Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / Məhərrəm ayı: qan tökməyək, qan verək…

Məhərrəm ayı: qan tökməyək, qan verək…

Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində dönüş nöqtəsi sayılır

Sentyabrın 11-dən müsəlman aləmində Məhərrəm ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası da fətva verib. Qeyd edək ki, bu ayın 10-cu günü – Aşura sentyabrın 20-nə təsadüf edəcək. Səfər ayı isə oktyabrın 11-də başlayacaq və noyabrın 8-də başa çatacaq.

Kərbəla hadisələri

yalnız qanlı qırğın, müharibə deyil..

Məhərrəm İslam dininə görə 4 “haram” (“Muhərrəm” haram edilmiş mənasındadır ) aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrində Məhərrəm ayı haqda bir sıra məlumatlar var. Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olub.

Kərbəla hadisələri yalnız qanlı qırğın, müharibə deyil, bütövlükdə bir hadisələr zənciri olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi. Həzrət Hüseyn (ə) əməvi xəlifəsi, hakimiyyəti atasından irs almış Yezidin beyət tələbini rədd edir. İslamda irsi sülalə hakimiyyətinin olmadığını, Peyğəmbərin xəlifəsi adına iddia edən şəxsin dinin tələblərinə riayət edən, əxlaqlı, ədalətli insan olması tələbini qoyur. İmam Hüseyn (ə) bir inqilabçı, üsyançı deyil, özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pisliklərdən çəkindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir əzabkeş idi.

Həzrət Hüseyn bir döyüşçü və ya komandir deyil, ilk növbədə İmam, İslam ümmətinin rəhbəri idi. Bütün qanlı cinayətlərin, qarşılaşdığı haqsızlıq və nifrətin müqabilində düşmənlərini əfv etməsi, mərhəmətlə yanaşması İmam Hüseynin (ə) rəhmli, mərhəmətli, həqiqi Allah aşiqi olduğunu göstərir. Məhz bu səbəbdən Kərbəla hadisələri, İmam Hüseynin fədakarlığı bir çox dünya mütəfəkkirlərinə böyük təsir göstərib, ilham qaynağı olub.

Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır…

***

Hicri Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində dönüş nöqtəsi sayılır. Bu hadisə İslam dünyasında böyük təsir yaratdı. Səhabə və tabeindən olan çox insanlar Yezidə etiraz etdilər, hətta daha sonra xəlifə İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı fərman vermədiyini, bunu Kufə valisinin özbaşına etdiyini deyir. Ancaq etirazlar böyüyür və sonrakı il Mədinədə etirazları yatırmaq üçün əməvi xəlifəsi Yezid şəhərə ordu göndərib Mədinəni yandırır. Ancaq Kərbəla hadisəsindən sonra xilafətdə əməvi sülaləsinə etirazlar dayanmır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kərbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir.

Ancaq Peyğəmbərin (s.ə.s) sevimli nəvəsinin və ailə üzvlərinin qətlə yetirilməsi, ailəsinin əsir alınması, Dəməşqə zəncirlənib aparılması böyük bir faciəyə çevrilir. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar.

Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir, hər il müsəlmanlar Aşura qətliamını eyni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyn və tərəfdarlarına yenicə dünyadan köçmüş insanlar kimi yas tuturlar.

Hicri 61-ci ildən sonra Məhərrəm ayı təqvimdə xüsusi yer aldı. İlk olaraq İmam Hüseyn (ə) ailəsi, daha sonra Kufə müsəlmanları Kərbəlada matəm mərasimlərini keçirməyə başladılar. Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğunu nəzərə alıb küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadar idi.

Sonrakı illərdə, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsə çevrilən növhə, mərsiyə yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.

Təbii ki, bütün dini məsələlərdə olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar olur. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükdə təhriflərə, qadağalara baxmayaraq Kərbəla olaylarını unutdurmaq mümkün olmayıb.

Son illərdə müsbət hadisədir ki, Aşurada İmam Hüseynə əza saxlamaqla yanaşı sosial yardımlaşma, ehtiyaclılara yardım, qan verilməsi kimi sosial aksiyalar da keçirilir.

Bu ayda nə etmək olmaz?

El arasında tez-tez belə bir fikirlər səslənir ki, Məhərrəm ayında elçi getmək, toy mərasimləri, içki məclisləri, bayram tədbirləri, təmtəraqlı məclislər keçirmək, həmçinin saç kəsdirmək, saç boyamaq, Aşura günündə sabundan istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olmaz.

Bəs nə olar, nə etmək isə haramdır? Dindarlar qeyd edir ki, İslamda Məhərrəm ayında müharibə günah sayılır. Yəni bu ayda müsəlmanların savaş etməsi, müharibələrə qoşulması, səhər və axşam namazları arasındakı vaxtda şadyanlıq etmək kimi əməllər günah sayılır. Toy və digər təmtəraqlı şadyanlıq məclisləri keçirmək xoş qarşılanmır. Saç kəsdirmək, saç boyamaq, sabundan istifadə etmək və bu cür işlərlə bağlı isə dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyətlər yoxdur.

Həmçinin oxuyun

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Sentyabrın 24-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvdövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı özişinə …