Ana səhifə / Aktual / Jurnalistlərin sorğusundan yayınan məmurlar: qanunun tələbi sərtdir…

Jurnalistlərin sorğusundan yayınan məmurlar: qanunun tələbi sərtdir…

Əsabəli Mustafayev: “Jurnalistin sorğusuna cavab verməyən məmuru məhkəməyə vermək olar”; Qulu Məhərrəmli: “Məlumat mənbələri, o cümlədən də məmurlar jurnalistlərin sorğularını cavablandırmalıdır”

Günümüzdə tez-tez müxtəlif dövlət qurumlarının medianın sorğusuna cavab vermədiyinin, məmurların  görülən işlə bağlı ictimaiyyəti məlumatlandırmadığının şahidi oluruq. Təbii ki,  ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması baxımından jurnalistlərin rolu cəmiyyətdə əvəzedilməzdir. Jurnalistikanın funksiyalarından biri də ictimai nəzarətdir. Jurnalistlər hər gün  hansısa məlumatı qısa müddət ərzində dəqiqləşdirib, ictimaiyyətə çatdırmağa çalışırlar. Lakin bəzi məmurlar jurnalistlərin sorğusuna cavab vermirlər, hətta hesabat əvəzinə, acı, az qala borclu çıxaran cavablar verirlər. Hansı ki, hesabatlılıq, şəffaflıq qanunun tələbi və ölkə rəhbərliyinin daim çağırış etdiyi məsələdir…

Bu günlərdə Göyçayda keçirilən Nar festivalının sponsorunun kimliyi ilə bağlı jurnalistlərin sualına cavab verərkən, Göyçay Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasib Kamran  Kərimov jurnalistlə söhbətində heyrət doğuran bir ton sərgiləyib. Sitat: “Festival keçdi, kimə nə aidiyyətı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi, nəyi araşdırırsınız? Sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsınız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimaiyyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib?  Siz bunu araşdıra bilmərsiniz. Bu sizin səlahiyyətinizdə deyil.  İctimaiyyətin  gözünə nə soxursunuz ki, kim nə qədər pul xərcləyib?”

Əslində bu cür münasibət göstərmək məmurun təmsil etdiyi quruma hörmətsizliyidir. Adətən bu cür yanlış davranışları aşağı ranqlı məmurlar sərgiləyir və bununla yuxarı instansiyaları da, belə demək mümkünsə, hədəfə gətirirlər. Məmurlar həm də qəbul etməli, başa düşməlidir ki, jurnalistlə normal davranmaq onun öz peşəsinə və təmsil etdiyi struktura hörməti deməkdir…

Yada salaq ki, 2015-ci ildə Binəqədidə yanan binanın təmir işlərinə hansı tikinti şirkətinin qatılacağı ilə bağlı jurnalistin sualına, o zaman baş nazirin müavini vəzifəsini icra edən Abid Şərifov da aşağıdakı tərzdə cavab vermişdi:

 “Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun ”pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

Hansı ki, bu məsələni araşdırmaq məhz mətbuatın işidir. Məmur hesab etməməlidir ki, o, qanunsuzluqlar edə və sağlam, mədəni şəkildə araşdırma aparan, sual verən jurnalistlə istədiyi tonda da danışa bilər. Biz ötənlərdə media ilə normal davranış göstərə bilməyən məmurların sonralar acı tale yaşadıqlarının da şahidi olmuşuq…

İnternetdə axtarış verən zaman bu cür cavablara çox rast gəlirik. Əksər hallarda jurnalistlər məmurların dövlət büdcəsinin hesabına gördükləri işlə bağlı detallı məlumat ala bilmirlər. Hüquqşünaslar bildirirlər ki, bu cür danışan məmurlar qanundan xəbərsizdirlər.

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində hər şey qeyd olunub: “Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq edilir. Maddənin ikinci hissəsində isə verilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur. İnformasiya sorğusuna, suala cavab verilmədiyi halda jurnalist məhkəməyə müraciət edə bilər. Çünki məmur jurnalistin sorğusuna cavab verməlidir. Verməyibsə, İnzibati İqtisad Məhkəməsinə müraciət edib, məhkəmə qərarı ilə cavabvermə öhdəliyini onun boynuna qoydurmaq olar. Məhkəmə qərarını icra etmədiyi halda, artıq onun barəsində cinayət işi qaldırtmaq olar. Yəni hüquqi baxımdan istiqamət budur”.

Qulu Məhərrəmli ile ilgili görsel sonucu

Media eksperti Qulu Məhərrəmli isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “KİV haqqında” və “İnformasiya əldə etmək haqqında”  qanunlara uyğun olaraq, məlumat mənbələri, o cümlədən də məmurlar jurnalistlərin sorğularını cavablandırmalıdır: “Ancaq təəssüf ki, bu gün məmurlar, eləcə də onların bəzilərinin özlərinə qala kimi düzəltdikləri mətbuat xidmətləri o funksiyanı yerinə yetirmirlər. Əksinə, jurnalistlərlə dövlət qurumları arasında baryer çəkirlər. Əgər məlumat verilmirsə, jurnalistlərin sualları cavablandırılmırsa, qanunda nəzərdə tutulmuş sanksiyalar var ki, məmurlar buna uyğun olaraq inzibati qaydada məsuliyyət daşıyırlar. Hesab edirəm ki, məmurların jurnalistlərdən ehtiyat etməməsi onunla bağlıdır ki, bu gün Azərbaycan mətbuatının tənqidi çıxışları lazımi əks-səda doğurmur”.

Hazırda dünyada da mətbuata qarşı prosesləri görməkdəyik. Məsələn, ABŞ prezidenti Tramp mediaya heç bir açıqlama verməyib, mesajlarını, fikirlərini yalnız sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırır. Bu xüsusda da fikir bildirən  Qulu Məhərrəmli söyləyib ki, əslində Amerika cəmiyyəti ilə bizim cəmiyyəti müzakirə etmək olmaz: “Azərbaycanda mətbuatın bu vəziyyətə düşməsinin səbəbi bizim öz cəmiyyətimizdə gedən proseslərdir. Əlbəttə ki, Tramp da mediaya basqılar edib, jurnalistləri aşağılamağa çalışır. Lakin o, buna görə Amerikada çox ciddi şəkildə basqı ilə üzləşir. Amerika cəmiyyəti lazımi təpkini verir. Bu baxımdan düşünürəm ki, mövcud vəziyyət Amerika üçün keçicidir. Çünki Amerikada ictimai nəzarət çox güclüdür. Ötən illə müqayisədə Trampın da mediaya münasibətində çox ciddi müsbət dəyişiklik var. Biz isə özümüzü onlarla müqayisə etməməliyik. ABŞ-da mətbuatın çox böyük gücü var. Bizdə isə mətbuatın gücü olmadığı üçün məmurlar medianı saymır, reaksiya vermir. Baxın ki, məmurların Azərbaycan əleyhinə fikirləri, çıxışları olur. Lakin buna da heç bir ictimai təpki, reaksiya yoxdur. Ona görə də məmurlar indiki vaxtda özlərini rahat hesab edirlər”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …