Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Aktual / Elmira Axundova müraciət etdi: “Məndən qisas almağa çalışırlar”

Elmira Axundova müraciət etdi: “Məndən qisas almağa çalışırlar”

İş adamı Fərman Məmmədov tərəfindən Milli Məclisin deputatı, yazıçı və jurnalist Elmira Axundovaya qarşı irəli sürülmüş ittihamlarla əlaqədar KİV-lərdə və sosial şəbəkələrdə E.Axundovanın adının ləkələnməsini məqsəd güdən kampaniya başlayıb.

Elmira Axundova virtualaz.org-un redaksiyasına müraciət edərək, ona və ailə üzvlərinə baş verən hücumlarla bağlı müraciətini yerləşdirməyi xahiş edib.

Elmira Axundovanın müraciətini diqqətinizə çatdırırıq:

Son zamanlar mənə və ailəmə qarşı artıq bir neçə il ərzində davam edən qaralama kampaniyasının yeni dalğası baş qaldırıb. Qeyri-qanuni yolla əldə edilmiş əmlakın siyahıları, montaj edilmiş audioyazılar, oğurlanmış və pulla əldə edilmiş şəxsi videolar ictimaiyyətə sensasiya kimi təqdim olunur. Halbuki bu “kompromat”da yeni heç bir şey yoxdur. Bütün bu və digər materiallar tərəfimdən hələ çoxdan bəri hüquq-mühafizə və məhkəmə orqanlarına təqdim edilib və onlar müvafiq araşdırmalar aparıblar.

Görünür, bu məsələnin yenidən gündəmə gətirilməsi hansısa maraqlı və şər qüvvələrə sərfəlidir. Əlbəttə ki, əsas hədəf mənim şəxsiyyətim, cəmiyyətdəki mövqeyim və nüfuzumdur. 11 aprel 2018-ci il prezident seçkiləri ərəfəsində seçkiqabağı kampaniya zamanı mən “Meydan-TV” kimi internet-kanalları və bunun kimi portalların arxasında duran dağıdıcı qüvvələri kəskin tənqid edirdim. Son 15 il ərzində mən düşmən mövqeyində duran xarici mərkəzlərin səsinə çevrilmiş bu qüvvələrə qarşı fəal informasiya mübarizəsi aparıram. Yerli və xarici mətbuatda bununla əlaqədar mənim onlarla məqaləm və çıxışım dərc olunub. Göründüyü kimi, məndən məhz bu cür ləyaqətsiz metodlarla “qisas almaq” istəyirlər.

Cənab Prezident tərəfindən mənə yüksək “Xalq yazıçısı” fəxri adının verilməsindən sonra sosial şəbəkələrdə, həmçinin müxalifət mətbuatında mənə qarşı heç bir mənəvi və etik çərçivələrə sığmayan “qara” piar-kampaniya başladı. Maraqlıdır ki, radikal müxalifətlə əlaqələri olan və onlarla əməkdaşlıq edən Fərman Məmmədov və onun əlaltıları bu kampaniyanı məhkəmə instansiyalarında onların marağında olduqları prosesin başa çatdığı vaxt başlamışdılar.

Sual olunur: yeni fakt və sübutlarınız varsa, ionları hüquq-mühafizə orqanlarına təqdim edin. Mətbuatın bu işə cəlb edilməsini, saytlara qeyri-qanuni yollarla ıəldə edilmiş və montaj olunmuş audioyazıların, şəxsi həyata aid videoların, əmlakların təhrif edilmiş və gerçəkliyi əks etdirməyən siyahılarının ötürülməsini məhkəmə orqanlarına kobud təzyiq kimi qiymətləndirirəm. Hələ onu demirəm ki, bunlar Konstitusiyaya və deputatın statusu haqqında Qanunun müddəalarına ziddir.

20 il ərzində mən jurnalist kimi kütləvi informasiya vasitələrində çalışmışam. Bu gün də, KİV nümayəndələrinin əməyinə hörmət edərək, onlarla daimi əlaqədəyəm. Hər zaman istənilən sual və şərh üçün açığam. Buna görə də, məni incidir ki, bəzi həmkarlarım, işin mahiyyətinə varmadan, məsələni araşdırmadan, ucuz sensasiya xatirinə Fərman Məmmədovun dezinformasiyasını tirajlayırlar və bununla da həmin kampaniyanın iştirakçısına çevrilirlər.

Hüquqi və demokratik cəmiyyətdə yaşayırıqsa, sözügedən faktlara yalnız hüquqi müstəvidə qiymət verilməlidir. Buna görə də, bütün KİV nümayəndələrindən xahiş edirəm ki, səbrli olsunlar və məhkəmənin qərarını gözləsinlər.

O ki qaldı mənim ədəbi və siyasi fəaliyyətimə, heç kim və heç bir şey məni müstəqilliyimizin və dövlətçiliyimizin, dahi Heydər Əliyevin yolundan döndərə bilməz. Bir vaxtlar Azərbaycan yazıçılarının qurultayında Ümummilli lider demişdi: “Elmira Axundova çox dəyərli bir insandır”. Mən hər zaman bu yüksək qiyməti, yüksək etimadı doğrultmağa çalışmışam və bundan sonra da çalışacağam.

Heç kim buna şübhə etməsin!

Hörmətlə, Elmira Axundova.

Həmçinin oxuyun

Keçmiş deputat küçəyə atasının adını verdirib? – Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər

Keçmiş deputat Hacı Qalib Salahzadə yaşadığı küçəyə atasının adını verdirib. Bu barədə Modern.az-a Sabunçu rayon …