Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Aktual / Hafiz Hacıyev: “Neftçalada və Salyanda süni göllərin çoxunu mən yaratmışdım”

Hafiz Hacıyev: “Neftçalada və Salyanda süni göllərin çoxunu mən yaratmışdım”

Hökumətin 2016-cı ildən başladığı balıq yetişdirmək üçün yaradılan süni göllərin qurudulması prosesi davam edir.
Hökumət qurumları  hesab edir ki, həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb. Buna görə də torpaqların bərpası üçün süni balıq göllərinin ləğvi vacibdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublikada ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Bunların 131-i Salyan rayonunda, 83-ü Neftçalada, 32-si Biləsuvarda, 22-si Hacıqabul rayonunda, qalanı isə digər bölgələrdə aşkar edilib. Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb.
Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.
Bu gün balıq bazarında qiymətlər ötən illərlə müqayisədə bahadır. Məsələn, ötən il bazarda satılan göl balıqlarının qiyməti 4 manata idisə, hazırda 6-7 manata satılır.  Bütün bunlar göllərin qapadılması ilə əlaqələndirilir.
Moderator.az xəbər verir ki,“Yeni Müsavat”a danışan 1992-1993-cü  illərdə  “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmış Hafiz Hacıyev bildirib ki, əslində vəziyyət başqadır: “Neftçalada, Salyanın Xıdırlı kəndində göllərin çoxunu mən yaratmışdım. Xıdırlıda 1200 hektar ərazidə süni göl yaratmışdıq. Həmin ərazidə əsasən sazan, karp balığı yetişdirilirdi. İndiki proses isə oliqarxların bir-biriləri ilə münasibətlərinin nəticəsidir.  Bizim yaratdığımız süni göllər əsasən şoran torpaqlarda yaradılıb. Xıdırlıda dövlət tərəfindən milyonlarla vəsait ayrıldı və gölü yaratdıq. İldə oradan 600-700 ton balıq götürürdük. Karpın və sazanın kiloqramını 1 manat 80 qəpiyə verirdik. O vaxtlar balıq bol idi ki, bu gün də elə vəziyyət eynidir. Sadəcə olaraq, qiymətlər o zamankı kimi deyil. Görünür, bu gün oliqarxlar arasında narazılıqlar var. Kimsə kimdənsə pulunu ala bilmədiyi üçün bu cür vasitələrə əl atır. Deyirlər ki, həmin ərazilər əkin sahəsidir. Xeyr, bu, belə deyil. Həmin ərazidə heç bir şey bitməz. Çünki torpaq şorandır və əkinə yararlı deyil. Neftçalada da yaradılan süni göllər əsasən şoran torpaqlarda yaradılıb. Biz süni gölləri yaradan zaman elə yerləri seçmişdik ki, həmin ərazilərin hamısı əkin üçün yararsız idi. Hazırda aparılan proseslərin zərbəsi, hesab edirəm ki, sadə vətəndaşlara, xalqa dəyəcək. Çünki bazarda balığın qiyməti bahalaşacaq. Karp, sazan balığının kiloqramı 30-40 manata qədər bahalaşa bilər. Necə ki, bu gün biz osetrin, beluqanı 80-120 manata alırıq. Bizim zamanımızda isə bu balıqlar 4 manatdan baha deyildi”.
Hacıyev söyləyib ki, prosesin balıq bazarına böyük təsiri olacaq: “Daxili, şirin sularda nohur balıqçılığını inkişaf etdirmək lazımdır. Biz nohur balıqçılığını vaxtilə inkişaf etdirmişdik və ildə ən azından 10-12 min ton balıq götürürdük. İndi nə oldu ki, gölləri də qurudurlar? Çox təəssüf ki, Azərbaycanda balıqçılıq sənayesi tamamilə məhv olub. Halbuki Azərbaycan iqtisadiyyatının 30-40 faizini bu sahədən götürmək mümkün idi. Neftdən sonra bizim əsas gəlir yerimiz kürü və balıq satışı ola bilərdi. Lakin bu, baş vermədi. Yaxşı, indiyə qədər nə üçün bu göllər qurudulmurdu? 120 göl yaradılanda hara baxırdılar? İndiyə qədər bilmirdilər ki, həmin ərazi əkin sahəsidir? Əkin sahəsi oralar deyil. Şirvan ərazisində xeyli əkin yeri boş qalıb. Gedib oranı niyə əkmirlər? Ona görə də hesab edirəm ki, burada məsələ oliqarx davasının üzərində qurulub. Balıq bazarında qiymətlər yaxın zamanlarda sürətlə artacaq. İndidən artıq bu tendensiya müşahidə olunur. Deyirlər ki, guya dəniz balıqları azalıb. Əslində isə bu da belə deyil. Əksinə, dənizdə balıqlar əvvəlki illərlə müqayisədə çoxdur. Sadəcə olaraq, bunu da satanlar, tutanlar var. Xəzər dənizinin nə suyu azalıb, nə də son zamanlar orada hansısa ekoloji proses baş verməyib. Ona görə də mümkün deyil ki, Xəzər dənizində balıqlar azalsın. Sadəcə olaraq, xalqa çatmır, bazara çıxarılmır. Xalq da hesab edir ki, dənizdə balıq yoxdur”.
VIPedu.BIZ

Həmçinin oxuyun

Heydər Əliyev Fəxri Xiyabanda – Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “Qafqazinfo”nun verdiyi xəbərə …