Ana səhifə / Aktual / Kolleclər bitirənlərin ali məktəbə imtahansız qəbul olunması “FACİƏ”yə səbəb olacaq – EKSPERT

Kolleclər bitirənlərin ali məktəbə imtahansız qəbul olunması “FACİƏ”yə səbəb olacaq – EKSPERT

“Təhsil Haqqında Qanun”a edilən və təsdiqlənən dəyişikliklərdən biri də ali məktəblərə qəbulla bağlıdır. Belə ki, növbəti illərdə kollectəhsilli şəxslər universitetlərə müsabiqəsiz qəbul olunmaq şansı qazanacaqlar. Bu isə, öz-özlüyündə ali məktəblərdəki qəbul şərtlərinin getdikcə asanlaşmasına, tələbə kontingentinin artırılmasına bir nümunədir. Bunu həm də Qərb ali təhsil standartları ilə inteqrasiya kimi də anlamaq olar. Çünki, əksər Avropa, eləcə də dünya universitetlərinə daxil olmaq üçün, bir o qədər də çətin şərtlər tələb olunmur. Lakin qəbul olunduqdan sonra, orada təhsil almaq, oxumaq çox çətin prinsiplər, sərt tədris qaydaları əsasında aparılır. Bu tendensiya uzun illərdir ki, Avropa universitetlərində var və tədrisin keyfiyyətinə də xeyli təsir göstərib. Çünki ali məktəblərdə yalnız sərt tədris tələbələrini yerinə yetirə bilən tələbələr təhsillərini davam etdiriblər. Azərbaycanda da bu istiqamətdə atılan addımlar bu tendensiyaya – universitetdaxili təhsilin sərtləşməsinə səbəb ola bilərmi?

Azinforum.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan millət vəkili Fazil Mustafa bu qaydaların indiki şərtlərdə faydalı olacağını düşünür:

“Təbii ki, bunlar tam olaraq dəyişiklik deyil, təklifdir. Təkliflər də  cəmiyyətdə müzakirə olunmalıdır. Burada kolleclərin səviyyəsi önəmlidir. Bizdə kolleclərin səviyyəsi aşağı olduğuna görə oranı bitirmiş insanların ali məktəbə qəbul olunmasının hansısa fayda verəcəyini düşünmürəm. Hər bir məsələdə faydalılıq prinsipi əsas götürülməlidir. O cümlədən bu məsələdə də. Ümid edək ki, bu istiqamətdə araşdırmalar, müəyyən müqayisələr aparılandan sonra müsbət qərarlar qəbul oluna bilər. Amma kollec bitirmiş  şəxslərin ali məktəbə imtahansız qəbul olunması qaydasının indiki şərtlərdə faydalı olacağını düşünmürəm.

Biz də dünya universitetlərindəki təcrübənin tərəfdarıyıq. Amma kollecdə nailiyyət yoxdur və məktəb yaxşı təhsil vermirsə, ali məktəbə qəbulu kütləviləşdirməyin heç bir mənası yoxdur.Bunun başqa yolunu tapmaq lazımdır”.

Xəzər Universitetinin müəllimi Mail Yaqub isə abituriyentlərə azadlıq verilməsinin, intahansız qəbulun tərəfadarı olduğunu qeyd edib:

“Qərb təhsil sistemində universitetə qəbul olunmaq asan, onu oxumaq isə çətindir. Mən də bu sistemin tərəfdarıyam. Məncə, ümumiyyətlə, universitetə qəbul çox  asan olmalıdır. Mən dəfələrlə şahidi olmuşam. Görmüşəm ki, tələbənin istedadı, intellekti yüksəkdir. Amma ali məktəbə aşağı balla qəbul olunub. Universitetə qəbul balı bütünlüklə tələbənin istedad və bacarığının göstəricisi ola bilmir.

Əksər hallarda tələbə qəbul imtahanı günü psixoloji sarsıntı keçirir. Psixoloji cəhətdən hazır olmadığına görtə yüksək bal da toplaya bilmir. Buna görə də abituriyenti qəbul imtahanı üçün küncə sıxmaq olmaz. Onlara rahatlıq vermək lazımdır. Tələbə istedad, intellekt, zəkasını qəbul imtahanı ilə ölçmək yanlışdır. Hətta bəzən tələbənin istedadı özünü 1-2-ci semestrdən sonra büruzə verir. Mən təhsildə azadlıq, sərbəstliyin tərəfdarıyam . Tələbəyə azadlıq verilməlidir ki, o, gizli qalan istedadını göstərə bilsin. Onu sıxıb stresə salmaqla istedadını boğmuş oluruq”.

O, universitetlərə qəbul kütləviləşdiyi halda ali təhsilin keyfiyyətini qaldırmağın yollarını da izah edib:

“Bunun həlli yolu var. Qəbul asan olsa da tədris və dərs prossesi ciddi həyata keçirilməli, 2-ci semestrdən etibarən qeyri-ciddi tələbələr ali təhsil müəssisələrindən uzaqlaşdırılmalıdır. Eynən qərbdəki kimi”.

Filosof  Müşfiq Şükürlü isə bu sistemin gələcək nəticələrini açıqlayıb:

“Bizdə müəllimlərin maaşları azdır. Qəbul olunan tələbələrə layiq olduqları qiymətləri verməyə “cəsarət” etməyəcəklər. Məsələ banal rüşvətlə həll oluna bilər. Qəbu olunan tələbələrin böyük əksəriyyəti “diplom” alacaq.

Amma ümumiyyətlə qəbul stressini azaltmağın tərəfdarıyam. Buna heç bir gərək yoxdur. İnsanlıqdan da deyil. Təhsil almaq istəyən və bunun üçün müvafiq daxili və xarici imkanları yetən insanlar ali təhsil almaq imkanına malik olmalıdırlar”.

Onun sözlərinə görə ölkəmizdə Qərb standartlarının tətbiq olunması üçün üəyyən şərtlər ödənməlidir:

“Təhsilin formasını Qərb standartlarına yaxınlaşdırmaq bir şey verməyəcək. Məzmunu da o standartlara yaxınlaşdırmaq lazımdır. Professor özünü professor kimi hiss etməlidir, pulla qiymət, kurs işi, diplom işi yazmamalıdır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …