Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanda ən çox hansı icra başçısından şikayət var – PA rəsmisi adları açıladı

Azərbaycanda ən çox hansı icra başçısından şikayət var – PA rəsmisi adları açıladı

2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə müqayisədə şikayətlərin faizi azalıb.

Mia.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqlayıb.

Onun sözlərinə görə, Prezident Administrasiyasına daxil olan müraciətlərin coğrafiyasının təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan artıb: “Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır.

2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olub.

Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir. Məhkəmə orqanlarının qəbul etdikləri qərarların icrası barədə müraciətlər hələ də az deyildir. 2018-ci ildə icrası təmin edilən işlərin sayı 450 mindən çox olub, dövlət büdcəsinə 1,1 milyard manatdan çox vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6775 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 446 şəxs barəsində cinayət işi başlanılıb. Eyni zamanda, 4885-ə yaxın şəxsin məhdudiyyəti məhkəmə qərarını icra etdiyinə görə götürülüb”.

S. İsmayılov bildirib ki, məhkəmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üçün görülən tədbirlər 2018-ci ildə də davam etdirilib: “Bununla belə, ötən il Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı artıb. Müraciətlərin sayının artmasını vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirmək olar. Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Həmçinin apellyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir”.

Şöbə müdiri vurğulayıb ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir: ” Bu baxımdan daxil olan şikayətlərin ətraflı təhlili hər bir şəhər və rayon, hər bir sahə üzrə araşdırılır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar. Ümumiyyətlə, 2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalıb. Bununla belə araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil edib. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …