Bazar , Fevral 24 2019
Ana səhifə / Aktual / Naxçıvan Muxtar Respublikası – 95

Naxçıvan Muxtar Respublikası – 95

Naxçıvan Muxtar Respublikası – 95
Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir.

1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və şərəfli inkişaf yolu keçmişdir. XX əsrin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan diyarı üçün çətin inkişaf dövrü olmuşdu. Çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlilik yaranmış, bir sıra kapitalist dövlətləri mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhdlər etmişlər. Milli burjuaziyanın və demo k ratik ziyalıların təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılmışdı. Bu şura yalnız Naxçıvanda deyil, eləcə də Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları ermənilərin silahlı quldur basqınlarından qoruyurdu. 

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanı müstəqil dövlət elan etməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratmışdı. Naxçıvan diyarının qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən müəyyən işlər görülmüş, erməni daşnaklarının torpaq iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində cəhdləri dəf olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və çətin vəziyyətə düşən Naxçıvan diyarının Azərbaycanın tarixi torpaqları olduğunu elan etməyə imkan tapa bilməmişdi. Bundan istifadə edən Ermənistan Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətini daha da genişləndirdi. Erməni silahlı quldur dəstələri bölgədə dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdı. Ermənistanın Naxçıvan diyarına olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını almaq üçün əhaliyə kömək göstərdi. İyulun 17-də Naxçıvan Müsəlman Milli Şurası Bələdiyyə idarəsi ilə əvəz edildi. Türkiyənin Naxçıvana gəlmiş XI Qafqaz Ordusu yerli özünü – müdafiə qüvvələri ilə erməni daşnaklarına sarsıdıcı zərbə vurdu. Birinci Dünya müharibəsində məğlub olduğuna və 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli oldu.
Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikası adlı cümhuriyyət yaratdılar. Hökumətin sədri Əmir bəy Nərimanbəyov, nazirlər isə İbrahim bəy Cahangiroğlu (hərbi), Bağır bəy Rzazadə (inzibati), Qənbərəli bəy Bənəniyarlı (maliyyə), Məmməd Bəyzadə (ədliyyə), Həsənağa Şəfizadə (xarici işlər), Mirzəhüseyn Mirzə Həsənzadə və Lütfi Xoca Ekid Əfəndi (şeyxülislam) idi. Paytaxtı Naxçıvan şəhəri olan bu respublikanın ərazisinə Naxçıvan, Şərur- Dərələyəz, Sürməli qəzaları, Üçmüədzin qəzasının bir hissəsi, Ordubad dairəsi, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələr daxil idi. Sahəsi 8696 kvadratkilometrə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq idi. Araz-Türk Respublikasının yaradılmasında məqsəd bölgənin erməni işğalı altına düşməsinə imkan verməmək idi. Hökumət bu istiqamətdə fəal iş aparırdı. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalaşdırılmasında hərbi nazir İbrahim bəy Cahangir – oğlunun böyük əməyi olmuşdu. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil edilmiş, 500 nəfərlik süvari alayı yaradılmışdı. Könüllü xalq dəstələri, təxminən, 20 tabordan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedi basar, Qəmərli və başqa ərazilərdə yerləşdirilmişdi. Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda və Sədərəkdəki taborlara Həsən Şahverdioğlu, Yengicə qüvvələrinə Məşədi Ələsgər ağa, Ordubaddakı tabora İbrahimxəlil Axundov, Nehrəm taboruna Kəblə Muxtar, Cəhri taboruna Kəblə Kərim, Dizə taboruna Məmmədrza bəy, Naxçıvan taboruna Hüseyn Əliyev komandanlıq edirdi. Diyar əhalisinin öz təhlükəsizliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, eyni zamanda İrəvanın özünü qorxuya salırdı. Naxçıvan ərazisində milis idarələri və onların sahə şöbələri də yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəlmişdi. Könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab verirdi. 
Xüsusilə Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər. 1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldilər və burada general- qubernatorluq yaratdılar. Bir aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri də Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçıvanın könüllü surətdə Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsi haqqında idi. Akt hökumət üzvləri, Milli Şura üzvləri və yerli əhalinin nümayəndələri tərəfindən imzalanmışdı. İngilislərin isə məqsədi buranı Ermənistana vermək idi. Lakin Naxçıvan əhalisi diyarın ingilislər tərəfindən Ermənistana verilməsinə qarşı mübarizəyə qalxdı. Bununla əlaqədar Naxçıvan Müsəlman Milli Şurasının üzvləri ingilis generalqubernatoruna məktub göndərərək öz qəti etirazlarını bildirdilər. Məktubda Araz-Türk Respublikası əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi faktı və səbəbləri öz əksini tapmışdı. 
Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xan Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məktubda yazırdı: “Biz özümüzü Azərbaycanın ayrılmaz hissəsi hesab edirik və əminik ki, hər hansı səbəbdən hərbi qüvvə ilə kömək edə bilməsə də, heç olmasa, top, tüfəng və patronla Azərbaycan bizə kömək edəcəkdir. Hətta Azərbaycan bundan da imtina etsə, biz bu yolda canımızdan keçəsi olsaq belə, müqəddəs vədimizi yerinə yetirəcəyik”. 
1919-cu ilin yayında Naxçıvanda olan amerikalı polkovnik Rey Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xanla danışıqlar apardı. Polkovnik V.Haskel Naxçıvan, Şərur- Dərələyəz qəzalarında xüsusi zona və bu ərazidə Amerika generalqubernatorluğu yaratmaq istəyirdi. Bununla əlaqədar V.Haskel öz layihəsini hökumət başçısı N.Yusifbəyliyə təqdim etdi. Bu xəbəri eşidən Cənub-Qərbi Azərbaycan müsəlmanlarının ümumi iclasının sədri Əli Səbri Qasımov, yerlilər cəmiyyətinin sədri Z.Məmmədov və nümayəndə heyətinin üzvü A.Nəcəfov hazırladıqları 10 maddəlik tələbnaməni N.Yusifbəyliyə təqdim etdilər. Bu tələblərin əsasında Naxçıvanı Azərbaycanın tərkibində saxlamaq fikri dayanırdı. 1919-cu il sentyabrın əvvəllərində Naxçıvan nümayəndələri Ə.S.Qasımov və K.M.Əsgərov polkovnik V.Haskelə 10 bəndlik memorandumu təqdim etdilər. Görüş zamanı V.Haskel Ə.S.Qasımovdan soruşdu ki, Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar? Əli Səbri Qasımov bildirdi ki, “əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər”. 1920-ci ilin aprelində Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal olundu. Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Azərbaycanda sovet hakimiyyəti bərqərar edildi. Naxçıvanda sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi İnqilab Komitəsi yaradıldı. Bir neçə gündən sonra avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova belə bir məktubla müraciət etdi: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkə si özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”. Çox qəribə idi ki, Naxçıvanda olan bolşevik ordusu həm Ermənistanla müharibə aparır, həm də onlarla siyasi və diplomatik danışıqları davam etdirirdi. Bu danışıqlarda Azərbaycanın, hətta mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi müzakirə olunurdu. Bundan xəbər tutan N.Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir…” Naxçıvan əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvanla bağlı planlarını pozdu. Bu işdə böyük dövlətlər də onlara kömək göstərə bilmədilər. Məkrli niyyətlərini pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanımış və bu diyar ilə əlaqədar iddialarından imtina etmişdilər. Beləliklə, bölgə əhalisi 1918- 1920-ci illərdə misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutdu, diz çökmədi, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdi. Naxçıvan diyarının əhalisi özünü Azərbaycandan ayrı təsəvvür etmirdi. Onlar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”. İstər sovetləşməyə qədər, istərsə də sovetləşmədən sonra ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrinə sahib olmaq üçün ərazi iddiaları irəli sürmüşlər. Bu sahədə bolşeviklər ermənilərin ən yaxın müttəfiqləri olmuş, “böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi istiqamətində onlara hər cür yardım etmişlər. Nəticədə, ermənilərin “…torpaq iddiaları bolşevik işğalından sonra daha da güclənmiş, bu dəfə Azərbaycan Zəngəzur mahalını itirməli olmuşdur”. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan ayrı düşmüş, onunla heç bir sərhəd xətti olmamışdır. Belə olan halda Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət uğrunda mübarizəyə başlamışdır. 

Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin qeyd etdiyi kimi, “…əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. Naxçıvanda əhalinin narazılığı get-gedə artırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinski 1920-ci il dekabrın 15-də Naxçıvana göndərildi. O, Naxçıvanda, Ordubadda, Şərurda əhali ilə görüşlər keçirir, Naxçıvanın Azərbaycanın tərkibində saxlanması üçün əhalini təlimatlandırırdı. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində Naxçıvana ərazi muxtariyyətinin verilməsini tələb edirdi. 1921-ci il yanvarın əvvəlində Naxçıvanda onun Azərbaycan SSR tərkibində saxlanması barədə rəy sorğusu – referendum keçirildi. Rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu vilayətin muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında və ona muxtariyyət statusunun verilməsində B.Şahtaxtinskinin əməyi xüsusi qeyd edilməlidir. Onun RSFSR XKS-nin sədri V.İ.Leninə yazdığı 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il və xüsusən 1 mart 1921-ci il tarixli məktub və teleqramlarında, əlavə etdiyi arayışlarda bol şevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilən səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan- Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət statusu verilməsi və başqa məsələlər qaldırılmış, təklif və mülahizələr bildirilmişdi. O yazmışdı ki, “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”. Beləliklə, referendumun nəticəsi, eləcə də B.Şahtaxtinskinin təklifləri, Naxçıvan məsələsində Türkiyə tərəfinin obyektiv mövqe tutması nəticəsində Moskvanın Naxçıvan məsələsinə münasibətinin dəyişməsinə və nəticə etibarilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə təsir etdi. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsində təsbit edildi. Müqavilədə deyilirdi ki, tərəflər həmin müqavilənin üçüncü maddəsinə əsasən Naxçıvan vilayətinin Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilmə – məsi şərtilə muxtar ərazi təşkil etməsinə razıdırlar.
Müqavilənin I (C) əlavəsində isə Naxçıvan ərazisinin sərhədləri verilmişdi. 1921-ci il oktyabrın 13-də Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdur. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin beşinci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Beləliklə, 1917-ci ildən mübarizə aparan naxçıvanlıların arzuları gerçəkləşdi, diyarın ərazi mənsubiyyəti məsələsi beynəlxalq müqavilələrlə Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu. 1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr aparılmışdı. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti-geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan ayrı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyarı (ölkə) adlandırıldı. 1924-cü il yanvarın 4-də Zaqafqaziya MİK onu Naxçıvan MSSR elan etdi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir. Ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı. Lakin 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi HeydərƏliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi.

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”, – deyən müdrik dövlət xadimi Heydər Əliyev Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini bir daha bu vacib məsələyə cəlb etmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlanıldı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi. Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illik yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində iştirak edən və təntənəli yubiley iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, onu çiçəklənən diyara çevirmişdir. Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyası tarixinin mühüm əhəmiyyətli hadisəsidir.
Naxçıvanın muxtar respublika statusu onun 95 illik tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olmuşdur. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermişdir. Bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir. Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf dövründə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində ölkəmizin daha böyük inkişafına doğru inamla və qətiyyətlə irəliləyir, çiçəklənən bir diyara çevrilir. 

İsmayıl HACIYEV 
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Həmçinin oxuyun

Xoşqədəm məhkəməni uddu — Nazilə Səfərli üzr istəyib təzminat ödəyəcək

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Azinforum.az …