Ana səhifə / Aktual / Bakı Zooparkı yenidən qurulur, köçürülmə olmayacaq – REPORTAJ, FOTOLAR

Bakı Zooparkı yenidən qurulur, köçürülmə olmayacaq – REPORTAJ, FOTOLAR

Heyvanat parkını Qobu və ya Ceyranbatana köçürmək ideyası reallaşmadı

Ən azı bir ildən çox uşaqlarınızı Bakı Zooparkına apara bilməyəcəksiniz. Şəhərin heyvanat parkı təmirə bağlandığına görə heyvanlar köçürülür, yenidənqurma işləri gedir. Müşahidələrimizə görə, zooparkın qarşısı hasarlanıb, “müvəqqəti narahatlığa görə üzr istəyirik” xəbərdarlığı vurulub, içəriyə texnika yeridilib, fəhlələr söküntü-dağıntı işləri həyata keçirir, işçilər isə artıq gəlib-getmirlər, kassa bağlanıb.

Bu həm də onların uzun müddət işsiz qalması deməkdir. Fəhlələrin dediyinə görə, zooparkın müasir şəkildə istifadəyə verilməsi bir ildən az çəkməyəcək. Heyvanların əksəriyyəti isə Qaradağ rayonunda xüsusi hazırlanmış yerlərə aparılıb. Zooparkda şirlər, ayılar, ponilər, müxtəlif quşlar artıq köçürülüb. Gördüklərimiz isə pələnglər, bəbirlər, meymunlar və bəzi quşlar idi. Onlar sanki bu meşəlikdə tənha qalıblar. Bəs, niyə aparılmayıblar?

“Toyuq-cücə deyil ki, bir günə hamısını daşıyasan, ay qardaş. Etap-etap hamısını Qaradağa köçürürlər. Sonra işlərin yarısı görüləndə ola bilsin bəziləri qaytarılsın.

Ancaq zooparkda yenidənqurma yekunlaşmayana qədər istifadəyə verilməyəcək”, – deyə fəhlələrdəN biri sualımızı belə cavablandırır.

Onun sözlərinə görə, zooparkIn ərazisi genişləndiriləcək. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq.

Maraqlıdır ki, bir neçə il qabaq zooparkın Qobuya köçürülməsi planda idi. Hətta keçmiş ekologiya naziri Hüseynqulu Bağırov da bu versiyanı istisna etməmişdi. Əksinə, o zaman açıqlama vermişdi ki, artıq plan və layihə hazırdır. Görünür, onun projesi keçməyib. Ona görə “Gənclik” metrosu yaxınlığında yerləşən heyvanat parkının yenidən qurulması belə deməyə əsas verir ki, köçürülmə olmayacaq.

Elə şəhər sakinləri də zooparkın Qobuya köçürülməsinin əleyhinədirlər. Çünki yol uzaqdır və əsasən uşaqların marağına səbəb olan bu yeri mərkəzdən ucqara daşımaq məntiqə uyğun deyildi. Hətta deyilirdi ki, hansısa məmurların zooparkın ərazisinə gözü düşüb, yerində göydələnlər ucaltmaq fikrindədirlər. Amma onların arzusu ürəyində qaldı və fəhlələr təmir-tikinti işlərini sürətləndirməsinin şahidi olduq.

Yeri gəlmişkən, bir müddət əvvəl zooparkın direktoru Azər Hüseynov demişdi ki, ölkə başçısı tərəfindən 2008-ci ildə 3 milyon manat vəsait ayrılıb. Öncə Qobuda 55 hektar yer ayrılmışdı. Sonra həmin sahə Ceyranbatana dəyişildi. Ancaq bu layihələr reallaşmadı, ayrılan məkan və vəsaitin aqibəti bilinmədi.

Zooparkın direktoru Azər Hüseynov getdiyimiz gün iş yerində olmadığı üçün ondan yeni heyvanların gətirilib-gətirilməyəcəyini soruşa bilmədik. Di gəl, orada olanlardan öyrəndik ki, təmirdən sonra heyvanların saxlanma şəraiti yaxşılaşacaq, onların qida və qulluq səviyyəsi artırılacaq.

Təmirdən sonra zooparka giriş qiymətlərinin qaldırılması gözlənilmir. Buna qədər heyvanata parkında giriş 1 manat, 10 yaşdan yuxarı olanlara 2 manat idi.

Burada 154 növdə 1200 heyvan məskunlaşıb. Zoopark 40 növ məməli, 40 növ balıq, 11 növ sürünən, 63 növ quşun məskənidir. Bakı Zooloji Parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, Şotland ponisi var. Habelə, Avropa cüyürü, pavian qamadril, yenot, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar da saxlanılır. Burada həmçinin adı “Qırmızı Kitab”a düşmüş, nəsli kəsilməkdə olan heyvanlar yaşayır. Bunlara nəcib maral, ceyran, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu aiddir. Aralıq dəniz tısbağası və Amur pələngi yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.

Qidalanmaya gəlincə, yonca otu, arpa, buğda, qarğıdalı, darı alınır. Tenderi udan tədarükçülər heyvanlara lazım olan meyvə-tərəvəzi həftədə bir dəfə gətirirlər. Əlavə edək ki, heyvanların qış rasionu başqadır. Yay rasionundan fərqli olaraq, heyvanlara 20 faiz  çox qida verilir. Bu, ətyeyən və otyeyən heyvanların hamısına aiddir.E

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …