Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Aktual / Deputatın adı qalmaqalda, qardaşının tikinti fırıllağı…. – İTTİHAM

Deputatın adı qalmaqalda, qardaşının tikinti fırıllağı…. – İTTİHAM

Bakı şəhər sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev Milli Məclisin deputatı Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını iddia edir.

Open.az-a müraciət edən şikayətçi qeyd edib ki, 2009-cu ildə oğlu Fərid Əliyevlə birgə iş qurmaq istəyib: “Həmin ərəfədə uzun müddət tanıdığımız, ailəvi yaxınlıq etdiyimiz və ailə dostumuz olan Mirəhməd Abbasovla danışdıq. Ona biznes qurmaq istədiyimizi dedim. Mirəhməd təkidlə qeyri-yaşayış sahəsi almağımızı, gələcəkdə də həmin sahəni icarəyə verib gəlir əldə edərək faydalanmaq imkanlarının olduğunu dedi. Mən ona dost kimi etibar etdiyim üçün onun bu işdə bizə kömək edəcəyi barədə vədlərinə inandım. Mirəhməd faktiki olaraq onun və tələbə yoldaşı, Binəqədi rayonundan seçilmiş deputat Rafael Cəbrayılovla birgə inşa edildikləri Novxanı yolu ilə Mehdiabad-Fatmeyi yolunun kəsişməsində yerləşən 5 mərtəbəli binaların əlverişli variant olması barədə təklif verdi. Həmçinin dedi ki, həmin binalar onlar tərəfindən inşa edilsə də rəsmi olaraq şirkətin direktor Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdur. Mirəhmədin təkidli təklifini qəbul etdik və təklif olunan qeyri-yaşayış sahəsinə birgə baxış keçirdik. Baxış zamanı həmin binalarda ilkin inşaat işlərinə başlanılmışdı. Hətta qeyri-yaşayış sahəsinin isə ilkin beton-konstruksiya tamamlanma işləri aparılırdı. Bundan sonra Mirəhmədlə birgə “Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə getdik. Həmin ofisdə Elşən və Mirəhmədə 150 min manat pul verdim və oğlum Fəridin adına müqavilə bağlandı. Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edildi. Fəridin imzası olmadan Elşən Cəbrayılov tərəfindən imza edilərək möhürlənmiş müqaviləni evə apardım oğlum Fəridə imza etdikdən bir həftə sonra Mirməhməd müqaviləni gəlib mənim evimdən apardı”.

S. Məmmədova bildirib ki, oğlu Fərid 2010-cu ilin noyabr ayından, özü isə 2011-ci ilin iyun ayından Dubaya gedib: “Orda işləyirdik. İşlədiyimiz şirkət ciddi şirkət olduğundan hər zaman oranı tərk edərək Azərbaycana gəlmək imkanımız olmurdu. Gələndə də 1-2 günlük vacib məsələləri həll edərək yenidən geri qayıdırdıq. Aldığımız əmlakla bağlı yalnız Mirəhmədlə əlaqə saxlayırdıq, ona etibar edirdik. Mirəhmədlə telefon danışıqları vasitəsi ilə, eləcə də arada-bir vaxt taparaq ora gəlib kənardan müşahidə etməklə görülən işlərə nəzarət edirdik”.

Şikayətçi onu da qeyd edib ki, bir müddət sonra Mirəhəmədin qeyri-müəyyən cavabları onda şübhə oyadıb: “2016-cı ilin dekabr ayında yaxın qohumumun vəfatı ilə bağlı Bakıya gəldim. Mirəhmədlə münasibətlər bir qədər pozulmuşdu, zəngimə cavab vermirdi. İşlərin aparılmasına baxmaq üçün tikinti olan əraziyə gəldim. Mənə məxsus qeyri-yaşayış sahəsinin yanından keçəndə üzərində “satılır” yazısını gördüm. Bu məsələni araşdırmaq üçün “Dərhal” MTK-nın ofisinə müraciət etdim. Ofisin Rasim adlı əməkdaşı məsələdən məlumatı olmadığını bildirdi və bu barədə Elşən Cəbrayılova müraciət etməyimi tövsiyə etdi. Onun isə hazırda ölkə hüdudlarından kənarda olduğunu bildirdi. Həmin vaxtdan bəri mən Elşən Cəbrayılovu tapa bilmirəm. Aldadıldığımı başa düşdüm və məhkəməyə müraciət etdim”.

Şikayətçi bildirib ki, Binəqədi Rayon Məhkəməsi onun iddiasını təmin edib: “Məhkəmə 150 000 (yüz əlli min) manat məbləğində pulun “Dərhal” MTK-dan alınaraq Əliyev Fərid Vaqif oğluna ödənilməsi barədə qərar çıxarıb. Qətnamənin icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsə də, icra məmuru məhkəmə qətnaməsini icra etməkdən yayınır, hakimlərə müxtəlif yollarla təzyiqlər edilir. Aldığımız məlumata görə, bu mülki iş üzrə kassasiya instansiyasında məhkəmə icraatını həyata keçirməli olan məhkəmə tərkibinə sədrlik edən hakim Vəfaddin İbayev “Dərhal” MTK-nın rəhbəri Elşən Cəbrayılovun qardaşı, Milli Məclisin deputatı Rafael Cəbrayılovun tələbə yoldaşı və prokurorluqda iş yoldaşı olub”

S. Məmmədova deyib ki, Mirəhməd Abbasovun və “Dərhal” MTK-nın tək və yeganə qurbanı o olmayıb: “Mirəhməd Abbasov millət vəkili Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib və bu günə qədər onları müxtəlif adlarla təhdid etməklə öhdəliklərini yerinə yetirməkdən yayınır”.

Şikayətçinin vəkili Kamandar Nəsibov Open.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı dəfərlərlə Milli Məclisinin deputatı Rafael Cəbrayılovla danışsa da, müvəkillərin pulu qaytarılmayıb: “ Rafael müəlimlə dəfələrlə telefon danışığımız olub, bir dəfədə görüş keçirilib. Özü bizə dedi ki, iki həftə ərzində məsələni həll edəcək. Sonra da dedi ki, Azərbaycanda deyil, 1 həfəyə gəlib məsələni öz yoluna qoyacaq. Sonra dedi ki, pulu hüquqşünasları mənimsəyib, ona ödətdirəcəklər. Min bir bəhanələr gətirdilər, lakin sonradan telefonumuzu belə götürmədilər. Qardaşı isə tapılmır”.

Kamandar Nəsibov qeyd edib ki, hazırda iş Binəqədi rayon icra şöbəsindədir: “İcra-icraatla bağlı Elşən Cəbrayılov tapılmadığına görə barəsində axtarış verilmişdi. O, məcburi qaydada məhkəməyə gətirildi lakin həbs edilmədiş. Məhkəmə inzibati həbslə bağlı qərarında qeyd elədi ki, müəsssisənin əmlakı var. Həmin pul əmlakdan müsadirə edilməklə ödənilsin. Hazırda iş icra şöbəsi tərəfindən əmlaka yönəldilmə mərhələsindədir”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər …