Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Gec-tez ölkə başçısıyla görüşüb Hacıbalanı cəzalandıracam” – AĞIR İTTİHAMLAR…

“Gec-tez ölkə başçısıyla görüşüb Hacıbalanı cəzalandıracam” – AĞIR İTTİHAMLAR…

“Bunlar Azərbaycan xalqını çapıb-talamaqla, ölkə başçısına qarşı sosial gərginlik yaradmaqla məşğuldurlar”

Hacıbala Abutalıbov kimi bir adamın bu millətdən hansı üstün keyfiyyətləri var ki, dövlətin çıxardığı qanunları saya salmır, icra etmir?
Nazirlər Kabineti 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən Komissiyanın sədri Hacıbala Abutalıbov təyin edilib. Amma sabiq merin xalq artisti, kinorejjisor Şeyx Əbdül Mahmudbəyovla məhkəmə çəkişməsi hələ ki, icra olunmamış qalır. Şeyx Əbdül Mahmudbəyov bildirir ki, onun evi “Qış parkı”nda aparılan təmir işləri zamanı yararsız hala düşüb.
Moderator.az-ın əməkdaşı xalq artistinə müraciət edərək keçmiş “dost”unun sədr təyin olunmasıyla bağlı təbrik edib-etmədiyi ilə maraqlanıb. Xalq artisti dörd il yarımdır ki, davam edən bu mübarizədən yorulduğunu desə də, yenidən müvafiq qurumlara müraciətlər hazırladığını bildirib:
“Mən deməkdən, danışmaqdan artıq yorulmuşam. İndi prezidentdə, Birinci vitse-prezidentdə, ədliyyə nazirinə, əlaqədar dövlət strukturlarına və Azərbaycan xalqına bir müraciət hazırlayıram. Azərbaycan xalqı öz qanı bahasına müstəqilliyini əldə elədi və bu müstəqilliyin də başında duran Ulu öndərimiz Heydər Əliyev oldu. Böyük dövlət xadimi öz rəhbərliyi altında ümumxalq referendum yolu ilə konstitusiyamızı yaratdıq. Bizim qanun kitabımızda hər şey təsbit olunub. Konstitusiyanın qanunlarına əsasən dövlət strukturlarının çıxardığı qərar və sərancamlar qeyri-şərtsiz icra olunmalıdır. Bu, hamının müqəddəs borcudur. Məhkəmələrimiz qətnamələri Azərbaycan dövlətinin adından qəbul edirlər. Dörd il yarımdır ki, əlimdə üç məhkəmə qətnaməsi var və başa düşə bilmirəm Hacıbala Abutalıbov kimi bir adamın bu millətdən hansı üstün keyfiyyətləri var ki, dövlətin çıxardığı qanunları saya salmır, icra etmir?
O vaxt onunla görüşürdük, mənimlə ağız-ağıza öpüşürdü. Onda mənə dedi ki, səs-küy salma, məsələni həll edəcəyik, amma sonradan gördüm ki, məni aldadır. Məhkəmələr Hacıbaladan niyə qorxurlar, anlamıram. Bu adam Azərbaycan ziyalısını saymır. Bu adam cəzalanmalıdır, cərimələnmələdir, malı-mülki müsadirə olunmalıdır. Bundan sonra Hacıbala kimdir ki, mən onunla görüşüm. Bir-iki dəfə sifariş göndərib ki, mənimlə işin olmasın. Yeddi müraciətlərimin heç biri ölkə başçısına çatmır, çünki orda kimsə oturub və əllərində siyahı var, kimdən məktub gəlirsə, zəng vurub xəbər verirlər. Təsəvvür edin ki, ondan əsaslı şəkildə ölkə başçısına şikayət məktubu yazmışam və on gün sonra məktub Hacıbalanın üstünə göndərilib. Mən axı ölkə başçısına müraciət etmişdim. Niyə bunlar ölkə başçısı ilə vətəndaş arasında sədd çəkirlər? Yalan danışa-danışa Azərbaycanı talan ediblər. Bunlar Azərbaycan xalqını çapıb-talamaqla, ölkə başçısına qarşı sosial gərginlik yaratmaqla məşğuldurlar. Dünyada altmış milyondan çox azərbaycanlı var və yeganə azərbaycanlıyam ki, həm dövlət mükafatı laureatıyam, həm əməkdar incəsənət xadimiyəm, həm incəsənət doktoruyam və həm də xalq artistiyəm. Bunların hamısı ikinci bir azərbaycanlıda yoxdur. Bunları da mənə dövlət başçımız verib. Daha kim olmaq lazımdı?
Hacıbala Abutalıbovun əvvəllər rəhbər olduğu yerdə cinayət işi açılıb, yoxlamalar aparılır, Azərbaycanın qanunlarını saya salmır, amma bu gün ona yeni vəzifə verirlər. Bu, necə olur?  Gec-tez ölkə başçısıyla görüşüb Hacıbalanı cəzalandıracam”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …