Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / “Heydər Əliyev ən vacib işləri ona tapşırmışdı” – Sabir Rüstəmxanlı Həsən Zeynalovdan yazdı

“Heydər Əliyev ən vacib işləri ona tapşırmışdı” – Sabir Rüstəmxanlı Həsən Zeynalovdan yazdı

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycanın Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Zeynalovun yenicə çapdan çıxmış “Diplomatın tale yolu” kitabı haqqında fikirlərini qələmə alıb.

Musavat.com BakuPosta istinadən  “Ləyaqətli ömür yolu” adlı həmin yazını olduğu kimi təqdim edir:

Azərbaycanın Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri, köhnə dostum Həsən Zeynalova həsr edilmiş kitab “Diplomatın tale yolu” adlanır. Oxuyub qurtardıqdan sonra gördüm ki, bu kitabı tərəddüd eləmədən, bir nəslin tale yolu da adlandırmaq olar.

Çünki hər bir ziyalının, ictimai-siyasi xadimin ömür yolu bütünlükdə öz dövrünün proseslərini , hadisələrni də əks etdirir. Bir dövrün tarixini bir tanınmış insanın ömür güzgüsündə də müşahidə etmək və dəyərləndirmək olar.

Bu mənada kitaba ön söz yazmış həmkarım filologiya elmləri doktor, professor Nizaməddin Şəmsizadənin sözləri bu iri həcmli əsərin dəyərini dəqiq müəyyənləşdirir: “Bu kitabı ona görə oxucuya təqdim edirik ki, onun bioqrafiyası amal və əqidəyə, milli – mənəvi dəyərlərə, ailə və valideyn kultuna, türkçülük və azərbaycançılıq ideallarına tükənməz sədaqətin nümunəsidir. Harada olursa-olun Həsən Zeynalov millətinə təmənnasız xidmət, şəxsiyyətinə hörmət edən, ədalət və mərhəmət simvolu kimi yaşayıb, yalansız bir həyat sürüb, sözünü açıq deyib, mövqeyini aydın bildirir”.

36923508_1493021254237260_6708450144225853440_n.jpg (114 KB)

Həsən Sultanoğlu (Türkiyədə haqlı olaraq onu bu şəkildə tanıyırdılar), 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Yengicə kəndində anadan olub, Azərbaycan Neft və Kimya və Azərbaycan Xalq Təsərrüfatı institutlarını bitirib. Əmək fəaliyyətinə dəmir yolunda fəhləlikdən başlayıb. Hərbi xidmətdən sonra Bakı şəhər icraiyyə komitəsində, Səbael rayonunda işləyib, nəhayət Naxçıvan MR-nın Bakı şəhərindəki daimi nümayəndəsi, Naxçıvan Ali məclisinin deputatı olub.

Mən onu Bakı şəhər IR Kommunal-Təsərrüfat idarəsində işlədiyi illərdən, çalışqan, sözübütöv , gördüyü işə məsuliyyətlə yanaşan, insanlara səmimi, qayğıkeş münasibəti ilə seçilən bir adam kimi tanımışam. Sonradan bu tanışlıq getdikcə möhkəmlənib, Azərbaycan dövlətinin , xalqımızın taleyinə və bir çox insani dəyərlərə münasibət baxımından əqidədaşlara, dostluğa çevrilib.

Bu kitab Həsən Sultanoğlu xarakterindəki bütövlüyün, alicənablıq sözünün ağası olmaq kimi keyfiyyətlərin qaynaqlarını öyrənməyimə kömək etdi.
Dilimizdəki “qan yaddası” ifadəsinin müəllifi mənəm və bu yaddaşa inanıram.

Kitab Həsən Zeynalovun ailə şəcərəsi haqqında qısa məlumatla başlanır. O, bəy nəslinin övladıdır. Tarixin gücü və ədaləti heyratamizdir; bir vaxtlar bəy oğlu olduğunu etiraf – ölümə yol açırdı; indi bu sözü qürurla deyirik.

Həsən Sultanoğlunun ata babası Əsəd bəy və ana babası Həsən bəy haqqında kitabın “Ana qucağından haqq dərgahına” bölümündə verilən məlumatları oxuyanda və onların 1915-ci, 1938-ci illərdə çəkilmiş şəkillərinə baxanda nəvənin öz babalarına həm şəxsiyyətindəki yüksək keyfiyyətləri ilə, həm də zahirən nə qədər oxşar olduğuna heyrətlənirsən.

Əsəd bəy Qori seminariyasında təhsil alıb. 1920-ci il Qızıl Ordunun işğalına dözməyərək Güney Azərbaycana keçmiş və orda vəfat etmişdir.

Ana babası isə Şərur-Dərələyəz mahalının adlı- sanlı kişilərindən olmuşdur.

Həsən Sultanoğlu müəllim ailəsində doğulub böyümüşdür. Atası Sultan , anası Zəroş xanım Naxçıvanın tanınmış pedaqoqlarından olmuş, vilayətdə qabaqcıl, hörmətli müəllim kimi ad çıxarmışlar.

Kitabda bütün bunlar qeyd olunmaqla yanaşı, o vaxtkı vilayət və respublika mətbuatında hər iki müəllim haqqında gedən maraqlı yazılardan sitatlar verilmiş, onların xidmətləri və nəticə etibarı ilə Həsən bəyi yetişdirən ailə mühitini dəyərləndirmək imkanı yaradılmışdır.

Kitabın bu bölümünün bir əhəmiyyəti də Sultan müəllim və Zəvoş xanımın simasında o vaxtın Naxçıvan ziyalılarının yüksək peşəkarlığı, nəcibliyi, yurd sevgisi haqqında dolğun məlumat verməsi, Naxçıvan pedaqoji mühitinin yadda qalan mənzərəsini yaratması, bir çox ictimai-siyasi xadimləri, jurnalistləri yada salmasıdır.

Həmin bölmədə Sovet dövründə Azərbaycan rəhbərliyinin maymaqlığı və qorxaqlığı üzündən Ermənistana bağışlanmış qədim Naxçıvan – Azərbaycan torpaqları barədə də maraqlı bilgilər vardır. Bu məlumatlar itirdiyimiz torpaqlarımızın ağrısıyla doludur.

Həsən Sultanoğlu uşaqlıqdan, məktəb illərindən tanıyan yaşıdlarının xatirələri onun ömür yoluna və xarakterinə müxtəlif mövqelərdən işıq salır.

Həsən bəy millət vəkili və respublikanın tanınmış ictimai-siyasi xadimlərindən biri kimi Azərbaycanın son 30 ildə yaşadığı faciələrin, üzləşdiyi çətinliklərin, Müstəqilliyin bərpası uğrunda şərəfli mübarizənin içində olmuşdur.

Kitabda müəllifin bütün ömür yolu gözdən keçirilsə də, onun və ümumilikdə dövlətimizin həyatı üçün önəmli olan dörd mərhələ üzərində daha geniş dayanılmışdır:

Azərbaycan xalqının öz istiqlaliyyəti, azadlığı uğrunda mübarizəsi və həmin mübarizədə Həsən Sultanoğlunun fəaliyyəti “İstiqlal mübarizəsi – milli təlatum dövrü” fəslində yer almışdır.

Həsən Sultanoğlunun ictimai-siyasi fəaliyyətinin iki başqa mühüm dövrü – Qarsda və İstanbulda dövlətimizin Baş konsulu olduğu illərdir; kitabın “Qars: erməni fitnəkarlığı ilə mübarizə” və “İstanbul dövrü fəaliyyəti: ziddiyyətlər içərisində” bölmələri həmin illərə həsr edilmişdir.

Kitabın bu bölmələrində toplanmış sənədlər, məktublar, qəzet yazılarından parçalar mənim üçün bir də ona görə maraqlıdır ki, biz bütün bu proseslərin şahidiyik, bu proseslərin içində olmuşuq. Həsən Zeynalovun 1990-cı ildə Sovet ordusunun Bakını işğalı və ondan sonrakı illərdə baş verən bütün hadisələrdə hansı mövqe tutduğunu bilirik; Azərbaycanın torpaq bütünlüyü, Milli Müstəqilliyin əldə edilməsi və qorunması, ölkəmizə qarşı daxildə və xaricdə aparılan təxribatlara qarşı əzmkarlıqla mübarizə apardığımın şahidi olmuşuq.

Xüsusən Türkiyə Cümhuriyyətinin Qars və İstanbul şəhərlərində ölkəmizi təmsil etdiyi illərdə biz dəfələrlə görüşmüşdük. O vaxt dünyada və bölgədə baş verən proseslərin Azərbaycana təsirini necə yaxından və ağrıyla , həyəcanla, təəssübkeşliklə izlədiyinin görəndə Həsən Sultanoğlunun xidmətləri barədə qeydlərimi də yazmışdım.

Qars da, İstanbul da tarix yollarının və bugünkü siyasət yollarının kəsişmə nöqtələridir. Bu şəhərlərdə Azərbaycanın Baş konsulu olmaq üst-üstə götürülən bir neçə uzaq ölkədə səfir olmaqdan daha çətindir.

Təəssüf ki, Qars və İqdır illərinin Naxçıvanla, bütövlükdə ölkəmizlə əlaqələrinin genişlənməsi və möhkəmləndirməsi və hər iki dövlətin gələcəyi baxımından nə qədər böyük əhəmiyyət daşıdığını Türkiyə Cümhuriyyətinin və Azərbaycan respublikasının bəzi rəsmiləri yetərincə bilmirlər və ya buna ciddi yanaşmırlar.

Kitabın bu dörd fəslinin hər biri Həsən Zeynalovun xarakterinin, insanlığının, vətəndaşlığının yeni bir tərəfini üzə çıxarır.

Sədaqət, etibar – Ömrün bütün çağlarında insanın böyüklüyünü, kamilliyini göstərən mənəvi dəyərlərdir.

Kitabda Həsən bəyin Heydər Əliyevə dəyişilməz, etibarlı münasibəti sənədlər əsasında təqdim edilir və rəğbət doğurur.

Heydər Əliyev sevənlər də var, sevməyənlər də. Bu, gizli deyil: Hərəsi öz taleyinin məntiqindən və öz maraqlarından çıxış edir.

Dostun-dostluğu, düşmənin düşmənliyi görünəndə mənzərə aydınlaşır.

Lakin vay o gündən ki, insan münasibətləri səmimi olmaya, gündə bir rəngə düşə, dəyişkən hakimiyyətlərin mənsəb, vəzifə vədləri ilə formalaşa, dünən səni yetişdirib irəli çəkən kürsüdən enən kimi ona düşmənə çevriləsən, sonra Allah ona yeni fürsət verəndə, onu yüksəldəndə yenidən onun qabağında diz çöküb, özünü yaxşı göstərmək üçün bütün keçmişini və tarixi saxtalaşdırmaqla məşğul olasan.

Biz belə hadisələri çox görmüşük. Heydər Əliyevin yüksəlişini və onun çevrəsini, onun Moskvada vurulmasını və bu çevrədən sürətli uzaqlaşıb əks cəbhəyə keçənləri, sonra onun Bakıya yenidən dönüşünü və həmin adamları buqələmun kimi yeni cildə girmələrini – bütün bu proseslərdə şəxsiyyətsiz çeviklərin öz ləyaqətini qoruyan, cilddən-cildə düşməyən şəxsiyyətləri hədəfə çevirib sıradan çıxartdıqlarını çox görmüşük.

Həsən Sultanoğlu bu xaosda həmişə öz sabiqliyi ilə seçilmişdir. XX yüz il Azərbaycan tarixinin parlaq simalarından olan mərhum Heydər Əliyevin həyatındakı enişləri və yüksəlişləri, Moskvada olsa da xalq hərəkatına xüsusi rəğbətlə yanaşdığını əks etdirməklə, Həsən Zeynalovun daim onun yanında olduğunu, ona könüldən bağlılığını, sədaqətini göstərir.

Onun qeydləri 1980-cı illərin sonlarında, 1990-cı illərin əvvəllərində Azərbaycanda Moskvanın oyuncağı olan hakimiyyətlərin bir-birini əvəz etmə prosesi və bu qarışıqlıqda Qarbaçov hakimiyyətinin mərhələ-mərhələ Qarabağın Ermənistan tərəfindən işğalına şərait yaratması obyektiv əksini tapmışdır.

H. Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra Muxtar Respublika üçün çox önəmli olan bir işi, Bakı ilə münasibətləri normal şəkildə inkişaf etdirmək işini Həsən bəyə tapşırır; onu Naxçıvan MR-nın Bakıdakı nümayəndəsi təyin edir.

Bu, H.Əliyevin Bakıya dönüşü üçün hazırlıq dönəmi idi. Bu çətin və məsuliyyətli iş həm də Həsən Sultanoğlunun diplomatik qabiliyyətini ortaya çıxarır.

Sonralar Heydər Əliyevin diqqətinin həm Türkiyə, həm Azərbaycan üçün önəmli olan bir nöqtəyə Qarsa çevrilməsi təsadüfi deyildi. Qars Azərbaycanın bir sıra iri enerji və nəqliyyat layihələrinin keçid və kəsişmə nöqtəsi olmaqla yanaşı, həm də bir diplomatik dialoq mərkəzi olur və H. Zeynalov orada Azərbaycanın mənafelərini ləyaqətlə qoruyur.

Həsən bəyin Qarsdakı Baş konsulluğu daha çox erməni fitnəkarlığının, Ermənistanın Beynəlxalq havadarlarının Türkiyə – Ermənistan sərhədlərinin açılmasına yönəli riyakar niyyətlərinin qarşısının alınmasına, İstanbul Baş konsulluğu isə FETO-çularla və onların Bakıda paralel dövlət yaratmaq istəyən satılmış dəstələri ilə mübarizəyə həsr olunmuşdu.

Həsən Sultanoğlunun Karsa Baş konsul təyin edildiyi 2004-cü ildə Avropanın ABŞ-ın ermənipərəst qüvvələrinin və Türkiyənin içində olan bəzi siyasi cəhətdən savadsız və ya gizli türk düşmənlərinin Türkiyənin doğusunda, Ermənistanla sərhəd bölgələrində gördükləri iş mahiyyətcə Azərbaycanın ziyanına idi və Türkiyə Azərbaycan münasibətlərini pozmağa və ya arada gərginlik yaratmağa hesablanmışdı. Bütün bunlar həmin vaxtın Türkiyə və Azərbaycan mətbuatında əksini tapıb. Türkiyə- Ermənistan sərhədlərinin açılmasına, Bursa stadionunda baş vermiş “bayraq olayı” və ona Azərbaycandan verilən qeyri- adekbat cavaba biz də müdaxilə etmişdik, bu haqda mənim MM-də kəskin çıxışım olmuşdu. “Türk xalq olmaz deyir” adlı şeri yazmış, Ankara sendika təşkilatlarının təşkil elədiyi mitinqə qatılmış, universitetlərinin keçirdiyi gur yığıncaqlarda çıxışlar etmişdim. Təbii ki, bütün bunlarla yanaşı, Qarsda Baş konsulumuzun Ermənipərəst qüvvələrin bütün oyunlarını pozan sərt, prinsipial mübarizəni də yaxından izləyirdim. O vaxt da, indi də çoxları bu mübarizənin , Həsən bəyin möhkəm dirənisinin səbəbini anlaya bilmirlər. Söhbət təkcə Qarsda qoyulmuş bir heykəldən , Qars Şəhər Qurultayında beş-üç Ermənistandan gəlmiş erməninin iştirakından və ya sərhədlərin açılması haqqında imzalanmış bir anlaşmadan getmir.

Türkiyə – Ermənistan arasında diplomatik münasibətlərin nizamlanması üçün işğalçıların Qarabağ torpaqlarından çıxarılması əsas şərt olaraq qalır. Türkiyənin keçmiş başbakanı siyasətin “akademiklərindən” olan Süleyman Dəmrəlin sözü ilə desək: “Sülh yaranmalıdır və sülhün şərtlərindən birincisi bir milyon qaçqının torpaqlarına dönməsidir”.

Mənim də Türkiyədə bütün çıxışlarımda söylədiyim kimi, ortada başqa bir durum da var və Türkiyə onu görməzdən gələ bilməz: bu da Ermənistanın təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı torpaq iddiasında olması, Doğu Anadolunun altı əyalətini istəməsi, dünya ölkələrinə yalançı “erməni soyqırımı”nı qəbul etdirməsi və gizli təzminat planlarıdır.

Həsən Sultanoğlu Qarsa gəldiyi günlərdən siyasi yetkinlik və diplomat səriştəsi, yüksək vətəndaş mövqeyi nümayiş etdirərək bu məsələlərə müdaxilə etmişdir. O , Azərbaycan Xarici işlər Nazirliyini Qarsda baş verən erməni fitnəkarlıqları barədə müəlumatlandırmış, Türkiyə – Azərbaycan münasibətlərini sərinləşdirə biləcək olayların qarşısının alınması üçün öz təkliflərini vermişdi. Bütün bunlar kitabda geniş şəkildə incələnmişdir.

O illərdə Həsən Sutanoğlunun gördüyü bu iş Türkiyənin dövlət maraqları və sonrakı xarici (xüsusən Şərq) siyasəti baxımından çox əhəmiyyətli idi, bu siyasətə bir növ yön vermişdir.

Həsən bəy qurucu adamdır. Qars baş konsulluğu üçün dağılmış bir binanı alıb yüksək səviyyədə təmir etdirdi. İstanbulun ən prestijli yerlərindən birində gözəl bina tikdirdi. Oxuculara Fərman Kərimzadənin “Qarlı aşırım” povestindən və “Axırıncı aşırım” filmindən yaxşı tanış olan Kərbəlayi İsmayılın sovetlərin təzyiqinə baş əyməyərək Türkiyəyə keçdiyini bilənlər o qədər də çox deyil. Yazıçı dostum sağlığında gedib onun məzarını tapmışdı. Lakin məhz Həsən Sultanoğlunun Qarsda Baş konsul işlədiyi vaxtda, onun şəxsi təşəbbüsü ilə Kərbəlayi İsmayılın məzarı abadlaşdırılmış, onunla yanaşı ermənilərin əli ilə qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə anıt (abidə) ucaldılmışdır.

Kitabda həmin dövrdə H.Sultanoğlunun Azərbaycan –Türkiyə arasında siyasi- iqtisadi diplomatik ilişkilərin genişləndirməsi sahəsində gördüyü digər işlər və bu işlərə Türkiyə mətbuatının münasibəti barədə də ətraflı məlumat verilir.

Kitabın başqa bir maraqlı bölümü Həsən bəyin İstanbulda Baş konsul olduğu dövrü əhatə edir. Yuxarıda qeyd etdiyim kimi İstanbulda da o, ilk növbədə konsulluğun işini nizama saldı, Baş konsulluq üçün bir il ərzində öz layihəsi əsasında yeni bir bina inşa etdirdi, kadr problemini həll edir.

İstanbul tarixən bir sıra Azərbaycan aydını və siyasi xadimi üçün sığınacaq olmuşdur. Yeni Baş konsul onların varislərinin tapılması, məzarlarının müəyyənləşməsi , Türkiyənin istiqlalı yolunda savaşmış azərbaycanlıların (onların arasında Həsən bəyin öz qohumu da var) nəsillərindən olan insanlarla əlaqələrin bərpası sahəsində yorulmadan çalışdı.

Həsən Sultanoğlunun İstanbuldakı fəaliyyətinin kitabda əksini tapan ən maraqlı sahələrindən biri onun FETO-çularla mübarizəsi və Azərbaycanlı gənclərin İŞID təşkilatına qoşulmasının qarşısını alınması üçün göstərdiyi səylər idi.

Bu barədə o yazır: “Mən Fətullahçı qüvvələrin Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün istifadə etdikləri əsasən dörd məsələnin qarşısını almaq naminə ciddi səylər göstərmişəm. Bu məsələlərdə böyük təzyiq və təhdidlərə baxmayaraq, heç kəsdən çəkinməmiş, onların qarşısının alınmasında kimsəyə güzəşt etməmişəm. Birincisi, Türkiyə-Ermənistan sərhədinin açılması və bu iyrənc işə azərbaycanlıların cəlb edilməsinə qarşı bütün imkanlardan istifadə edərək mübarizə aparmışam, ikincisi, FETO-çü KİV nümayəndələrinin mənim əlimlə Türkiyədə akkreditə olunmasına imkan verməmişəm, üçüncüsü, Azərbaycana bağlılığı olan təşkilatlar vasitəsilə dövlətimizə qarşı həyata keçirilən ideoloji təxribatlara kəskin münasibət bildirmişəm və dördüncüsü, Yaxın Şərqdəki münaqişələrdə iştirak etmək məqsədilə bəzi radikal dini qruplaşmaların təsirinə düşən azərbaycanlı gəncləri, gənc ailələri İŞİD və digər terror qruplarının təsirindən xilas etmək üçün əlimdən gələni etmişəm”.

Məncə, burada müəllifin öz sözləri çəkdiyi zəhmətin əhəmiyyətini göstərməyə yetərlidir.

“Diplomatın tale yolu” kitabı Azərbaycanın çağdaş tarixinin təxminən 30-35 illik bir dövrünə gur işıq salır. Bu dövrün mürəkkəb siyasi havasını, uluslararası ilişkilərinin bəzi örtülü və ya az məlum olan sahələrini açır.

Nəşriyyat qeydində bu kitabın ictimai-siyasi elmlər sahəsində təhsil alan tələbələrə, gənc alimlərə, yurdsevər oxuculara ünvanlandığı bildirilir. Mənim fikrimcə isə, bu kitabda bir sıra dövlət məmurlarına örnək və xəbərdarlıq kimi səslənən məqamlar çoxdur. Kitabdan göründüyü kimi FETO şəbəkəsi hətta prezident aparatının nüfuzlu şöbələrinə kimi gəlib çıxmışdı, onlar Xocalı soyqrımını Türkiyədəki mitinqdə Suriyanın iç savaşı ilə eyniləşdirmək səviyyəsində xaincəsinə hərəkət etmək cəsarəti tapmışdılar. Bizə görə kitabda Həsən Zeynalovun göstərdiyi yol xəritəsi ilə bizim bəzi təşkilatlarımızda təmizlənmə və ölkənin milli maraqlarının qorunması işi hələ davam etdirilməlidir.

H. Sultanoğlunun taleyi bu baxımdan ləyaqəti və şəxsiyyəti olan bir insanın öz dövləti, milləti üçün, ölkələrarası münasibətlərin qorunması üçün nə qədər xeyirli işlər görə biləcəyinin parlaq nümunəsidir. Yetər ki, belə insanlar dəyərləndirilsin, onlara öz səviyyələrinə uyğun iş tapşırılsın; onlar özlərindən qat-qat aşağı olanların quyruğuna bağlanmasınlar; sözlərinə və milli mövqelərinə inamla yanaşılsın; millətin taleyinə yanmayan, dilindən, tarixindən, mədəniyyətindən xəbərsiz adamların onların üstünə yeriməsinə, onlar üçün etimadsızlıq mühiti yaradılmasına imkan verilməsin.

Kitabın dəyərli cəhətlərindən biri yazılan hər fikrə uyğun sənədlərə, dəlil-sübuta, fotolara geniş yer ayrılmasıdır. Müəllifi yaxşı tanıyan ziyalıların, mətbuat işçilərinin rəyləri, qəzet məqalələri də maraqla oxunur.

Hər insan taleyi cildlərlə kitaba sığmayan bir tarixdir. Bu kitablar yazılmasa millətin və dövlətin bütöv və doğru-dürüst tarixini təsəvvür etmək çətindir.

Sabir Rüstəmxanlı

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …