Ana səhifə / Aktual / Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı

Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı

Əkrəm Həsənov: “Cahangir Hacıyevlə yanaşı 200 nəfər də həbs edilməlidir ki…”

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva medianın diqqətindədir.

Xatırladaq ki,  London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan “Gulfstream” təyyarəsi daxildir. Üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə, həmin aktivlər müsadirə olunacaq.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında deyib ki, hamı həmin məbləğlərin Beynəlxalq Bankdan əliəyriliklə ələ keçirilməsini bilir:  “Gün kimi aydındır ki, Zamirə Hacıyevanın sağa-sola səpələdiyi həmin pullar bizneslə qazanılmayıb. Bunda heç kimin şübhəsi yoxdur. Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbəri olaraq əmək haqqı o sayaq yaşamağa imkan verməyib. Mən bankda rəhbər vəzifədə çalışmışam, o dövrdə, 2007-ci ildə 7 min manat əmək haqqı almışam. Bu gün mən Əkrəm Həsənovun 1 evdən başqa heç nəyim yoxdur. Uşaqlar, qohumlar var, hamıya kömək etmək lazım gəlir. Cahangir Hacıyev Beynəlxalq Bankda rəhbər olaraq məndən 2 dəfə artıq əmək haqqı alsaydı belə, yenə də bu cür pul xərcləyə bilməzdilər. Amma həmin pulun geri qaytarılmasına gəldikdə, İngiltərə məhkəməsi Azərbaycan dövlətindən dəlillər tələb edəcək”.

Ä°lgili resim

Əkrəm Həsənov deyir ki, bu zaman Azərbaycan dövləti 2 əsas problemlə üz-üzə qalacaq:  “Birincisi, bank sahəsi üzrə elementar hüquqi bilik və savadı olan kadrlar problemi var. Bu məsələdə bizdə durum nəinki Qərb, heç Rusiya standartları ilə də müqayisə edilə bilməz. Rusiyanın ”Mejprombank”ının sahibi Serqey Puqaçovun London məhkəməsində uduzması da Rusiyada dövlət qurumlarında yüksək səviyyəli hüquqşünas kadrların işləməsi ilə əlaqədardır. Həmin o hüquqşünaslar London məhkəməsində sübut etdilər ki, Sergey Puqaçov “Mejprombank”ın pullarını ələ keçirib. Bu məsələni savadlı şəkildə məhkəmədə izah edib sübuta yetiriblər. Azərbaycanda bu işi o səviyyədə izah etməyi bacaran az sayda hüquqşünas var. Azərbaycandan hüquqşünasları göndərməyib xarici hüquqşünaslarla bu məsələni çözmək istəsələr vəziyyət dəyişməyəcək. Bu zaman 2-ci və ən əsas məqam ortaya çıxacaq – Cahangir Hacıyev özü təkbaşına bu boyda qələt edə bilməzdi. Bunu hamı bilir. Beynəlxalq Bankdan o boyda pulun çıxarılmasında azı 200 nəfər iştirak edib. Mütləq Cahangir Hacıyevlə əlbir işləyənlər olub. Bu gün həmin şəxslər istintaqa cəlb olunmayıblar, onlar elə həmin Beynəlxalq Bankda və ya digər banklarda işləyirlər. Azərbaycan dövləti London məhkəməsinə müraciət etsə, bir-bir, sənədlərlə, sübutlarla isbat etməlidir ki, pullar oğurlanıb, oğurluqlara görə Cahangir Hacıyev başda olmaqla, filankəslər ədalətli məhkəmə qarşısında dayanıb cəzalarını alıblar”.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

Hüquqşünas deyir ki, Beynəlxalq Bankdakı oğurluqların miqyası böyükdür və belə oğurluqların qarşılığında aparılan istintaq, həbslər çox məhdud dairədə olub. Halbuki geniş istintaq tədbirlərinə ehtiyac zərurəti bu gün də qalır: “Bank qanunvericiliyində ”banka aidiyyəti olan şəxs” anlayışı var. Bu şəxslər bankın idarəetmə orqanlarında, bankın səhmdarları, ailə üzvləridir. Onların banklardan kredit almasına hər dəfə Müşahidə Şurasının razılığı alınmalıdır. Yəni Zamirə Hacıyevaya kreditlər Müşahidə Şurasının razılığı olmadan verilə bilməzdi. Böyük ehtimalla belə bir razılıq olmayıb. Olmayıbsa, sual ortaya çıxacaq ki, banka necə nəzarət etmisiz? Azərbaycan Beynəlxalq Bankdan oğurlanan pulların məhkəmə qaydasında geri qaytarılmasına qalxsa, bu suallara cavab verməli olacaq. Əslində real vəziyyət də belə olub. Cahangir Hacıyevin arxasında Eldar Mahmudov dayanırdı. O da nə Maliyyə Nazirliyini, nə də Mərkəzi Bankı Beynəlxalq Banka yaxın buraxıb”.

Əkrəm Həsənov deyir ki, Azərbaycanın bank sistemində bu gün də durum fərqli deyil: “Azərbaycanda illərdir ki, tam Avropa sərmayəli ”Acsses bank” çalışmaqdadır. Səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma Bankı və s. banklardır. Həmin bankda 1 qəpik də olsun Azərbaycan kapitalı yoxdur. Həmin bank vaxtilə dollarla ən böyük kreditlər verib və hazırda həmin kreditləri yığa bilmirlər. Hüquqşünasları çox zəifdir. Sentyabr ayında bank Azərbaycanın hüquq-mühafizə orqanlarına kredit almış bütün sahibkarların siyahılarını veriblər. Yazıblar ki, bu adamlar bankdan qanunsuz kredit alıblar. Şikayətlərini belə əsaslandırıblar ki, sahibkarlar kredit alarkən hər biri qara mühasibatlıqlarını banka təqdim ediblər və onlara kredit verilib. Faktiki şikayətlərində böyük bir cinayət hadisəsi haqda məlumat verilir. Yəni qara mühasibatlığa əsasən kredit verilməsi özü cinayətdir. Hazırda həmin sahibkarları həbs edirlər. Soruşan yoxdur ki, qara mühasibatlıqla niyə kredit vermisiz? Deyəndə cavab verirlər ki, biz bilərik ki, hansı sualı veririk, hansını vermirik. Azərbaycanda belə demək mümkündür, London məhkəməsində belə izahat verilməsi Beynəlxalq Bankın pullarının ölkəyə qaytarılmayacağına zəmanət olacaq. “Acsses bank”ın sahibləri Avropadadır və Azərbaycanda belə izahatların keçdiyini bilirlər və elə belə də şikayət yazmaqdan çəkinmirlər. Avropada isə belə izahatlar keçmir axı. Bütün günahı Cahangir Hacıyevin üzərinə yıxıb Avropadan 1 sent də almaq mümkün olmayacaq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …