Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual /  NƏRGİZ PAŞAYEVA: “Nazirlər elə etsinlər ki, xalq onlara baxanda nə ağlamasın, nə də gülməsin”

 NƏRGİZ PAŞAYEVA: “Nazirlər elə etsinlər ki, xalq onlara baxanda nə ağlamasın, nə də gülməsin”

Dünyanı bürüyən iqtisadi problemlərdən, siyasi böhranlardan tez-tez danışırıq.

Lakin heç birimiz bu böyük depressiyaya gətirib çıxaran bəlaların kökləri haqda dərindən düşünmürük. Halbuki adına ictimai bəla dediyimiz hər şey əslində mənəvi yoxsulluqdan, mənəvi miskinlikdən başlayır.

Bütün ictimai, milli, sosial dəyərlərin əsas tənzimləyicisi heç də ümumbəşəri dəyərlər deyil. Bu rolu məhz fərdi dəyərlər oynayır. Biz insani simaya malik dövlətçiliyin qurulmasından məhz bu səbəbdən tez-tez bəhs edirik.

Mən politoloqların xoşladığı ifadə ilə desək, hakim Ailənin nümayəndələrindən birini –  Nərgiz Paşayevanı bu yaxınlarda daha yaxından tanımaq imkanı əldə etdim. Şübhəsiz ki, ağıllı, istedadlı, parlaq bir şəxsiyyətdir. Hər şeydən əvvəl isə əsl insani keyfiyyətlərə malik səmimi bir adamdır. Üstəlik ədalətlidir. Və şübhəsiz ki, həm də cəsur. Nərgiz Paşayeva bu sözün tam mənasında gözəl insandır!

Mən Nərgiz xanımın ad günü ərəfəsində (Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva dekabrın 13-də anadan olub) özümdə cəsarət tapıb professoru təbrik etmək əvəzinə onu ən səmimi və açıq suallarımıza cavab verməyə razı salmaq üçün dilə tutmağa başladım.

Nərgiz Paşayeva da bütün suallarıma cavab verdi. Hətta hakimiyyətdəki adamların çoxunun cavablandırmaqdan yayındığı suallarıma da…

Beləliklə, Nərgiz Paşayeva öz ad günündə virtualaz.org saytının suallarını cavablandırdı.

Bu qeyri-adi xanımın portreti ilə tanış olun…

-Sizin adınız hakim Ailənin həyatına dair xəbərlər xronikasında əvvəllər tez-tez ilk cərgələrdə görünərdisə, son vaxtlar belə təəssürat yaranır ki, haradasa kölgəyə çəkilmisiniz. Bu da təxəyyülü zəngin olan böyük şəhərimizdə bəzi şayiələrə səbəb oldu. Dedi-qodu həvəskarları isə sizin hətta təqib olunmağınız barədə danışmağa başladı. Bunlar gerçəkliyə nə dərəcədə doğrudur?

-Məncə, bundan narahat olmağa dəyməz. Sadəcə olaraq diqqətli olun. Baxın görün bu məlumatları yayanlar kimlərdir. Bunlar ya bayağı, ya da yalançı “analitiklər”dir. Məncə, şayiələr heç təxəyyül məhsulu da deyil. Xüsusilə bu prosesə axmaqlıq da qarışanda onlar daha çox olur.

Mənim təqib olunmağıma gəlincə isə… Bu, yalnız o halda mümkün olar ki, mən özüm olmayım – Nərgiz Paşayeva. Bu da ki, sadəcə həddən artıq fantastikdir. Mən açıq və dürüst insanam. Sözü üzə düz deyənəm. Dediyim sözün nəticəsinin çiynimə hansısa ağır yükü qoyub-qoymayacağından asılı olmayaraq ikiüzlülük etməyi sevməyənlərdənəm.

-Təəssüf ki, bizim ölkəmizdə xüsusilə də vacib şəxslərin siyasi fəaliyyəti qədim Bizansda olduğu kimi, pərdə arxasında gedir. Hakim elitanın hər bir üzvü bəlkə elə buna görə hansısa sirr pərdəsinə bürünüb və bu da saysız-hesabsız şayiələrə səbəb olur? Necə düşünürsünüz, bizim ölkədə öz həyatını hansı yolla daha açıq və şəffaf edə bilərsən?

-Bir dəqiqə, icazə verin. Amma dediyiniz kimi, hakim elitanın hər bir üzvünün hansısa sirr haləsi ilə əhatə olunması fikri ilə razılaşmaq olmaz. Albert Eynşteyn Çarli Çaplini ilk dəfə görəndə ona belə deyib: “Siz məşhursunuz, çünki sizi hamı başa düşür. Mən də məşhuram, çünki məni heç kim başa düşmür”.

Ola bilsin ki, başqa adamlar digərlərini “nisbilik nəzəriyyəsi”ndə olduğu kimi, anlaşılmazlıqla diksindirib həyəcanlandırmaq üçün “pərdə arxasında” qalmaq istəyərdi. Lakin həmin dövrlər artıq arxada qalıb. İndi hamı hər şeyi bilir. Yaxşını da bilir, pisi də. Həqiqəti də bilir, yalanı da… Demək olar ki, heç bir məchulluq qalmayıb, qaranlıq qalan heç nə yoxdur. Bəzən çox gülməli və maraqlı, bəzən də qərəzli olan bu uydurmalara olan marağı isə elə bu uydurmaların müəlliflərinin özləri yaşadır.

Səmimiyyət çox olanda, saxtakarlıq, riyakarlıq və xəyanət olmayanda həyat və ona münasibət daha açıq və şəffaf olur. Yalan insanın ruhunu əzir, şəxsiyyəti sındırır və eybəcərləşdirir. Yalanın acı meyvələri olur. Dürüstlüyü məhv edir. Yaxşıları korlayır, pisləri isə daha da pisləşdirir. Amma eyni zamanda açıq könüllü olmaq da zorən olmamalıdır. Heç də yaxşı zövqü olmayan adamların öz şəxsi həyatının təfərrüatlarını sosial şəbəkələr vasitəsilə paylaşıb bölüşməyə başlaması xoşuma gəlmir.

Şəxsi həyat yalnız o halda ictimai maraq kəsb edir ki, həmin şəxs görkəmli, dahi adam olsun. Qalanları isə əksər vaxtlarda miskin özünüreklam, özünə valeh olan gənc adamların ucuz piarı təsiri bağışlayır.

-Siz işinizlə bağlı tez-tez Qərb ölkələrində səfərlərdə olursunuz. Azərbaycanı necə görmək istəyərdiniz: həmin Qərb ölkələri sayaq, yoxsa siz də sovet nəslindən olan çoxları kimi 70-ci illər Bakısının xiffətini çəkirsiniz?

-Təcrid olunmuş istənilən mədəniyyət mədəniyyət adlanmağa layiq deyil. Biz başqaları ilə həmsərhəd olan hansısa bir mütərəddid, aldadıcı zəmanədə yaşayırıq. Bu dövrdə biliklər, fikir və təcrübə, bir çox məsələlərə baxışların mübadiləsi çox vacibdir. XXI əsrin adamları əlaqə qurmağı öyrənməyi bacarmalıdır, nəinki münasibətləri kəsməyi. Hər bir adamın insani gücünün və ləyaqətinin dəyərləndirildiyi və təşviq edildiyi daha mütərəqqi, azad, ədalətli və intellektual dünyanın, Volterin “mən sənin fikirlərini qəbul etmirəm, amma sənin öz fikirlərini ifadə edə bilməyin üçün öz həyatımı da qurban verməyə hazıram” ideyasını hələ yaşadan bir dünyanın bir parçası olmaq gərəkdir.

İdeal ölkələr olmur. Amma yaxşı ölkələr var və bu – faktdır. Bu ölkələrdə daha yaxşı və bəzən də pulsuz təhsil, səhiyyə, təmiz ekologiya var, sosial təminat səviyyəsi yüksəkdir. Orada sadə adamlar yaxşı və etibarlı həyata malikdir. Orada sadə vətəndaş çoxsaylı rüşvətxorlardan və xəzinə oğrularından qorunurlar, çünki həmin ölkələrdə belə əliəyri adamlar ordusu sadəcə olaraq yoxdur. Bəli, o ölkələrdə də ictimai xəstəliklər var. Lakin orada ağlın və vicdanın səhvlərindən yaranan xəstəliklər yoxdur. Mənə elə gəlir ki, gerçəkliyi bilmək faydalıdır. Həqiqəti guya anlamamağın, onunla tanış olmamağın görüntüsünü yaratmağa çalışmaq isə düzgün deyil. Yəni konduktorun acığına piyada getmək olar, amma relslərin üstünə uzanmaq olmaz.

Qərb bu gün özünün bütün problem və çatışmazlıqlarına baxmayaraq hər halda daha yüksək inkişaf səviyyəsindədir. Ətrafımıza, bizi əhatə edən hər şeyə, hər gün istifadə etdiklərimizə – avtomobildən telefona və digərlərinə qədər – baxın. Bütün bunlar Qərb sivilizasiyasının nailiyyətləridir. Hər şey də ifrat dəbdəbədən uzaq və konkretdir. Məncə, Avropadan mənimsəniləsi, öyrəniləsi çox şey var, həyatın getdikcə sürətlənən ritminə uyğunlaşmaq lazımdır. Avropa özünə çox vaxt tənqid selləri arasında yol açıb, inkişaf edib. Təsəvvür edin ki, Bethovenin 5-ci simfoniyasını bir zamanlar “musiqinin qürubu” adlandırıblar. İndi isə bu fikir adamda sadəcə olaraq təbəssüm doğurur.

Bakı nostalgiyası… Siz qəlbimizin ən incə telinə toxundunuz. Mən “Bakı daha gözəl olub” məzmunlu, sırf təşviqat xarakterli sözləri eşidəndə kədərlənirəm. Bunu hansısa aul haqda demək olardı, amma qədim və çox gözəl Bakı haqda yox! Bakı gözəlləşməyib, o, elə əvvəldən gözəl olub! Bu söhbətlər mənə haçansa oxuduğum tragikomik bir fikri xatırladır: “Mənim əsil-nəcabətim yoxdur, uşaqlarımın isə var”.

-Belə demək cəsarətini öz üzərimə götürüm, Paşayevlər və Əliyevlər siyasi sülaləsinin digər nümayəndələri kimi Nərgiz Paşayeva da ictimai rəy tərəfindən güclü və qüdrətli insanlar kimi təqdim və qəbul olunur. Bu, doğrudurmu ki, sizin bircə sözünüz bir çox nazirlərin qərarını dəyişə bilir?

-Bunu etiraf edim ki, öz soyadımızın bütün səhifələrini vərəqləyəndə Paşayevlərin siyasi sülalə olmasını təsdiqləyən heç bir fakta, dəlil-sübuta rast gəlməmişəm. Ola bilsin, bu, mənim səhlənkarlığımdır, amma mən bu fikirlə razı deyiləm. Əliyevlərlə Paşayevləri 30 ildən çoxdur ki, qohumluq əlaqələri, ümumi uşaqlar, nəvələr, nəticələr, qohumlar və s. bağlayır. Və əgər siyasi fonun olmadığı dövrləri nəzərə alsaq, bu, həmişə siyasətdən də üstün olub. Mən Zərifə xanımın – o həssas və gözəl insanın mülayim, ilıq təbəssümünü, bir az da nigaranlıq dolu, nəvaziş və şəfqət saçan o baxışlarını yaxşı xatırlayıram, bunu heç vaxt unutmaram.

Nazirlərə gəlincə isə mən onların çoxu ilə heç telefonda da danışmamışam. Belə gülünc, fantom versiyalar haradan çıxır? Amma mən rektoram, bizim işimizlə bağlı olan şəxslərə zəng vura, nəyisə müzakirə edə bilərəm. Belə hallar da olur ki, kimlərsə bunu bilərəkdən, yaxud da istəmədən bizim işimizə, tələbələrimizə, müəllimlərimizə ziyan vura bilər. Axı bizim universitet şəhərcik kimidir. Orada sutka boyunca iş gedir. Orada adamlar qalır. İşdən evə bəzən gecə yarısı gedirik. Axşam saat 10-11-ə qədər işdə oluruq. Orada Moskvadan olan 50-60 müəllim yaşayır. Bakıda evi olmayan, yaxud evi uzaqda olan tələbələr qalır. Nazirlərə gəlincə isə qoy onlar ictimai rəyin diqqət yetirdiyi məsələləri əsas götürsünlər. Onların ən birinci vəzifəsi cəmiyyətə, insanlara xidmət etməkdir. Elə etsinlər ki, xalq onlara baxanda nə ağlamasın, nə də gülməsin.

Necə düşünürsünüz, normal qadın qüdrətli və güclü ola bilərmi? Bu suala cavab verim: ola bilməz və heç lazım da deyil. Böyük Höte yazırdı ki, “ağacların başının səmaya dikilməsinə icazə verilməyib”. Allaha şükür ki, belədir.

-Birinci ledi ilə tez-tezmi ünsiyyətdə olursunuz? Deyilənə görə, böyük bacı kimi ona təsir göstərirsiniz. Belə deyək, nəyə görəsə, hansısa bir məsələdə onu tənqid edə bilirsinizmi? Təbii ki, üzbəüz olanda…

-Bizim zəmanədə ən böyük problemlərdən biri vaxt azlığıdır. Daim seytnot vəziyyətində olursan, zamanın çatmır. Fəaliyyət məkanın, meydan genişlənib, vaxt isə əksinə, azalıb. Hər ikimiz hazırda vaxt çatışmazlığını hiss edirik. Əvvəllər ünsiyyət üçün daha çox vaxt olurdu. İndi isə bu baxımdan çətindir. Hər birimizin sıx iş qrafikimiz var, işimiz, ailəmiz var. Lakin sutkanın 24 saatı ərzində bacımla bir anlıq, qısamüddətli əlaqə yaratmaq imkanımız olur.

Təsirə gəlincə isə hamı bir-birinə bu və ya digər dərəcədə təsir göstərir. Bu, okeanın qabarıb-çəkilməsinə bənzəyən bir şeydir. Mən tənqid edə bilərəm. O da edə bilər. Axı bu, çox normaldır. Tənqiddən yox, yaltaqlıqdan, üzgörənlikdən qorxmaq lazımdır.

-Sizin birinci şəxsə birbaşa çıxışınız var. Təəssüf ki, indiyədək nə birinci xanımdan, nə də cənab prezidentdən müsahibə almağa nail ola bilməmişik. Onların siyasi portretləri barədə yalnız telekanallar vasitəsilə mühakimə yürüdə bilirik. Bu isə xüsusi nəticələrə gəlməyə, xüsusi təəssüratlar əldə etməyə yetmir. Prezident İlham Əliyev nə dərəcədə açıq və səmimi insandır? Siz onunla, məsələn, siyasi məsələləri, ölkənin vacib problemlərini müzakirə edə bilirsinizmi?

(davamı olacaq) Virtualaz.org

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın