Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Millət vəkili: “Gəncənin qəhrəmanı Cavad xan və oğlu Hüseyn xandır, Yunis Səfərov deyil”

Millət vəkili: “Gəncənin qəhrəmanı Cavad xan və oğlu Hüseyn xandır, Yunis Səfərov deyil”

Fazil Mustafa: “Bizi təhqir edən hər kəsə qarşı silahla cavab versək, onda Azərbaycanda sağ adam qalmaz”

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”ın Facebook üzərindən yayımlanan canlı yayımın qonağı olub.

Musavat.com xəbər verir ki, F.Mustafa öncə Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı mövzuda deputatlar arasında yaranan fikir ayrılıqlarına toxunub.

Müsahibimizin sözlərinə görə, baş verən hadisə Azərbaycan cəmiyyətində elə izlər buraxıb ki, buna birmənalı rəylərin olması gözlənilən deyil: “Ona görə də millət vəkillərinin mövqelərinin təhlil edilməsi doğru deyil. Hadisənin detalları tam şəkildə üzə çıxmayınca bu mübahisələr ortaya çıxacaq. Cinayəti şəxsiləşdirmək lazım deyil. Nə də ictimai rəyə xoş gəlmək üçün qiymətləndirmənin tərəfdarı deyilik. Millət vəkillərinə yanaşma da bu kontekstdən ortaya çıxıb”.

F.Mustafa bildirib ki, baş verən kriminal hadisədir. İlkin istintaq araşdırmasına görə, dövlət məqamında olan şəxsə öldürmə məqsədi ilə sui-qəsd edildiyini xatırladan millət vəkili deyib ki, icra başçısının mühafizəçisinə də ağır bədən xəsarəti yetirilib: “Bütün bunlar göstərir ki, hadisə cinayət zəminində baş verib. Motivi adi hadisə ola bilərdi ki, kimsə icra başçısının davranışından, fəaliyyətindən narazı olaraq belə bir əməl həyata keçirilib. Sonra bir qrup adamlar, bir qadın ortaya çıxıb, bunun dini motivlə olduğunu, başqa bir kateqoriya  isə bacısına görə baş verdiyini dedi. Bizim inanacağımız əsas versiya rəsmi dövlət qurumlarının birgə yaydığı bəyanatdır. Orda daha çox qabardılan isə hadisənin dini motivlərlə edildiyidir. Bu, istintaqın gedişində məlum olacaq. İstintaqın gedişində özü ifadə verəcək, əlavə dəlillər toplanacaq. İstintaq orqanlarının da hüququ var ki, istintaqın gedişində hansısa versiyadan imtina etsin. Əgər imtina edilməyibsə, indi bunun üzərində dayanmalıyıq”.

Müsahibimiz sosial şəbəkələrdə, bir qrup insan arasında E.Vəliyevi güllələyən Yunis Səfərovdan xalq qəhrəmanı düzəldilməsinin də zərərli tendensiya olmasına diqqət çəkdi. Dedi ki, ümumiyyətlə, Gəncə şəhəri Azərbaycan tarixində 2 fakta görə böyük dəyər əxz edir. Birincisi, Cavad xanın adı ilə simvollaşan rus işğalına qarşı müqavimnət şəhəridir. Digər bir fakt isə Cavad xanın oğlu Hüseyn xanın da şəhərin azadlığı üçün Sisyanovun ordusu ilə mübarizə apararaq, döyüşməsi və şəhərin qala divarlarında şəhid olmasıdır: “Ona görə də bilmək lazımdır ki, Gəncənin qəhrəmanı Cavad xan və oğlu Hüseyn xandır, Yunis Səfərov deyil. Gəncə 1918-ci ildə ADR-in ilk paytaxtı olub. Gəncənin qəhrəmanları Nəsib bəy Yusifbəyli, Xasməmmədov və bu kimi tarixi şəxsiyyətlərdir. Sonrakı dövrlərdə, 1993-cü ildə Gəncə adı Gəncə qiyamı ilə yadda qalıb. O zaman Cavad xanı, Xasməmmədovu qəhrəman sayan insanların arasından bir qrup tapıldı ki, Gəncə qiyamını törədən Surət Hüseynovu, kriminalı qəhrəman saymağa başladılar. Təəssüf ki, 2018-ci ildə baş verən bu kriminal hadisədən sonra hadisənin motivi nə olursa-olsun, bir nəfər icra başçısına atəş açıb. Sosial şəbəkələrdə isə bir qrup insan onu qəhrəman kimi təqdim etməyə çalışdı. Bu, onu göstərdi ki, Gəncənin azadlığı uğrunda vuruşan böyük qəhrəman modellərinin kiçildilməsi baş verdi. Adi bir kriminal şəxs qəhrəmana çevrilməyə başlayanda Gəncənin ziyalı, Azərbaycanın avanqardı, düşüncə məktəbi olan bir mərkəzinə qarşı haqsızlıq edilir”.

F.Mustafa bildirdi ki, bir icra başçısı yanlış hərəkət də edə bilər. Amma bunun cavabı hüquqi olmalıdır: “Əgər ölkədə bizi təhqir edən hər kəsə qarşı silahla cavab versək, onda Azərbaycanda sağ adam qalmaz. Bu yola bəraət qazandırmaq olmaz”.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …