Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanlı deputatlardan Gürcüstandakı erməni abidəsi ilə bağlı fərqli açıqlamalar

Azərbaycanlı deputatlardan Gürcüstandakı erməni abidəsi ilə bağlı fərqli açıqlamalar

Mahir Dərziyev: “Biz iqtidar partiyasıyıq və çıxıb küçədə sözümüzü demirik”; Azər Süleymanov: “Qısa bir vaxtda o abidə sökülməlidir”

Gürcüstanda Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulması ətrafında yaranan gərginlik səngimək bilmir. Fevralın 8-də büstün götürülməsi tələbi ilə Gürcüstan parlamentinin qarşısında soydaşlarımızın təşkil etdiyi aksiya müzakirələri daha da artırıb .

Müzakirələrin mərkəzi nöqtəsində isə Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar-Azər Süleymanov, Ruslan Hacıyev, Mahir Dərziyev və Savalan Mirzəyev dayanır. Müxalif “Vahid Milli Hərəkat” Partiyasının təmsilçisi A.Süleymanovdan başqa digər üç deputat sərt tənqidlərə məruz qalır, qınanır. Bu da səbəbsiz deyil. Belə ki, 8 fevral aksiyasında soydaşlarımız yanlarında yalnız A.Süleymanovu gördülər. Digər azərbaycanlı deputatların məlum mövqeləri daha çox onların hakim “Gürcü Arzusu” Partiyasının təmsilçiləri olmaları ilə əlaqələndirilir. Bu baxımdan hər üç deputatın aksiyaya qatılmamalarını anlayışla qarşılayanlar da az deyil. Onu da qeyd edək ki, M.Dərziyev, R.Hacıyev və S.Mirzəyev heç də separatçıya qoyulan büstlə bağlı susqun  mövqe sərgiləməyiblər. Əksinə, sərt şəkildə bəyanat yayaraq, öz mövqelərini bildiriblər. Lakin bu, insanlar üçün sanki yetərli olmayıb.

M.Dərziyev şəxsinə və digər iki deputat həmkarına yönəlik tənqidlərə, qınaqlara “Yeni Müsavat”da bu cür cavab verdi:“İstinadsız olaraq biz azərbaycanlı deputatlar kimi yetkin rəy nümayiş etdirdik. Hər 4 deputat büstün qoyulmasına etiraz edib. Bunu Gürcüstanın özünə qarşı xəyanət kimi qiymətləndirdik. Azərbaycanla münasibətlərə kimlərinsə zərbə vurmaq cəhdlərini qınamışıq. Əvvəlcədən müsahibələrimdə demişəm ki, kimlərsə bu məsələni siyasi müstəviyə çəkmək istəyir. Çalışırlar ki, məsələ ətrafında cəmiyyətdə bir gərginlik yaransın, qarşıdurma baş versin. Bu, daxili qüvvələrin, yəni Gürcüstan müxalifətinin marağındadır. Həmin müxalifət ki, prezident seçkilərində ağır məğlubiyyətə düçar oldu. Müxalifət bu cür hadisələrdən istifadə edərək 2020-ci il seçkilərinə hazırlaşmaq istəyir. Digər tərəfdən, may ayında aralıq seçkiləri, yəni yerli özünüidarəetmə orqanlarında mer seçkiləri baş tutacaq. Bundan əlavə, prezident seçilən Salome Zurabişvilinin yeri parlamentdə boşdur. Bu yerə də seçkilər mayda olacaq. Açıq şəkildə bildirirəm ki, burada məlum kampaniyanı aparan müxalifətdir.

Картинки по запросу Mahir Dərziyev

Aksiya baş tutan günü üç iqtidar deputatı, yəni bizlər bəyanat verdik. Bu bəyanatda birmənalı olaraq məlum hadisəni qınamışıq. Bildirmişik ki, bu, iqtidarın, partiyamızın mövqeyi deyil. Məsuliyyətin abidə qoyulan yerin idarəetmə orqanlarının üzərinə düşdüyünü bildirmişik. Bu, ayrı-ayrı məmurların özbaşınalığıdır. İstənilən halda biz qarşıdurmanın əleyhinəyik. Biz iqtidar partiyasıyıq və çıxıb küçədə sözümüzü demirik. Gürcüstanda çoxsaylı rəsmilər bu barədə çıxış ediblər, mövqelərini sərgiləyiblər. Bu çıxışlarda belə bir yetkin rəy formalaşdı ki, Gürcüstanın mənafeyinə uyğun iş deyil. Gələcəkdə çalışmaq lazımdır ki, bu cür hallar təkrarlanmasın. Gürcüstan tərəfdən açıq şəkildə bəyan edilib ki, Azərbaycanla münasibətlərə zərbə vurmaq üçün heç bir addım atılmaz. Kimsə səhv edibsə, onu islah etmək lazımdır. Gürcüstan çoxmillətli ölkədir. Burada millətlər arasında çoxdan formalaşan dostluq mühiti var. Gürcüstanda vəziyyətin gərginləşməsindən dövlət olaraq nə biz, nə də Azərbaycan qazanar. Bu gün bəzi xarici qüvvələrin Gürcüstanda gərginliyin olması marağındadır. Müəyyən xarici qüvvələrin oyununu oynamamalıyıq. Müxalifətdən olan insanların da səmimiyyətini bu məsələdə başa düşürəm. Aksiya keçirmək onların konstitusion hüququdur. İndi də sərbəst şəkildə toplaşıb sözlərini dedilər. Bizim təmsilçisi olduğumuz iqtidarın ünvanına sərt şəkildə ittihamların, tənqidlərin səsləndirildiyi bir aksiyada iştirakımız nə dərəcədə məntiqə uyğun olardı? Açığı, orada müəyyən provokasiya ehtimalları var idi. Bu gün sosial şəbəkələrdə bizə nəsə deyənlər aksiyada başqa provokasiyalar törədə bilərdilər. Bu da xoşagəlməz hal olardı. Aksiyada iştirak edənlərə təşəkkürümü bildirirəm. Onların dediklərini biz də deyirik. Bundan sonra vəziyyətin gərginləşməsi bizə heç nə verməz. Gürcüstan bizim evimiz, vətənimizdir. Burada əmin-amanlığın, sabitliyin olması bizim üçün çox önəmlidir. Siyasətdə populizm müəyyən məqamlarda məqbuldur. Amma milli, dini məsələlərdə populizm məqbul deyil. Bizlər ölkənin mənafeyinə hər hansı bir ziyan gətirəcək heç nəyi dəstəkləmirik. Son olaraq da demişik, bir dada deyirik, aksiyaların davamlı olacağı bildirilir. Biz bunun qəti şəkildə əleyhinəyik. Sosial şəbəkə istifadəçisi olmasam da, mənə dedilər ki, bir qrup gənc orada çağırış edib ki, bu hökumətdən heç nə çıxan deyil, gəlin gedək büstün boğazına kəndir salıb özümüz uçuraq. Bunun hansı nəticələr verə biləcəyini təsəvvür edirsinizmi? Bir gənc oğlan aprel döyüşləri zaman buradan sosial şəbəkələr üzərindən çağırış etmişdi ki, gəlin gedək Ermənistanın Gürcüstandakı səfirini girov götürək. Məhkəmə ona 4 il həbs cəzası verdi. Haqlı da bu cəzanı verdi. Çünki terrora çağırış idi. Tələbləri ağıllı şəkildə səsləndirmək lazımdır. Emosiyalara uymaq lazım deyil”.

Картинки по запросу Azər Süleymanov

Azər Süleymanov həmkarından fərqli olaraq sərt danışdı: “O deputatların hər biri ilə normal münasibətlərim var. Heç zaman istəməzdim ki, şəxsim tərəfindən onlar barədə hansısa bir fikir söylənilsin. Hər kəs özünə cavabdehdir. Azərbaycanlı olaraq çox istərdim ki, hər kəs o aksiyada iştirak edərdi, soydaşlarımıza dəstək olardı. O deputatlar bəyanat verdilər, üzərlərinə düşəni etdilər. Mən müxalif deputatam. Bu baxımdan onları da qınamıram. Çünki o büstün qoyulması onların təmsilçisi olduqları partiyanın iqtidarının işidir. Təsəvvür edin ki, Tiflisdəki Ermənistan səfiri əli azərbaycanlıların qanına batan birinin büstünün açılışında iştirak edir. Əgər bundan dövlətin xəbəri yoxdursa, vay bu dövlətin halına. Demək, burada dövlət yoxdur. Parlamentdə də demişəm, bir daha deyirəm ki, bunun arxasında duran dövlət özüdür. Ermənilərə heç nə demədilər, gözlərini yumdular.

”Gürcü Arzusu”nun deputatları gedib orada qırmızı lent kəsdilər. Azərbaycanlılar etiraz edəndən sonra mövqelər səslənməyə başladı. Dövlət rəsmisinin sözləri bu oldu ki, Azərbaycanla diplomatik yolla bu məsələni həll edəcəyik. Təsəvvür edin ki, büstün sökülməsi ilə bağlı bir kəlmə belə söz keçmədi. Azərbaycanın ən böyük investisiyası burada var. İki ölkə də strateji tərəfdaşdır. Qısa bir vaxtda o abidə sökülməlidir. Açığı, nələrinsə dəyişəcəyinə ümid etmirəm. Saxta profillərlə dövlətin adından statuslar yazmağa başladılar.

Dövlət bu və digər saxta saytlar vasitəsilə vaxt udmaq istəyir. Hökumətin büstü sökmək fikri yoxdur. Bizdə məlumat var idi ki, bizim aksiyadan sonra ermənilər də büst önündə aksiya keçirmək istəyiblər. 20 Yanvar faciəsi günü, dünya azərbaycanlıları bu faciəni qeyd etdiyi bir vaxtda “Gürcü Arzusu” bizlərə sürpriz etdi. Prezident seçkilərində biz azərbaycanlılardan 70% səs aldıq. Seçkilərdən sonra Salome Zurabişvili azərbaycanlılardan qisas almağa başlayıb. Büstün qoyulması daha çox bu səbəbdəndir. Azərbaycan dövlətindən məsələ ilə bağlı mövqe gözləyirik. Biz bu məsələni bu yerdə qoymayacağıq. Bütün dünyadakı azərbaycanlılar bu məsələ ilə bağlı kütləvi şəkildə aksiyalar keçirməlidir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …