Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / DÇ-2018: Bu gün 1/8 final mərhələsində daha 2 oyun keçiriləcək

DÇ-2018: Bu gün 1/8 final mərhələsində daha 2 oyun keçiriləcək

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Azinforum.az məlumatına görə, meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçiləri olacaq.
Əvvəlcə təşkilatçı Rusiya ilə dünya və üçqat Avropa çempionu İspaniya milliləri üz-üzə gələcək.
Qrup mərhələsində Rusiya Səudiyyə Ərəbistanına 5:0, Misirə 3:1 hesabı ilə qalib gəldikdən sonra Uruqvaya uduzub – 0:3. Nəticədə Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda A qrupunu 6 xalla 2-ci pillədə başa vurub.
İspaniya isə B qrupundakı görüşlərində İrana 1:0 hesabı ilə qalib gəldiyi halda, Portuqaliya ilə 3:3, Mərakeşlə isə 2:2 hesablı heç-heçə edib. Nəticədə Fernando Yerronun baş məşqçi olduğu yığma qrupu 5 xalla 1-ci pillədə başa vurub. Bu komanda ikinci yeri tutan Portuqaliyanı yalnız daha üstün top fərqi sayəsində geridə qoyub.
Bu kollektivlər indiyədək dünya çempionatlarında qarşılaşmadıqları halda, Avropa çempionatlarında 3 dəfə görüşüblər. AVRO-2008-də İspaniya Rusiyanı qrup oyununda 4:1, yarımfinalda 3:0 hesabı ilə yenib. AVRO-1964-ün finalında isə İspaniya Rusiyanın hüquqi sələfi sayılan keçmiş SSRİ millisinə minimal fərqlə qalib gəlib – 2:1.
Günün digər matçında Xorvatiya və Danimarka yığmaları qarşılaşacaq. Xorvatiya D qrupundakı hər 3 görüşünü qələbə ilə başa vurub. Zlatko Daliçin baş məşqçi olduğu komanda Nigeriyaya 2:0, Argentinaya 3:0, İslandiyaya 2:1 hesabı ilə qalib gələrək, 9 xalla qrup lideri olub. Danimarka isə C qrupundakı matçlarında Perunu 1:0 hesabı ilə yendikdən sonra Avstraliya ilə 1:1, Fransa ilə 0:0 hesablı heç-heçə edib və 5 xalla 2-ci yeri tutub.
Bu komandalar final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər.
DÇ-2018, 1/8 final
1 iyul
18:00. İspaniya – Rusiya
Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Kleman Turpen, Nikolya Dano (hər ikisi Fransa)
Moskva, “Lujniki” stadionu

22:00. Xorvatiya – Danimarka
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Enrike Kaseres, Eduardo Kardozo (hər ikisi Paraqvay)
Nijni Novqorod, “Nijni Novqorod” stadionu
İspaniya – Rusiya və Xorvatiya – Danimarka görüşlərinin qalibləri 1/4 finalda bir-biriləri ilə üz-üzə gələcəklər. İlk 1/4 final cütü isə iyunun 30-da müəyyənləşib: Fransa – Uruqvay.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …