Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Jurnalistlərin binası önündə piyada keçidi və işıqfor problemi

Jurnalistlərin binası önündə piyada keçidi və işıqfor problemi

Ekspert: “Müvafiq strukturlara əsaslandırılmış məktubla müraciət edilsə, qısa bir zamanda bu problem öz həllini tapacaq”

Bakıda bəzi magistral yollarda ehtiyac olduğu təqdirdə piyada keçidinə, işıqforlara rast gəlinmir. Belə məkanlardan biri də Səbayel rayonu,  Salyan şosesi 22 ünvanıdır. Hansı ki, orada jurnalistlərin binası yerləşir. Prezidentin bağışladığı mənzillərdə yaşayan media əhli bildirir ki, binanın yaxınlığında işıqfor olmadığı üçün yolu qarşı tərəfə keçməkdə, yaxınlıqdakı dayanacağa yol almaqda çətinlik çəkirlər. Jurnalistlər hesab edirlər ki, binanın yaxınlığında işıqfor qoyularsa, hərəkət tənzimlənərsə problem həll olunar.

Bəs  tələb olunan işıqforu hansı qurum quraşdırır və bu prosedur necədir?

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynov məsələnin hüquqi tərəfləri barəsində danışıb:“İşıqforun qoyulması, piyada keçidinin yerləşdirilməsi və xüsusi zolaqların salınması ilə bağlı məsələ Dövlət Yol Polisi orqanları tərəfindən müzakirə olunub, qaldırılır. Yoxlamalar həyata keçirilir, həmin ərazilər müşahidə altında saxlanılır. O yerlər müşahidə edilir ki, həmin ərazidə tez-tez qəzalar baş verir, yolun bir istiqamətindən digərinə keçidlə bağlı problemlər yaşanır. Müşahidələr aparıldıqdan sonra Bakı Şəhər Baş Yol Polis İdarəsi bununla bağlı müvafiq qərar hazırlayır. Həmin qərar isə əraziyə baxan rayon icra hakimiyyətinə göndərilir.

nəqliyyat üzrə ekspert İlqar Hüseynov ile ilgili görsel sonucu

Yer Bakı şəhərindədirsə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təqdimat verilir ki, filan ərazilərdə işıqforların qoyulmasına  ehtiyac var. Eyni zamanda əsaslandırılır ki, ehtiyac hansı səbəbdən yaranıb. Bu məsələ müzakirə olunduqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti öz qərarını verir, lazımi tikinti işlərinə start verilir. Söhbət işıqforların qoyulması, yerüstü keçidlərin tikilməsindən gedir. Hesab edirəm ki, jurnalistlərin yaşadığı ərazidə işıqforların qoyulması çox vacibdir. Fikirləşirəm ki, orada yerüstü piyada keçidlərinin qoyulmasına da ehtiyac var. Çünki orada məsafə böyükdür. Belə olduğu halda isə yaxın məsafələrdə işıqforların qoyulması bəlkə də düzgün olmazdı. Ancaq yerüstü piyada keçidi olarsa, məsələdə problem yaranmaz. Hesab edirəm ki, həmin ərazidə zəruri infrastrukturların qurulması vacibdir. Bununla bağlı əgər ərazidə yaşayan vətəndaşlar müraciət edərlərsə, o zaman məsələyə baxılar. Düşünürəm ki, hətta ictimai qurumların da bununla bağlı müraciətləri ola bilər. Eyni problem bir zamanlar Bakı-Sumqayıt yolu istiqamətində də yaşanırdı. Belə ki, Xırdalan qəbiristanlığı istiqamətində bir neçə dəfə qəzalar baş verdi və xeyli insan dünyasını dəyişdi. Məsələ ilə bağlı mütəmadi şəkildə təkliflərlə çıxış etdik və çox keçmədi ki, ərazidə yerüstü keçid inşa edildi. Artıq orada keçid istifadəyə verilib və insan ölümünün də qarşısı birmənalı şəkildə aradan qaldırılıb. İndi Salyan şosesi ilə bağlı da həm vətəndaşların, həm də ictimai qurumların təşəbbüslərinə ehtiyac var. Bir halda ki, orada jurnalistlər yaşayırlar və ərazidə yeni binalar tikilir, o zaman yol infrastrukturu da yerində olmalıdır. Onu da deyim ki, ölkə rəhbərliyinin də bu məsələ ilə bağlı iradəsi var ki, proses davam etdirilsin”.

Ekspert bildirib ki, əgər binada yaşayan jurnalistlər müvafiq dövlət orqanlarına müraciət ünvanlasalar problemə baxılacaq:

“Xüsusən də istərdim ki, əgər jurnalistlər işıqforla bağlı müraciət edəcəklərsə, orada yerüstü piyada keçidinin tikilməsi məsələsini də qabartsınlar. Düşünürəm ki, müvafiq strukturlara əsaslandırılmış məktubla müraciət edilsə, qısa bir zamanda bu problem öz həllini tapacaq”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …