Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / Lerikdəki yunan qadının hekayəsi: “Yaxşı ki, tale məni Lerikə gətirdi…”

Lerikdəki yunan qadının hekayəsi: “Yaxşı ki, tale məni Lerikə gətirdi…”

“Bacılarım Yunanıstanda yaşayır, məni də ora çağırırlar. İllər keçib, amma hələ də inanmırlar ki, Lerik mənim cənnətimdir, mən başqa bir ölkədə, başqa bir şəhərdə yaşaya bilmərəm. Deyirəm ki, siz də bura gəlin, geri qayıtmaq istəməyəcəksiniz”.

Bunu 30 ildən çoxdur Lerikdə yaşayan 60 yaşlı Aleksandra Şmeleva deyir. Şmeleva 10 ilə yaxındır Lerik Rayon Mərkəzi Xəstəxanasında çalışır. Onunla Səhiyyə Nazirliyinin bölgələrdəki xəstəxanalarda yaradılmış şəraitlə tanış olmaq üçün təşkil etdiyi media-turda tanış oluruq.

Aleksandranın ailəsi yunan-türk müharibəsi illərində Rusiyaya köçüb. Özü Tbilisidə doğulub. 12 yaşında isə ailəsi Yessentuki şəhərinə gəlib. Deyir ki, lerikli oğlanla tanış olandan sonra həyatı dəyişib, adını belə eşitmədiyi rayona gəlib, burada ailə qurub. Amma çox keçməyib ki, həyat yoldaşı onu və körpə övladını qoyub Rusiyaya gedib.

“Dostlardan biri məni Lerikə qardaşının toyuna dəvət etdi. Tətildə olduğum üçün gəldim, burada gələcək həyat yoldaşımın evlənmə təklifini qəbul etdim. Valideynlərim buna qarşı çıxdılar, amma mən ona vurulmuşdum. 1 ildən sonra ayrıldıq, məni bir uşaqla tək, köməksiz qoydu. Evsiz və kimsəsiz qalmışdım”, – qadın o günləri xatırlayır. Deyir ki, tək uşaqla ortada qalıb, onu nə oğlanın ailəsi, nə də öz valideynləri qəbul etmək istəməyiblər. Və övladını təkbaşına, zəhmətlə böyütməyi qərara alıb.

Amma çəkdiyi əziyyətlərə baxmayaraq Lerikə gəldiyi üçün hər gün Allaha şükürlər etdiyini, bir gün belə peşman olmadığını da əlavə edir. “Burdakı insanlar mənə öz doğmaları kimi yanaşdılar, çox kömək etdilər. Sonra xəstəxananın baş həkimi Mübariz Ağayevin yanına gəldim, ondan iş istədim. Mənə iş verdi, dedi ki, nə problemim olsa, kömək etməyə hazırdır. Mən də əlimdən gələni edirəm ki, xəstələr razı qalsınlar. Çətinliklə də olsa, övladımı böyütdüm, evləndirdim. İndi də hərdən Yessentukiyə – qohumlarımı görməyə gedirəm, amma hiss edirəm ki, Lerikdən kənarda yaşaya bilmərəm”.

Aleksandra Azərbaycan, türk, rus, yunan dili ilə yanaşı, talış dilini də bilir. Çoxu onun haqqında söhbətə belə başlayır: “Lerikli yunan qadın”…

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-nun bufeti də bağlandı

Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret …