Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Başı qırxılan qadının bacısı: “Bacımın ərinin birinci həyat yoldaşının əxlaqsız olduğunu deyirdilər”

Başı qırxılan qadının bacısı: “Bacımın ərinin birinci həyat yoldaşının əxlaqsız olduğunu deyirdilər”

“Bacımın əri gəlib inandırdı ki, aparım, incitməyəcəm, biz də dedik ki, ailədir, göndərək getsin”, sosial şəbəkələrdə yayılan videoda təhqirə məruz qaldığı görünən qızın bacısı deyir.
O əlavə edib ki, videoda əks olunmuş “qadının saçının qırxılması, təhqir edilməsi” bu ilin sentyabrında baş verib: “Polisə şikayət edəcəkdik, amma gözlədik ki, yaraları sağalsın, özünə gəlsin”, müsahibimiz danışır.
Sosial şəbəkələrdə yayılan təxminən bir dəqiqəyə qədər olan videoda saçı qırxılmış gənc bir qadın görünür. İddia olunur ki, həyat yoldaşı və qohumları onu əxlaqsızlıqda suçlayaraq saçını qırxıb. Videodakı danışıqlarda bir kişinin qeyri-etik ifadələrlə qadını və onun ailəsini təhqir etdiyi eşidilir.
Moderator.az xəbər verir ki, DİN-in sözçüsü Orxan Mansurzadə BBC News Azərbaycancaya bildirib ki, qadının anası günahkar şəxslərin cəzalandırılması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edib.
Qadının bacısı deyib ki, ərinin bacısını vurması birinci dəfə deyil, ailədə onu incitdikləri üçün qızı Rusiyadan geri, yaşadığı Mingəçevirə qaytarıblar.
“Bacım 5 ildir həmin şəxslə ailəlidir, onun da cəmi iki ilini əri ilə bir yerdə yaşayıb, çünki əri əvvəl də onu döyüb, incidib, ağzını-burnunu qanadırdı. Elə ona görə də gətirdik ki, öz yanımızda saxlayaq. Sadəcə sonradan əri gəlib inandırıb ki, aparım, incitməyəcəm, biz də dedik ki, ailədir, göndərək getsin”, sosial şəbəkələrdə yayılan videoda təhqirə məruz qaldığı görünən qızın bacısı deyir.
Bu evlilik xanımın birinci, ərinin ikinci nikahı olub, qadının bacısı deyir. O, qohum olduqları üçün evlilik təklifi gələndə çox da “dərinə getmədiklərini” söyləyir:
“Bacımı evləndirdiyimiz adamın birinci həyat yoldaşının əxlaqsız qadın olduğunu, dalaşıb evdən getdiyini demişdilər bizə. Biz də qohum olduğumuza görə araşdırmadıq. Adam özü də pis adama oxşamırdı, bacım da razı oldu, evləndilər”, o deyir.
Hazırda Mingəçevirdə, ailəsinin yanında olan qadının özü isə danışmaq istəmir.
Bacısı deyir ki, əvvəllər də əri qadını döyüb, amma o, polisə bundan şikayət etməyib.
Qadını polisə getməkdən çəkindirən faktorlar…
Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) bu məsələ ilə bağlı araşdırma apardığını bildirib.
Ancaq heç də ailədə qadınların üzləşdiyi bütün zorakılıq faktları polisin siyahısına düşmür: ya polis qeydə almır, ya da qadın hər hansı səbəblərdən susmağa üstünlük verir.
“Öncə iqtisadi asılılıq gəlir, qohum dəstəyinin yoxluğu, ər həbs olunsa, uşaqlara kim baxacaq sualı, bir də, bunun uşaqlara psixoloji təsiri – onları atasız böyütməmək istəyi qadınları polisə getməkdən çəkindirən faktorlardır”, hüquq müdafiəçisi Mehriban Zeynalova deyir.
Polisdən barışıq təklifi…
Digər hüquq müdafiəçisi Gülnarə Mehdiyevaya görə, bəzən hüquq-mühafizə orqanları məişət zorakılığına “biganə yanaşır”.
O deyir ki, məişət zorakılığına məruz qalmış qadın polisə şikayət edəndə, ona ailəsi ilə barışıq təklif olunur: “Bu, doğru yanaşma deyil. Qadına deyirlər ki, “ailəndir, get barış”, o da başlayır özü-özünü aldatmağa ki, yaxşı olacaq hər şey. Axırda da belə hallar meydana çıxır”.
10 manatlıq cərimə və xəbərdarlıq cəzası
“Evləndik, sonra məni burada qoyub getdi Rusiyaya işləməyə. Bir neçə ildən sonra köçdü bura. İş tapa bilmirdi. Başladı içməyə, sonra da evə gəlib, məni döyürdü”, Azərbaycanın şəhərlərindən birində yaşayan Sevinc (ad müsahibin istəyilə dəyişdirilib) BBC News Azərbaycancaya danışır.
Yerli polis idarəsinə üz tutduğunu deyən Sevincin iddiasına görə, birinci dəfə onun şikayət ərizəsi qəbul edilməyib: “Mənə dedilər ki, hələ de görək, evliliyin rəsmidirmi? Uşağının atası bu kişidirmi? Ərizəmi qəbul eləmədilər ki, “ər arvadını döyər də”.
Yenidən döyüldükdən sonra ərizə ilə təkrar polisə gedən Sevinc ərizəsi qəbul olunmayacağı təqdirdə prokurorluğa şikayət edəcəyini söyləyib.
“Ərizəmi qəbul etdilər. Həyat yoldaşımı 10 manat cərimələdilər. Özünə də dedilər ki, bir də belə hərəkət etsən, səni ağır cəza gözləyir”.
Hazırda həyat yoldaşı ilə ayrılmaq üçün məhkəməyə müraciət etmiş Sevinc deyir, “yenə içib gəlir, qapını sındırıb, məni öldürəcəyi ilə hədələyir”.
“Zorakılıq” rəqəmləri: həyatını itirən azyaşlı qızların sayı artıb
Daxili İşlər Nazirliyindən bildiriblər ki, 2018-ci ilin 9 ayının nəticələrinə görə, məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır.
“Bunlardan 112-sində qadın özünü öldürüb. Onların da 11-i azyaşlı qızlardır”.
Qurumdan bildiriblər ki, ötən ilə nisbətən bu il məişət zorakılığı cinayətlərinin sayında “azalma var”.
Rəsmi statististikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox idisə, bu il bu rəqəm 700-ə yaxınlaşıb.
“Bu, ölkədə baş vermiş ümumi cinayətlərin cüzi hissəsini təşkil edir”, DİN-dən deyiblər.
Ötən və bu ilin rəsmi statistikasında o da göstərilir ki, özünü öldürmə həddinə çatdırmaq üzrə cinayət faktlarının sayı 146-dan 135-ə, bu cinayətlər nəticəsində qadınlar üzrə ölüm faktları isə 123-dən 112-yə düşüb.
Ancaq DİN bildirir ki, bu il məişət zorakılığı səbəbindən həyatını itirən azyaşlı qızların sayı üç nəfər artıb.
Polisin məişət zorakılığından şikayətçi olanları “barışdırmaq və qadını ailəsinə qaytarmağa təşəbbüs göstərmək” iddialarını isə DİN şərh etməyib.
“Öldürülən qadınlara görə cinayət işi açılır, bəs ölümcül döyülənlər?”
“Məişət zorakılığı üzrə cinayət faktlarının sayı rəsmi rəqəmlərdən daha çoxdur”, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva BBC News Azərbaycancaya deyir.
O əlavə edir ki, şikayətçi qadınlar şikayət ərizələrini geri götürməsələr, rəqəmlər daha çox ola bilər.
“Öldürülən qadınlara görə cinayət işi açılır, bəs ölümcül döyülənlər?” deyən QHT sədri hesab edir ki, məişət zəminində baş verən cinayətlərə görə çox vaxt ancaq ölüm halları olduqda cinayət işi açılır.
“Məişət zorakılığı qurbanları sonradan susurlar”
Ailədaxili zorakılığa məruz qalmış qadınlar şikayətlərini geri götürdükdən sonra bəzilərinin həyatı yaxşılığa doğru dəyişmir, hüquq müdafiəçisi Mehriban Zeynalova bildirir.
“Bu qadınlar təkrar zorakılıqla üzləşəndə yenidən bizə üz tuturlar, yenə ailələri gəlir, onlar da sakitcə düşüb qohumlarının yanına gedirlər evlərinə”, o əlavə edir.
“Hökumət qurumları öz öhdəliyini bilir”
Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qəbul edilib.
“Bu qanunun qəbulundan sonra monitorinq qrupları yaradılıb və Daxili İşlər Nazirliyi ilə birgə çoxlu tədbirlər həyata keçirilib”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov BBC News Azərbaycancaya deyir.
Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarının təmsil olunduğu monitorinq qrupları “yerlərdə zorakılıqla mübarizəni həyata keçirirlər”.
“Əgər zorakılıq faktı daxil olursa, bu zaman araşdırma aparılır, cinayət faktı aşkarlanırsa, həmin məsələ yönləndirilir polisə, yoxdursa, ailə ilə profilaktik tədbir aparılır. Zorakılıq faktı ilə bağlı şikayət daxil olmursa, bununla bağlı araşdırma apara bilmirik”, Seymur Məmmədov deyir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …