Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / Fərhad Əhmədov nar bayramını beynəlxalq səviyyəyə qaldırır

Fərhad Əhmədov nar bayramını beynəlxalq səviyyəyə qaldırır

Noyabrın 3-də Göyçayda başlayan ənənəvi Nar festivalı Bakıdan və ölkənin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən minlərlə adamın bu rayona axın etməsinə səbəb olub. Virtualaz.org-un Göyçaya ezam edilmiş əməkdaşı xəbər verir ki, sayca 13-cü olan bu ilki fevstival həm qonaqların, iştirakçıların sayına, yaşanan böyük izdihama, həm rəngarəngliyinə görə misli görünməmiş hesab edilirdi.

Qeyd edək ki, Göyçayda Nar Bayramının keçirilməsi ənənəsi 13 il əvvəl azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun təşəbbüsü ilə qoyulub. İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi bu təşəbbüsə dəstək verib. O vaxtdan bəri hər il noyabrın əvvəllərində Göyçayda Nar festivalı təşkil olunur və hər il olduğu kimi bu ilki festival da səhmləri biznesmen-xeyriyyəçi Fərhad Əhmədova məxsus olan “AzNar” QSC-nin təşkilatçılığı və baş sponsorluğu ilə keçirilirdi.

Festival saat 11-də Göyçay şəhərinin Nəriman Nərimanov küçəsində, Professor Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin qarşısında start götürüb. Toplaşanlar qonaqları milli musiqi sədaları altında, təntənəli şəkildə qarşılayıblar. Bayramın əsas qəhrəmanı olan Nar şahzadəsi qonaqları salamlayıb, milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar.

Qonaqlar arasında “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov, Milli Məclisin üzvləri Sabir Hacıyev və Elman Nəsirov, məşhur rəssam Fərhad Xəlilov, Milli Konservatoriyanın rektoru Fərhad Bədəlbəyli, İsveçin, Norveçin, Yaponiyanın, Hindistanın, Çexiyanın, İsrailin, Pakistanın, Moldovanın və digər ölkələrin Bakıdakı səfirləri, o cümlədən Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratov və xarici ölkələrdən gəlmiş çoxsaylı nümayəndələr, yerli rəsmilər yer alırdı.

Festivalın rəsmi açılışında rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edib, toplaşanları təbrik edib. Bildirib ki, bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.

Festivalın rəsmi açılışının ardınca bayram konserti başlayıb. Xanəndələr, tanınmış müğənnilər, o cümlədən Ədalət Şükürov, Miryusif, Aygün Kazımova, “Ənvər” qrupu, tar ifaçısı Şəhriyar İmanov və digərləri milli mahnılar ifa edib, rəqslər nümayiş etdirilib. Festivalın yadda qalan epizodlarından biri də milli geyimli atıllar dəstəsinin toplaşanların qarşısından təntənəli keçidi olub, festivala toplaşanlar atlıların keçidini alqışlarla müşaiyət ediblər. Əlbətdə, festivalın ən maraqlı və mühüm hissəsi də Göyçay kəndlərində yetişdirilmiş müxtəlif nar növlərinin, nardan hazırlanan şirələrin, mürəbbələrin və digər məhsulların nümayiş etdirildiyi sərgi idi.

Festivalın qonaqlarına göyçaylı kəndlilərin öz məhsullarını nümayiş etdirdikləri stendlər, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib. Daha sonra əyləncəli yarışlar və müsabiqələr, o ümlədən milli toy ənənələrinin nümayişi olub. Habelə festival çərçivəsində nar simvolları ilə bəzədilmiş uşaq əyləncə mərkəzi də bu il ilk dəfə təqdim edilib.

Festivala qatılan qonaqlar “AzNar” QSC-nin stendinə də baxıblar. Burada şirkətin istehsal etdiyi ekoloji təmiz məhsullar nümayiş etdirilirdi və qonaqlar həmin məhsullardan dadıblar, məmnunluqlarını ifadə ediblər.

Festivalın böyük maraq doğuran tədbirlərindən biri də də moda nümayişi olub. Modelyer Aynur Talıbovanın hazırladığı geyim kolleksiyası, habelə  “İnci Collection”, “Natavan Collection” və “Libas Couture” kollesiyaları nümayiş etdirilib. Moda nümayişi böyük maraqla izlənilib.

Ardınca yerli və xarici qonaqlar “AzNar” şirkətinə yollanıblar. Orada da təntənə hökm sürürdü və qonaqları milli geyimli qızlar, musiqiçilər qarşılayıb. Biznesmen Fərhad Əhmədov xarici ölkə səfirlərini və digər qonaqları “AzNar” şirkətinin yaradılması tarixçəsi və hazırkı fəaliyyəti barədə məlumatlandırıb. Bildirilib ki, müəssisənin istehsal etdiyi ekoloji təmiz nar şirələri və digər məhsullar illərdir dünyanın bir çox ölkələrinə, o cümlədən uzaq xarici ölkələrə ixrac edilir. Bu məhsulların stabil alıcıları var.

Şirkətlə tanışlığın ardınca “AzNar” QSC-nin yeni şərab zavodunun açılışı baş tutub. Qonaqlar müasir texnologiyaların tətbiq edildiyi bu zavodla tanış olub. Qonaqlara zavodda yeni süzülmüş şərabdan hədiyyə edilib.

Açılış başa çatandan sonra festivala qatılan qonaqlar “AzNar” QSC-nin ərazisində ağac əkiblər. F.Əhmədov özü də daxil olmaqla qonaqlar hərəyə bir nar ağacı əkiblər və üzərlərinə öz adları yazılmış xatirə lövhələrini asıblar. Festivalın birinci günü qonaqların şərəfinə milli yeməklərdən ibarət ziyafətin verilməsi ilə davam edib.  Axşam saat 20.00-də isə minlərlə yerli sakinin və qonaqların izlədiyi  konsert proqramı başlayıb, sonda atəşfəşanlıq olub.

Əməkdaşımız xəbər verir ki, festivalla əlaqədar bir çox turizm şirkətləri Bakıdan Göyçaya endirimli tur-aksiyalar təşkil etmişdilər. Nəticədə festivalda böyük izdiham yaranmışdı. Yerli və xarici turistlər həm 30-dan çox Göyçay kəndindən festival çərçivəsində təşkil olunan satış-sərgiyə çıxarılmış nar növlərindən və nar məhsullarından alıblar, həm rayonun görməli yerlərini gəziblər və bayram tədbirlərinə qatılıblar.

Bu gün noyabrın 4-də isə festival idman yarışları ilə davam edib və öz işini yekunlaşdırıb. Göyçayın şəhər stadionunda (stadion Fərhad Əhmədovun ayırdığı vəsait hesabına yenidən qurulub) yerli “AzNar” futbol komandası ilə Bakının “Keşlə” (keçmiş “İnter”) komandası arasında yoldaşlıq görüşü keçirilib.  Tribunaların tamamilə dolduğu stadionda görüş ev sahiblərinin xeyrinə 2-0 hesabı ilə başa çatıb. “AzNar” QSC-nin direktoru Teymur Əhmədov qalib komandaya 10 min manat, “Keşlə” komandasına isə 5 min manatpul mükafatını, habelə “AzNar” komandasına ənənəvi “Nar” kubokunu təqdim edib.

Qeyd edək ki,  National Geographic Traveler Awards 2018 (NGT Awards 2018) mükafatının Rusiyadan MDB ölkələrinə və yaxın xaricə turizm və istirahət istiqaməti üzrə səsverməsində Azərbaycan Fransanı, Ermənistanı və Cənubi Koreyanı qabaqlayıb. Araşdırmalara görə Azərbaycan rusiyalı turistlər arasında qastranomiya baxımından MDB ölkələri arasında ən populyardır. Göyçayda keirilən ənənəvi Nar bayramı isə MDB öllkələrində etnoqastronamiya bayramları və festivalları arasında ilk üçlüyə daxildir.  Bu ilki Nar bayramına Rusiya KİV-ləri də böyük duqqət ayırıb və bir çox nəşrlər bayramla bağlı geniş məqalələr dərc ediblər. Göyçayda keçirilən ənənəvi Nar bayramları sayəsində ilin bu mövsümündə Azərbaycana o cümlədən Rusiyadan və digər  xarici ölkələrdən turistlərin axını daha da artır. Eyni zamanda bu festivallar Azərbaycandan xarici ölkələrə nar şirələrinin və digər nar məhsullarının ixracı imkanları genişləndirir.

Hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-nun bufeti də bağlandı

Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret …