Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Birinin 23, digərinin 24 yaşı var – Bu gün onların günüdür

Birinin 23, digərinin 24 yaşı var – Bu gün onların günüdür

Artıq 25 ildir ki, ölkəmizdə müəllimlər bu günü peşə bayramları kimi qeyd edir. Ənənəyə görə, bayram günündə şagirdlərdən kimisi söz, kimisi şeir, kimisi isə gül dəstəsi ilə sevimli müəllimlərini təbrik etsə də, zaman keçdikcə bu bayram günü əsl mahiyyətini itirərək daha çox maddi gəlir mənbəyinə çevrilməyə başladı. 

Əfsuslar olsun ki, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu il də müəllimlərin şagirdlərdən pul yığması ilə bağlı xəbərlər sosial şəbəkələrdə az yayılmadı.

Təhsil Nazirliyi xəbərdarlığında bildirir ki, hər hansı bir məktəbdə pul yığılması ilə bağlı faktlarla qaşılaşan şəxslər TN-nin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: “Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

Sözsüz ki, hər il yaşanılan bu xoşagəlməz məqamlar ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir. Ancaq bununla yanaşı öz bilik və bacarıqları ilə müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayıb pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlər də az deyil.

“Qafqazinfo” da bu məqamda 20 və 60 nömrəli məktəblərdə yüksək bal toplamış gənc müəllimlərin dərslərində iştirak edib.

Builki imtahanda 59 bal toplayan 24 yaşlı Xəyalə Hüseynli 20 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi çalışmaq şansı əldə edib. Öz maraqlı dərs metodu ilə birincilərin könlünü qazanmış Xəyalə xanımın sözlərinə görə, şagirdlərinin sevgisi və öyrəndiyi biliklər onun üçün ən böyük hədiyyədir.

60 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Bahar Məmmədova üçün isə bu bayram daha özəldir. Belə ki, daha əvvəl özəl kurslarda pedaqoji fəaliyyətlə məşğul olmuş Bahar müəllimə bu il 58 bal toplayaraq ilk dəfə orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. Yuxarı siniflərə dərs deməyin bir qədər çətin olduğunu etiraf edən 23 yaşlı müəllimə qısa zaman ərzində onların da sevgisini qazana bilib: “Dərs dediyim hər bir sinif bu gün xoş əhval-ruhiyyə ilə bizi qarşıladı. Onların xoş sözləri, öyrəndiyi biliklər hər bir hədiyyədən dəyərlidir. Bundan başqa, direktorumuz bütün müəllim kollektivini yığaraq bayramla bağlı hər hansı bir pul və ya hədiyyə yığılmasına qarşı xəbərdarlıq edib”.


Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …