171 saylı məktəbdən Azərə cavab: ““Çəkiliş qrupu”… vahiməyə səbəb olmuşdur”

16:53 | 11.01.2017
802 dəfə oxundu

Xəbər verdiyimiz kimi, ATV telekanalının “Yoxlama” verilişinin çəkiliş qrupu Xətai rayonundakı 171 saylı məktəbdə qalmaqala səbəb olub. Məktəb rəhbərliyi telekanalı ittiham etsə də, teleakanal rəhbərliyi səsləndirilən fikirləri qəbul etməyib. “Yoxlama”nın aparıcısı Azər İsmayılov isə Musavat.com saytına açıqlama verərək bildirib ki, bütün bunlar layihəni ləkələmək üçündür:
“Sözügedən məktəbdə antisanitariya var idi, biz də çəkdik. Deyirlər ki, oraya 12 nəfərlə getmişik. Yalandır. 3 operator, bir mən, bir də mühafizəçi olub. Mühafizəçini dava-dalaş üçün aparmırıq. O, bizim təhlükəsizliyimizi qorumaq üçün yanımızdadır. 3 məktəbdə olduq, hamısında vəziyyət eyni idi. Biz o məkanlara şikayət əsasında getmişik. 171 nömrəli məktəbdə dərs zamanı idi, amma məktəbi səs-küy bürümüşdü. Bizə dedilər ki, tənəffüsdür. Amma otağın şüşəsi qırıq qapısından baxıb gördüm ki, əslində dərsdir. Deyirlər ki, mən məktəbliyə əl qaldırmışam. Şamaxıda bizə hücum olanda mən heç kimə əl qaldırmadım. Əgər orada sakit qala bilmişəmsə, uşağa necə əl qaldıra bilərəm?”
171 saylı məktəbdən ATV-nin aparıcısının fikirlərinə münasibət bildirilib. Məktəbin direktoru  Telman Qardaşovun Musavat.com saytına ünvanladığı məktubda bildirilir ki, A. İsmayılov hadisəni bütövlükdə özünün mənafeyi naminə şərh edib:
“Teleaparıcı Azər İsmayılov ATV-də yayımlanan “Yoxlama” verilişinin Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə çəkiliş etdiyi zaman yaşanan qalmaqaldan danışıb və  hadisəni bütövlükdə özünün mənafeyi naminə şərh etmişdir.
171 nömrəli tam orta məktəbin rəhbərliyi olaraq bildiririk ki, 06 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 (on iki) nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” adlanan verilişin aparıcısı Azər adlı birisi, onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağsifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itələyərək məktəbə daxil olmuş, təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaratmış, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmışlar. Onlar məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməmiş, özlərini sözün həqiqi mənasında qoçu kimi aparmışlar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilmiş, ələ salma tipli suallar verilmiş, qeyri-etik ifadələrlə onların hissiyyatına toxunmuşlar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparmışlar. Bütün bunlar ciddi narahatçılıq yaratmış, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olmuşdur. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olmuşdur ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6e sinif şagirdini kobudcasına itələyərək yıxmış və ona xəsarət yetirmişdir. Məlumat üçün bildirək ki, hazırda məktəbin dörddə-üç hissəsində Təhsil Nazirliyi tərəfindən əsaslı tikinti işləri aparıldığından məktəb üçnövbəli rejimdə işləyir.
171 saylı məktəbin rəhbərliyi deyilənlərə əlavə olaraq bildirir ki, “Yoxlama” verilişinin aparıcısı Azər öz nöqsanlarını “Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” pafoslu ifadə ilə pərdələmək istəyir.
Təbii sual meydana çıxır ki, bunun üçün yuxarıda sadalananları etmək lazım idimi? Aparıcı Azərin əlində artıq çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin makiyajını, geyimini, xarici görkəminin və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin yoxlanması səlahiyyətini ona kim vermiş və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı? “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun bu səlahiyyətləri Azərə və onun komandasına veribmi? Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən “Yoxlama” verilişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun komandası qoyulan bu suallara cavab versin. Bu çəkilişi daha mədəni, daha səviyyəli, daha sivil formada, KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən qeyd olunan bu cür neqativ hərəkətlərin yol vermədən etmək olmazdımı? Onda məktəb rəhbərliyi olaraq bu çəkiliş üçün lazımi şərait yaradılacaqdı.
Yekunda bildirək ki, heç kimə sirr deyildir ki, məktəblərin müxtəlif meyarlar üzrə yoxlanması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir”.
 Qeyd edək ki,  Azad Azərbaycan Teleradio Yayım Kompaniyası tərəfindən mətbuata göndərilən açıqlamada bildirilib ki, telekanalda yayımlanan “Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır:
“Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil.
Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi”.
P.S. Qeyd edək ki, 171 saylı məktəbdən göndərilən mətn olduğu kimi saxlanılıb, Ona görə də mətnin təhkiyəsinə, öz sıralamasına və sözlərin düzgün-yanlış yazılışına görə məsuliyyəti məktubu yazanlar daşıyır.