Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Hacı Qalib Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib

Hacı Qalib Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib

“O, sanatoriya ilə öz bağının arasındakı hasarı götürüb və orada diskoteka düzəldib; araq, çaxır, pivə verirlər, səhərə qədər çalıb-oynayırlar”…

Hacı Qalib Salahzadənin Bilgəhdə yolu qanunsuz olaraq bağlaması, vətəndaşlar Seymur Quliyev, Ələkbər Quliyev və Nurid Əliyevin bağ evlərini dağıtması ilə bağlı araşdırmalar davam edir. 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb.

Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilib. 3 ay əvvəl icra edilməli olan  məsələ hələ də həll olunmamış qalıb. Ötən şənbə Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinin istintaq qrupunun əməkdaşları, Dövlət Reyestr Xidmətinin nümayəndələri və zərərçəkənlərlə birgə növbəti dəfə əraziyə gediblər. Ötən dəfə Qalib Salahzadə eyni tərkibli qrupu əraziyə buraxmaqdan imtina etmişdi. Demişdi ki, əraziyə məhkəmə qərarı olmadan kimsəni buraxmayacaq. Sonuncu araşdırma zamanı isə tərkibin əlində məhkəmə qərarı da olub.

Ä°lgili resim

Qalib Salahzadənin gələnləri əraziyə buraxmaqdan başqa yolu qalmayıb. Bu haqda “Yeni Müsavat”a məlumat verən zərərçəkən Seymur Quliyev deyib ki, Dövlət Reyestr Xidməti nümayəndələri ərazidə müvafiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymur Quliyevin bağ sahələri ilə yanaşı yaxınlıqdakı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüblər: “İstintaq qrupunun əməkdaşları bir daha gördülər ki, yolu bağlayan Hacı Qalibdir. Onun yanında adamlar vardı, onlara göstəriş verdi, dövlətin yoluna qoyduğu darvazanı açdılar. Dövlət Reyestr Xidməti nümayəndələri orada 4 saat ölçmə işləri apardı. Elə həmin ölçmələr zamanı aydın oldu ki, Hacı Qalib dövlətə məxsus Kardioloji Sanatoriyanın 5 sota yaxın ərazisini də öz torpağına qataraq, mənimsəyib. Sanatoriya ilə onun bağının ərazisindəki hasarı götürüb və orada diskoteka düzəldib. Yayda həmin diskotekada araq, çaxır, pivə verirlər, səhərə qədər çalıb-oynayırlar. Həmin ərazidə soyunma-geyinmə otaqları, duş kabinələri, kölgəliklər düzəltdirib. Nümayəndələr nə gördülərsə, hamısını qeydiyyata aldılar. Elə orada məlum oldu ki, Hacı Qalibin zəbt edib darvaza qoydurduğu küçənin adını da dəyişiblər. Əvvəllər həmin küçə onun atasının adını daşıyırdı. Aslan Salahzadə küçəsi idi. İndi isə küçənin adı Qələbə küçəsidir. Bir daha təsdiqləndi ki, həmin küçə ümumi dövlətin yoludur. Onu heç kim bağlaya bilməz”.

Seymur Quliyev deyib ki, onlar ərazidə 4 saat olublar və oradan çıxandan sonra hacı Qalib ümumi istifadə olan Qələbə küçəsini keçilməz duruma salan darvazanın bağlanmasına göstəriş verib: “Bu adam demonstrativ şəkildə dövlətin yolunu bağlayıb və açmır. Bakı Şəhər İcra Hakimiyyəti aylardır ki, darvazanın yoldan götürülməsini və yolun açılmasını təmin edə bilmir”.

Xatırladaq ki, Qalib Salahzadə istintaq orqanında vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu – qanunsuz ağac kəsmə və 320-ci – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır. Yada salaq ki, 2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib.

Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub.

musavat.com

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …