Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Aktual / Abutalıbov “qara çörək yeyənləri” müdafiə etdi və sərt danışdı

Abutalıbov “qara çörək yeyənləri” müdafiə etdi və sərt danışdı

Baş nazirin müavini: “Qara çörəyi yeyənləri düşünmürsüz, dayandırın yığılan pulları…”

Bir neçə gündür ki, yük avtomobillərinin sürücülərinin cərimələnməsi məsələsi geniş müzakirələrə səbəb olub. Belə ki, yayılan məlumatlara görə, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olarkən radara düşürlər və nəticədə 40 manat cərimələnirlər. Çünki qaydalara görə, onların saat 8-dən 22-yə qədər şəhərə buraxılması qadağandır.

Cərimələnən sürücülər etiraz əlaməti olaraq Dərnəgül yolunda aksiya keçirib, yolu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə baş nazirin müavini Hacıbala Abutalıbov yollanıb. Həvəskar çəkilişindən belə aydın olur ki, Abutalıbov problemin həlli üçün xeyli çalışır. Belə ki, o, sürücülərin qarşısında kiməsə zəng edərək  aşağıdakıları bildirir: “Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən (baş nazirin sabiq müavini nəzərdə tutulur-red)  protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrı-seçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm”.

Bir qədər sonra Abutalıbov yenidən kiminləsə telefon əlaqəsinə çıxır. Hacıbala Abutalıbovun “qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz” sözləri narazı sürücülərin alqışları ilə qarşılanır. Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib:

“Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Hamını yığıb, bir-bir danışacam. Ümumi qərar qəbul edək, ondan sonra. Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa (7-red) . Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq”.

Sürücülərə bildirilib ki, noyabrın 2-də onların problemləri ilə bağlı yenidən toplanacaqlar.

Məsələ ilə bağlı “Xəzər” telekanalına açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərə güzəşt edilib. Lakin bu güzəştlər 31 oktyabra qədər nəzərdə tutulub. Onun sözlərindən belə aydın olur ki, bu tarixə qədər günün pik saatlarında paytaxta daxil olduqları üçün cərimələnən sürücülər barədə tətbiq edilən təxminən 200-ə yaxın protokol ləğv ediləcək. Bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verib.

Kamran Əliyev ile ilgili görsel sonucu

Kamran Əliyev bildirib ki, oktyabrın 31-dən sonra heç bir sürücüyə güzəşt olunmayacaq: “Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozuntularına texniki vasitələrlə də nəzarət gücləndirilib”.

Xatırladaq ki, 2015-ci ildə Nazirlər Kabinetinin ‘’Yol Hərəkəti Komissiyası’’nın qərarı ilə kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7:30-dan 21:00-a qədər paytaxta girişi qadağan edilib. Qaydaların tətbiqində müəyyən istisnalar da var. Belə ki, kənd təsərrüfatı malları gətirən nəqliyyat vasitələrinə bu qadağa tətbiq edilmir.

Ekspert Ərşad Hüseynov ile ilgili görsel sonucu

Ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a bildirib ki, əslində bu, çox ciddi məsələdir:  “Məlumatlardan belə aydın olur ki, cərimələri ”Yük avtomobillərinin hərəkəti qadağandır” nişanının tələbini pozmaya görə yazırlar. Prezidentin 1 fevral 2006-cı il № 1255 Sərəncamını və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə məlum qərarını da nəzərə alsaq, bu  nişanı icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla (üstündə “5 t” yazılmaqla) və qadağan olunmuş müddət də (8.00-21.00, 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücüləri cərimələnə bilər. Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz.

Ayrıca bir problem də bu məhdudiyyətin hamıya aid olmaması, kimlərinsə ürəyi istədiyi vaxt şəhərdə hərəkət edə bilməsidir.  Problemin həll olunması, açığı, asan məsələ deyil. Onların şəhərə girişini tam olaraq qadağan etmək də olmaz. Çünki tikintisi gedən dövlət obyektləri var. Belə hesab edirəm ki, bu maşınlara xüsusi marşrutlarla buraxılış verilə bilər. Ancaq təəssüf ki, kimə buraxılış verilə bilər, hansı əsasla bu verilməlidir kimi məsələlər qanunvercilikdə tənzimlənməyib. Bunu mütləq qanunverciliyə gətirmək lazımdır. Mübahisə doğura biləcək məqamlar tam həll olunmamış, bunu kütləvi şəkildə tətbiq etsələr, ciddi mübahisələr yaranacaq. Camaat da haqlı olaraq irad bildirir ki, niyə filan şirkətin avtomobilləri şəhərdə sağa-sola şütüyürlər, amma bizə cərimə və qadağa var…”

VIPedu.BIZ

Həmçinin oxuyun

Döyülən direktorla bağlı növbəti açıqlama – Nazir nəzarətə götürdü

Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyor Rza Rzayevin 175 nömrəli tam orta məktəbin direktoru Tural …