Ana səhifə / Aktual / ASLAN İSMAYILOV, HƏTTA TÜRKİYƏ VƏTƏNDAŞI OLAN PULLU ERMƏNİ BELƏ, BİZİM ÜÇÜN TƏHLÜKƏLİDİR…

ASLAN İSMAYILOV, HƏTTA TÜRKİYƏ VƏTƏNDAŞI OLAN PULLU ERMƏNİ BELƏ, BİZİM ÜÇÜN TƏHLÜKƏLİDİR…

Yəqin ki, Aslan İsmayılov adlı bir vəkilin mövcudluğundan oxucularımızın məlumatı olmamış deyil. Dediyimiz persona yalnız vəkil olduğuna görə cəmiyyətdə yaxşı tanınmır. İnsafən demək lazımdır ki, diribaş, pul qazanmağı, səsli -küylü qalmaqallarda yer almağı və bunların müqabilində həm geniş reklam olunmağı, həm də yaxşı mənfətlə çıxmağı bacaran bir hüquqşunasdır. Son zamanlar nəzərə çarpır ki, Aslan İsmayılov sosial şəbəkələrin imkanlarından da geniş yararlanmağı bacarır. Əlinə gələn yaxşı qazancın cuzi bir hissəsini “Feysbuq”dakı səhifəsinin reklamına yönəltməklə özünə babat auditoriya yığıb. Öz adını daşıyan səhifədə siyasi məzmunlu sərt tənqidi çıxışlar etməklə auditoriyasını genişləndirməyi hədəfləyir. Etiraf edilməlidir ki, sosial şəbəkələrdə tənqidi çıxışlar ətrafında geniş auditoriya yığmaq daha asandır. Onda sual olunur: belə kütləvi tərəfdar toplamaq Aslan İsmayılovun nəyinə lazımdır? Axı, bu adam deyir ki, heç bir siyasi iddiası yoxdur. Əslində, bizim qanunların icazə verdiyi çərçivədə işini aparan Aslan İsmayılova virtual aləmdəki sərgüzəştləri ilə bağlı irad tutmaq fikrimiz də yoxdur. Ancaq son günlər yaşanan bəzi hadisələr bizi bu yöndə bir araşdırma aparmağa vadar etdi. Yəqin ki, hüquqşunas kimi Aslan İsmayılov özü də bizim buna tam haqqımızın və hüququmuzun olduğunu təsdiqləmiş olar.

asl
Bir neçə gün ərzində apardığımız müşahidələr onu deməyə əsas verir ki, sən demə, vəkil “Feysbuka” elə-belə pul xərcləmirmiş. Qalmaqallı işlərdə böyük pulların olduğunu bilən vəkil, tam əmindir ki, belə işlərdə media presinqinin əhəmiyyətli rolu olur. Aslan İsmayılov bütün işlərində bu üsüllardan məharətlə istifadə edib. Sosial şəbəkələrin olmayan vaxtında çoxtirajı qəzetlər vasitəsilə anoloji fəaliyyətini aparıb. Buna xüsusi bir bacarıq kimi də yanaşmaq olar. Çünki dünyanın əksər tanınmış vəkilləri bu cür taktikadan istifadə edir. Ancaq onlar əsl niyyətlərinin nə olduğunu heç vaxt gizlətmirlər. Hətta aldıqları yüksək məbləğdəki qonorarlar barədə cəmiyyətə şəfaf şəkildə bilgi verirlər. Siz heç Aslan İsmayılovun dilindən nə qədər qonorar aldığı ilə bağlı etiraf eşidibsiniz? Biz belə hala rast gəlməmişik. Hər zaman bizi belə bir sual maraqlandırıb: niyə tanınmış vəkil daha çox pullu adamların müdafiəsində görünür? Başa düşürük ki, bu, onun haqqıdır, kimi istəyir müdafiə edə bilər. Ancaq Aslan İsmayılov özünün dediyi kimi görünmək üçün, heç olmasa arada hansısa kasıb ictimai fəalın və ya həbsdə olan jurnalistin də müdafiəsində qatılmalıdır ki, xalq onun əzabkeşliyinə inana bilsin. Vəkil bu qınağa o qədər də əhəmiyyət vermədiyi üçün, başını salıb aşağı, pul qazanmaqla məşğuldur. Hətta vəziyyət o yerə çatıb ki, məsələ gəlib ən incə və həsas məqamlara dayananda belə, Aslan İsmayılov geri çəkilmir, hücuma keçir, hətta onun istəyinə uyğun fəaliyyət göstərməyən KİV-ləri reketlikdə ittiham edir. Bizi bu mövzuya toxunmağa vadar edən səbəb Azərbaycanın quşçuluq müəssisələrilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqlarının olduğu ilə bağlı yayılan xəbərlər və həmin şirkətin müdafiəçisi qismində Aslan İsmayılovun meydana atılması oldu.
Çox maraqlıdır ki, Aslan İsmayılov mediada gedən araşdırmalardan sonra, bir az əvvəl dediyimiz “Feysbuq”da yığdığı “arsenalı” işə salaraq, həmin araşdırmanı aparan KİV-i reketlikdə ittiham etməklə, onlar barədə geniş müzakirə açmağa başladı. Hər halda, Aslan İsmayılov reketlik əməlinin nə olduğunu yaxşı bilən adamdır. Bilməmiş deyil ki, sübut olmadan hansısa sayt barədə belə ifadənin işlədilməsi və həmin ittihamın sübut olunmaması onun üçün gələcəkdə hüquqi məsuliyyət də yarada bilər. Ən maraqlısı isə budur ki, biz vaxtilə Aslan İsmayılovu hazırda reketlikdə ittiham etdiyi saytın reklam etdiyi ulduzlar sırasında görmüşük.

 

reket

 

Sayt vəkilin ittihamına belə cavab verib:

“O, saytımızın baş redaktoru Elnur Məhərrəmliyə zəng edərək, dayanmadan Mürvət Həsənov adlı şəxsi təhqir etməyə başlayıb və bundan sonra xahiş edib ki, bu mövzu ilə bağlı “Facebook”da yazdığı yazı ilə tanış olsun və onu qarşı tərəfin mövqeyi kimi qəbul edərək işıqlandırsın. Lakin yazı ilə tanışlıq zamanı məlum olub ki, A.İsmayılov “AzPolitika”nın qaldırdığı əsas məsələnin – erməni səhmdarlar məsələsinin üstündən sükutla keçərək, öz yazısını Mürvət Həsənovla “Emre Piliç” şirkətinin çəkişməsinə həsr edib, M.Həsənovu təhqir edib, üstəlik bir çox faktları da təhrif edib. Məsələn, “Emre Piliç” şirkətinin 30 faiz səhminin Oskayan və Bozaçıyan adlı ermənilərə məxsus olduğu rəsmi sənədlərlə sübut olunduğu halda, A.İsmayılov guya cəmi 5 faizin erməni Bozaçıyana məxsus olduğunu, türklərin də bu hissəni aldıqlarını, ancaq bu arada Bazaçıyan komaya düşdüyündən alqı-satqını rəsmiləşdirə bilmədiklərini deyib. Bundan sonra A.İsmayılov brifinq keçirib və “Emre Piliç”lə məhkəmə çəkişməsində olan Mürvət Həsənova qarşı ittihamlar yağdırıb. A.İsmayılovun bu ittihamları bir neçə populyar saytda, o cümlədən azadlıq.info və musavat.com kimi çoxtirajlı saytlarda qarşı tərəfin mövqeyi olmadan yayımlanıb.
Lakin “AzPolitika” A.İsmayılovun musavat.com-dakı yazıda və özünün “Facebook” statusunda əks olunmuş ittihamlarını verməklə yanaşı, qarşı tərəfə – Mürvət Həsənova da özünü müdafiə etmək haqqını tanıyıb. Yəni sadəcə olaraq, “KİV Haqqında” Qanunun tələblərinə əməl edib. M.Həsənov isə təbii olaraq, vəkilin ittihamlarına cavab verib və üstəlik əks-hücuma da keçib. Məsələn, deyib ki, A.İsmayılov özü barəsində fövqəladə mötəbər bir şəxs təsəvvürünü yaratmaq üçün ona deyibmiş ki, Corc Soros onu və Mixail Saakaşvilini ABŞ-da oxutdurub ki, onları prezident eləsin, indiyədək 3 dəfə prezident olmaq şansı olub, 2013-cü ildə guya Rusiyadakı milyarderlər ona vahid namizəd olmaq üçün yalvarıb, istəsə prezident ola bilər və sairə”.
Yalnız bundan sonra, Aslan İsmayılov bir vaxtlar ulduzuna çevrildiyi saytı reketlikdə ittiham etməyə başlayıb. Çox maraqlıdır ki, Aslan İsmayılov səhmlərinin 30 faizinə ermənilərin nəzarət etdiyi şirkətlə bağlı müzakirələrə iş adamı, “Xəmsə” restoranının sahibi Mürvət Həsənovu qatmaqla məsələni tamamilə başqa rakursa yönəltməyə başlayıb. Vəkil sözügedən biznesmeni keçmiş MTN rəhbərliyi ilə yaxın münasibətdə olmaqda, bəzi insanları tutdurmaqda ittiham edib, onun 12 kirvəsi olduğunu deyib. Tam səmimiyətilə deyə bilərik ki, bizim Mürvət Həsənovla heç bir münasibətimiz yoxdur. Hətta bir az da obrazlı desək, müəyyən məsələlərə görə, aramızdakı münasibət olduqca gərgindir. Ancaq Aslan İsmayılovun bütün kəskin fikirlərinə daima tribuna verən sayt olmuşuq. Bunu sytımızın arxivinə nəzər yetirməklə təsdiqini tapmaq olar. Bəri başdan bunu deyirik ki, Aslan İsmayılov bizi də kiməsə işləməkdə ittiham etməsin.
Azinforum.az saytı olaraq bizim mövqeyimiz bundan ibarətdir ki, erməninin pisi və ya yaxşısı ola bilməz. Onlar bizimlə bütün istiqamətlərdə mübarizə aparırlar. Xüsusilə də, dünyanın müxtəlif ölkələrində olan erməni əsilli pullu biznesmenlər Ermənistanın torpaqlarımızı işğal etməsinə haqq qazandırmaqda öz ölkələrinə yaxından lobbiçilik edirlər. Bizim anlamımızda ilanın qarası da, ağı da birdir. Şəxsən biz tanımış vəkil olan Aslan İsmayılova “Türkiyə şirkətidir, ermənilərin səhmlərinin faizi azdır” arqumentlərini gətirməklə erməni iş adamlarının təmsil olunduğu şirkəti müdafiə etməyi yaraşdırmırıq.
Biz Aslan İsmayılovu daima ermənilərə qarşı mübarizə aparan bir vəkil kimi tanımışıq. Çünki vəkilin özü barədə apardığı təbliğatda Sumqayıt hadisələri xüsusi yer tutur. Ancaq internetdə bu istiqamətdə araşdırma apararkən, maraqlı bir məlumatla rastlaşdıq və bu bizi dərindən təəccübləndirdi. Bir neçə il bundan əvvəl rəsmi qəzetlərdən birində dərc edilən məqalədə Sumqayıt hadisələrinə verilən hüquqi qiymət zamanı Aslan İsmayılovun hansı mövqeni sərgilədiyi ortaya qoyulub. Sumqayıt hadisələri barədə cinayət işinə baxmış hakim Mansur İbayev tanınmış vəkil Aslan İsmayılovun “Yeni Müsavat” qəzetində dərc edilmiş açıqlaması ilə bağlı “Xalq Qəzeti”nin 14 mart 2010-cu il tarixli sayında “Aslan İsmayılov öz günahlarını ört-basdır etmək üçün şantaja əl atır” başlıqlı məqalə ilə çıxış edib. Qeyd edək ki, Sumqayıt hadisələri ilə bağlı cinayət işinə Aslan İsmayılovun dövlət ittihamçısı qismində iştirakı və Mansur İbayevin hakimliyilə baxılıb. Aslan İsmayılovun açıqlamasına görə, Mansur İbayev Sumqayıt hadisələrinə görə, cinayət məsuliyyətinə cəlb edilmiş Azərbaycan vətəndaşlarına ağır cəza verməklə ermənilərə dəstək verib. Mansur İbayev isə məqaləsində barəsində yazılanları tamamilə yalan-uydurma adlandırıb:

 

s

“Gəlin kimin ermənilərə dəstək verməsini küçə söhbətlərilə deyil, iş materialları əsasında rəsmi sənədlər və faktlarla müəyyən edək. İlk növbədə, Aslan İsmayılovun həmin işdə keçən azərbaycanlılara tələb etdiyi cəzanı diqqətə çatdıraq. Onda kimin ermənilərə dəstək verməsi tam aydın olacaq. İşin məhkəmə baxışının yekununda Aslan İsmayılov ittiham nitqində işdə keçən azərbaycanlılardan Vaqif Hüseynovu AR CM-nin 72-ci maddəsi, 94-cü maddəsinin, 2,6,7-ci bəndləri, 15,94-cü maddənin 2,8-ci bəndləri, 144-cü maddənin 3-cü hissəsi və 67-ci maddə ilə, yəni kütləvi iğtişaş, xuliqanlıq niyyətilə xüsusi amansızlıqla, zorlamaqla əlaqədar adamöldürmə, soyğunçuluq, xuliqanlıq niyyətilə, xüsusi təhlükəli residivist tərəfindən adam öldürməyə cəhd, milli və irqi hüquq bərabərliyini pozmaqda təqsirli bilib ölüm cəzasına – güllələnməyə məhkum edilməsini tələb etmişdi. Məhkəmə isə Vaqif Hüseynovu Cinayət Məcəlləsinin 72 və 144-cü maddənin 3-cü hissəsilə kütləvi iğtişaş və soyğunçuluqda təqsirli bilib 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Buyurun hörmətli oxucular. Aslan İsmayılovun Sumqayıt hadisələrilə bağlı azərbaycanlılara olan mövqeyini, ermənilərə dəstək verməsini özünüz mühakimə edin”.

M.İbayev yazır ki, A.İsmayılov iş üzrə təqsirli bilinən digər şəxslərə – Nadir Nəcəfov, Nizami Səfərov və Əfsər İsayevi Cinayət Məcəlləsinin 94-cü məddəsinin 2,6,7-ci bəndlərilə təqsirli bilib ittiham edib. Məhkəmə isə bu ittihamları əlavə ibtidai istintaqa qaytarıb:

“Sumqayıt hadisəsinin təşkili və təşkilatçıları ermənilər olduğu halda, bunu ört-basdır edib, etmədikləri cinayətləri də yuxarıda göstərilən azərbaycanlıların üzərinə qoyub onlara ədalətsiz, qəddarlıqla ağır cəzalar tələb etmək Aslan İsmayılovun ermənilərə dəstək verməsi deyilmi”?

M.İbayev Sumqayıt hadisələrinin ermənilərin özləri tərəfindən törədildiyini bildirərək əlavə edir ki, o dövrdə istintaq həmin hadisələrdə əli olmuş ermənilərin barəsində nədənsə cinayət işi qaldırmayıb.
Aslan İsmayılov M.İbayevin məqaləsində barəsində yazılanların yalan olduğunu bildirib:

“Mansur İbayevin mənimlə bağlı məqələsilə əlaqədar olaraq yaxın günlərdə mətbuata geniş açıqlama verəcəm. Məqalədə göstərilənlər yalan olmaqla bərabər çox ciddidir”.

 

as
Aslan İsmayılovun bu qlamaqal fonunda işlətdiyi bir ifadədə diqqətimizi çəlb etdi. Vəkil öz səhifəsində iş adamı Mürvət Həsənlinin qalmaqalı şirkətin nümayəndəsilə onun ofisində bağlanan müqaviləni əks etdirən videogörüntüyə belə bir şərh yazıb: “ Baxın, Mürvət Həsənli ofisimdə az qala dizlərini yerə qoyub yalvarırdı” . Birincisi, biz nümayiş olunan kadrlarda deyilən səhnəyə rast gəlmədik. İkincisi, hətta belə hadisə olsa belə, vəkil bunu kriminal jarqon tonunda cəmiyyətə çatdırmamalıdır. Çünki hüquqda “na koleni” oturmaq və ya otuzdurmaq kimi terminlərdən istifadə olunmur…

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın