Şənbə , Fevral 23 2019
Ana səhifə / Aktual / Bakıda SAXTA MAL epidemiyası… – İnsanların hətta göz sağlamlığı ilə də oynayırlar…

Bakıda SAXTA MAL epidemiyası… – İnsanların hətta göz sağlamlığı ilə də oynayırlar…

Son vaxtların ən çox müzakirəyə səbəb olan hadisələrindən biri də Daxili İşlər Nazirliyi tərəfindən “Lady Sharm” mağazalar şəbəkəsinin yol verdiyi saxtakarlıqların aşkarlanması və bu şirkətin vəzifəli şəxslərinə cinayət işi açılması oldu.

Araşdırma zamanı ortaya çıxdı ki, bu mağazalarda satışa çıxarılan Çin istehsalı olan aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb. Bu sexdə tikilən paltarlara saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Bəs görəsən, bu hadisədən sonra ölkənin, xüsusən də paytaxt Bakının ticarət mərkəzlərində yoxlamalar davam etdiriləcəkmi? Saxta malların dövriyyədən çıxarılması və bu işi həyata keçirilənlərin cəzalandırılması tədbirlərini müşahidə edəcəyikmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirdi ki, saxta mallar nəinki istehlakçıların hüquqlarını pozur, bir çox hallarda sağlamlıqlarına zərər vurur: “Məsələn, ”Brenner” adlı linzalar var ki, bunlar göz protezləridir, əməliyyat zamanı gözə qoyulur. Bizdə onun saxta nümunəsi var, sabah Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Gömrük Komitəsinə bununla bağlı müraciət edəcəyəm. İnsanların hətta göz sağlamlığı ilə də oynayırlar. Üzərində qeyd olunub ki, guya Almaniyada istehsal olunub, ancaq məlum oldu ki, Almaniya ilə heç bir əlaqəsi yoxdur, kasıb biz Afrika ölkəsində istehsal olunub. Azərbaycanlılar bunu gətirir, apteklərdə satırlar. Əhali qiyməti ucuz olduğu üçün bunu alır. Ola bilər ki, apteklərlə də iş birliyi həyata keçirilir. Belə saxta malların sayı minlərlədir”.

E.Hüseynovun sözlərinə görə, saxta mallara qarşı mübarizə tədbirlərini davamlı olacağı gözlənilmir: “İllər boyu ”Lady Sharm”la bağlı biz dövlət orqanlarına məlumat vermişik ki, əhali narazıdır. Lakin son hadisə uğurlu bir addımdır ki, Daxili İşlər Nazirliyi bu işə qarışdı. Mən düşünmürəm ki, bu hadisə bir açar olacaq və saxta mallara qarşı mübarizə trendə çevriləcək. Çünki Azərbaycanda alıcıların hüquqları qorunmur. Alıcıların hüquqlarını qoruyan dövlət qurumu yalnız istehlakçıları məhkəməyə göndərməklə məşğuldur. Belə bir passiv şəraitdə vəziyyətin dəyişəcəyini düşünmürəm”.

Birlik sədri hesab edir ki, istehlakçı hüquqlarını qoruyan dövlət orqanı iqtisadiyyat nazirliyinin tərkibində olmamalıdır: “Bu orqan müstəqil olmalıdır. Düşünmürəm ki, ”Lady Sharm” təcrübəsindən sonra vəziyyət müsbətə doğru dəyişsin. Bir sıra məsələlər DİN-ə həvalə olunmalıdır. O cümlədən leş əti məsələsində Daxili İşlər Nazirliyi çox ciddi iş aparır. Brend mallarla bağlı məsələ də bu quruma həvalə olunsa, daha yaxşı nəticə əldə edilə bilər. Hazırda bir çox mağazalarda saxta mallara rast gəlinə bilər. Çünki ayaqqabıların 20 faizi Azərbaycanda tikilir, xarici etiket vurulur. Kostyumların da 15-20 faizi Azərbaycanda tikilir, xarici mal adı altında satılır”.

Ekspert alıcıları geyim malları alarkən diqqətli olmağa səslədi: “Azərbaycanlı iş adamları öz brendini yaratmaq əvəzinə, brend xarici malların saxtasını yaratmağa çalışırlar. Çünki əhalinin hələ sovet vaxtında xarici mallara marağı, inamı daha çoxdur. Halbuki bizə gələcəkdə ”Made in Azerbaijan” brendi lazım olacaq. Bu məsələ ilə bağlı da iş aparılır, ancaq əhalini yerli malların keyfiyyətinə inamı bərpa olunmalıdır.”İstehlakçı hüquqları haqqında” Qanuna görə, vətəndaşın hər bir məhsulun, malın sertifikatını tələb edə bilər. Hər bir malın sertifikatı olmalıdır. 80 faiz malın ümumiyyətlə sertifikartı yoxdur. İstehlakçılar alacağı geyimin tikilişinə, keyfiyyətinə baxsınlar. Şübhələndikdə isə sertifikat tələb etsinlər. İstehlakçılar diqqətli olmalı, malın üzərindəki kağıza, etiketə inanıb mal almamalıdırlar”.

Həmçinin oxuyun

Xoşqədəm məhkəməni uddu — Nazilə Səfərli üzr istəyib təzminat ödəyəcək

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Azinforum.az …