Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Aktual / Cümhuriyyət parlamentindən qovulan və istefa verən deputatlar -TARİX

Cümhuriyyət parlamentindən qovulan və istefa verən deputatlar -TARİX

Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci il “Xalq Cümhuriyyəti” ili münasibətilə hazırladığı silsilə yazılara davam edir.
Bu silsilədən hazırladığımız yazılar arasında Cümhuriyyət parlamentini da ara-sıra xatırlamağı özümüzə borc bilirik. Çünkü bu il həm də Cümhuriyyət parlamentinin 100 illik yubileyidir.
AXC parlamentinin 1918-ci ilin sonlarına təsadüf edən iclaslarının birində çox maraqlı bir hadisə yaşanır. İş o yerə çatır ki, Rəsulzadə də məsələyə münasibət bildirməli olur. Parlamentin stenoqramlarından oxuyuruq:
“Əvvəlcə, sədr Həsən bəy Ağayev iclası açaraq, Məhəmmədağa Vəkilovun qubernatorluqda qalaraq, məbusluqdan istefa verdiyini və Seyidov ilə Tağıyev Əşrəfin iki aydan bəri gəlmədiklərindən məbusluqdan xaric hesab edildiklərini bəyanla fraksiyalara xahiş edir ki, çıxan məbusların əvəzinə sairlərini göndərsinlər”.
Lakin sədrin bu sözləri parlaman üzvləri tərəfindən birmənalı qarşılanmır:
Ağamalov (“Hümmət”) – “Dünən nazirlərdən birisi dedi ki, hər şeydən ötrü sorğu vermək olmaz. Nazirin sözündən belə çıxdı ki, sorğu vermək üçün bəzi şərait mövcud olmalıdır. Əzcümlə, məsələn, o vaxt sorğu verilir ki, hökumətin ümumi  siyasəti xalqa zərər ola, daha məsələn, bir naçalnik rüşvət alıb bu barədə sorğu verməzlər. Bəli, nəzarətin siyasəti öylə olmalıdır ki, xalqa ondan zərər dəyməsin. Amma bizim nəzarətlərimizin siyasəti böylə deyildir, zərəri var və bu siyasət nə qədər dəyişməyib, belə də olacaqdır. Bu siyasət nə siyasətdir? Buna böyük diqqət vermək lazımdır. Bu siyasət indi deyil, türklər buraya qədəm qoyandan başlayıb davam edir və bir müddətdə edəcəkdir. Bu siyasət xalqı qorxuda saxlamaq siyasətidir. Şimdiki siyasət sabiq hökumətin siyasəti türklərin gəlməsi və onların hərəkəti bir-birinə bağlıdır. Biz burada yoxuyduq, amma eşidirdik ki, türklər ağır yumruqlarını fəhlə və kəndlilərin üzərinə qoyub, onları sıxmışlar. Tərəf müqabil dirilmiş, suvarılmış, yanmış ot kimi yenidən göyərmişdir. O vaxt hökumət tikildi, fəqət parlament çağırılmalı, çünki tez-tez parlament xalq səsi idi. Əgər hökuməti parlament tiksə idi, belə olmazdı, amma parlament tikmədi. Nuru paşanın qanadı altında tikildi, adını da qoydular… Nə bilim Azərbaycan Cumhuriyyəti. Bu siyasətin ibtidasını o ağalar qoydular ki, indi də gedir. Bu hökumət də o hökumətin tayıdır. Bir məsəl var ki, deyirlər erməninin yaxşısı olmaz, amma bu erməni o ermənidən yaxşı olar.
(Abbasqulu Kazımzadə yerindən: Siz də yaxşı sosialistsiniz!)
Bəli! Bu hökumət o hökumətin tayıdır. Bunun siyasəti onunku  kimidir.   Bu  siyasətdə   ibarətdir   camaatı   əzməkdən. Türklərin zamanında qoyulan siyasət bizim hürriyyət və istiqlalımıza ziddir. Çünki bu siyasət fəhlə və əkinçini əzir, ölüm verir. O yerdə ki, camaatın əksəri zillətdə oldu, o millətin gücü olmaz. Odur ki, biz deyiriz. Həqiqi istiqlal şəraitində yaşamaq istəyənlər həmişə camaatın asayişini təmin etməyə çalışmalıdırlar, nəinki əqəliyyəti. Mən yenə deyirəm, bu hökumət belə gəlib bir müddətdə davam edəcəkdir. Şimdi məndən soruşa bilərsiniz ki, hökumət pis isə nə üçün sosialistlər onu qəbul etmişlərdir. Bunun cavabında deyirəm ki, baxdıq gördük hər tərəfdə işlər fənadır, hər tərəf düşməndir (Mərkəzdən və sağdan: bravo!) siyasət barəsində yoldaşım müfəssəl danışacaqdır. Ancaq indi bunu demək istəyirəm ki, məmurlar belə zənn edirlər ki, qüvvəni quldurlarda, qaçaqlarda, adam öldürənlərdə tapmaq olar.
(Məmməd Əmin yerindən: Hamı məmurları belədir?) Bəli! 
Amma camaat qulduru hökumət yanında görəndə hökumətin zəifliyinə istinad edir. Avropada adətdir, bir adamı qulluğa qəbul etdikdə ondan attestat istəyirlər. Bizim də attestatımız oğurluq-quldurluq, adam öldürməkdir. Gəncə tərəfdə polislər və strajniklər belə adamlardandır. Bizdə bəzi yerlərdə şimdi bir adət var. Hər kəs şikayət etsə, onu döyürlər, xüsusən qulluqçudan heç vaxt şikayət etmək olmaz. Yüzbaşıdan, pristava, pristavdan naçalnikə xülasə, bir qulluqçudan böyüyünə şikayət etmək qadağandır. Bir də Nikolay vaxtında heç hürriyyət olmayan zaman yenə bir kəndxuda seçkisi var idi. Şimdi bu da götürülmüşdür. Mən Qazaxda olanda camaat məyığılmışdır. Yüzbaşı məsələsi var idi. Dedim yüzbaşınız pis isə yenisini seçin, dedilər necə seçək ki, neçə min manat alıb Mahmudu təyin ediblər. Şimdi gələk sud məsələsinə: məhkəmə işlərinin hamısı polis əlindədir. Sudyalar bekarçılıqdan alış-verişə qurşanmışlar. Sud yoxdur. Keçirəm dünənki sorğu məsələsinə. Sorğuda deyilir ki, məmurlar rüşvət alırlar. Biz də təsdiq ediriz ki, belədir. Sonra polis məmurlarının fəna hərəkətlərindən iki misal gətirərək deyir ki, rüşvətxorluq yalnız Qazaxda deyil hər yerdə var. Nazirlər bunu bizdən yaxşı bilirlər. Bunun qabağını almaq, çarə qılmaq lazımdır. Lakin çarə bu deyil ki, hökuməti çıxarasan. Bu hökuməti dəyişsən də iş dəyişməz, çünki Həsən keçəl, ya keçəl Həsən. Hökuməti dəyişmək deyil, siyasətin ruhunu dəyişmək lazımdır. Biz burada hökumətə etimad məsələsindən bəhs etmiriz, çünki ümidimiz yoxdur ki, sonra gələn hökumət bundan yaxşı olsun. Bəs nə etməli? Mən deyirəm xəyanətdə tutulan məmurların həpsinə cəza lazım deyil, varyoxunu əlindən alıb, qabaqkı halına salmaq lazımdır”.

Həmçinin oxuyun

Keçmiş deputat küçəyə atasının adını verdirib? – Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər

Keçmiş deputat Hacı Qalib Salahzadə yaşadığı küçəyə atasının adını verdirib. Bu barədə Modern.az-a Sabunçu rayon …