Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Deputat: “Ailə həkimi institutuna daha çox ucqar bölgələrdə ehtiyac var”

Deputat: “Ailə həkimi institutuna daha çox ucqar bölgələrdə ehtiyac var”

“Ailə həkimi haqqında” qanun layihəsinin qəbulu əhəmiyyətli və vacibdir. Artıq neçə illərdir ki, bu məsələ komitəmizin və parlamentin gündəmindədir.

Bu baxımdan, hesab edirəm ki, növbəti sessiyalardan birində bu məsələyə baxıla, ailə həkimi ilə bağlı cəmiyyətin səbirsizliklə gözlədiyi qanun layihəsinin müzakirələri baş tuta bilər. Bununla bağlı deputat həmkarlarımızın, konkret olaraq, İlham Məmmədovla Musa Quliyevin də bir sıra təklifləri var, onlar bu məsələni mütəmadi olaraq dilə gətirirlər. Odur ki, belə bir qanun layihəsinin müzakirələri çox da uzaqda deyil.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, ixtisasca həkim və adıçəkilən qanun layihəsinin təşəbbüskarlarından olan Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, ailə həkimi ilə bağlı qanun layihəsinin qəbulu üçün ölkədə icbari tibbi sığortanın tam tətbiqi çox vacibdir.

Onun sözlərinə görə, bu iki məsələ bir-biri ilə bağlıdır və paralellik təşkil edir.

“Bildiyiniz kimi, ölkədə icbari tibbi sığortanın tətbiqi yönündə mühüm addımlar atılır. Üç bölgədə – Mingəçevir, Yevlax və Ağdaşda uğurlu pilot layihələr həyata keçirilir. Eyni zamanda, 2020-ci ildən ölkədə icbari tibbi sığortanın tam tətbiqi nəzərdə tutulur.

Prezident İlham Əliyev icbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Bunun özü çox önəmli və əhəmiyyətlidir.

Bununla yanaşı, parlamentin 2018-ci ildəki son plenar iclasında “Tibbi sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunlara çox vacib dəyişikliklər olunub. Bütün bunlar nəticə etibarilə ailə həkimi haqqında qanunun qəbulunu vacib və zəruri edir. Bu baxımdan, ailə həkimi ilə bağlı qanun layihəsinin yaxın gələcəkdə müzakirələrə çıxarılması və qəbulu mümkündür”.

Ailə həkimi ilə bağlı bir sıra ölkələrdə, o cümlədən, qardaş və dost Türkiyədə müsbət təcrübələrin olduğunu bildirən millət vəkili sözügedən qanun layihəsinin hazırlanmasında və gələcəkdə qəbulundan sonra icraya yönəldilməsi prosesində onlardan yararlanılmasının mümkünlüyünü də sözlərinə əlavə edib.

Millət vəkili bildirib ki, ümumiyyətlə, ailə həkimi institutu ölkədə tibbi, səhiyyə xidmətinin daha əlçatan olmasına və daha keyfiyyətli şəkildə tənzimlənməsinə öz müsbət töhfəsini verə bilər.

“Xüsusilə, ölkənin ucqar bölgələrində, dağlıq rayonlarında səhiyyə xidmətinin daha yüksək şəkildə təmin olunmasında ailə həkimi institutu öz töhfəsini verə bilər”, – deyə millət vəkili bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …