Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakı Yol Polisi sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq etdi

Bakı Yol Polisi sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq etdi

Paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən bir sıra addımlar atılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, idarənin əməkdaşlarının ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda apardıqları yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamlar ortaya çıxıb. Məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolların hərəkət hissələrində və qanunla qadağan edilmiş digər ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib. Səhər isə saat 6-7 radələrində həmin sürücülər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar. Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır. Araşdırma zamanı, həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər.

 

Dövlət Yol Polisi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, sərnişin daşıma sahəsindəki normativ aktlar və qaydalara əsasən, ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalıdır. Qarajda nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmalıdır. Sürücülər isə hər gün reys qabağı tibbi müayinədən keçirilməlidirlər. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunu mütləq şəkildə təmin etməlidirlər.

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan və həmin qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …